Əsas Səhifə > Təhsil > Soyqırımı, yoxsa falsifikasiya?

Soyqırımı, yoxsa falsifikasiya?


29-04-2021, 18:47


Bildiyimiz kimi, aprel ayının 24-də qondarma "erməni soyqırımı”nın 106-cı ildönümü ilə əlaqədar müraciətində ABŞ prezidenti Co Bayden 1915-ci ildə baş verən hadisələri "soyqırımı” kimi tanıdığını elan etdi. Bununla, müttəfiq olan, bir hərbi blokda yer alan ABŞ ilə Türkiyə arasında sərinlik yaranacağı şübhəsizdir. ABŞ prezidenti həm də, seçkiqabağı erməni seçicilərə verdiyi sözü bir növ tutmuş oldu. Bəs doğrudan da, "soyqırımı” olubmu? Bunun üçün tarixə kiçik bir nəzər salmaq lazımdır.

İlk olaraq, onu qeyd etmək lazımdır ki, hadisələrin başlanğıcı kimi 250 nəfər erməni "aydının" və komitə rəhbərlərinin İstanbuldan Ankaraya sürgün edildiyi və son nəticədə çoxunun qətlə yetirildiyi 24 aprel 1915-ci il tarixi göstərilir. Lakin hadisənin kökləri lap əvvələ, XIX əsrin sonlarına gedib çıxır.

Çoxmillətli Osmanlı imperiyasında yüzlərlə xalq yaşayırdı və onların yaşayıb-yaratması üçün heç bir ayrı-seçkilik yox idi. Həmçinin hökumətdə onlarla erməni nazir təmsil olunurdu. Lakin daim imperialist qüvvələrin maşasına çevrilən ermənilər (o cümlədən yunanlar) ölkənin müxtəlif bölgələrində üsyanlar çıxarmağa başladılar. Xüsusilə, 1878-ci ildən Anadolunun şərq hissəsi (Qars, Ərdahan və s.) rus işğalı altında olduğundan burada məskunlaşmış ermənilər xəyanətlə, casusluqla məşğul idilər.

Bunun qarşısını almaq üçün təbii ki, dövlət müvafiq tədbirlər görməli idi. Bu məqsədlə, ermənilərin kompakt yaşadığı yerlərdən köçürmək, həmçinin pozuculuq və casusluq fəaliyyəti ilə məşğul olan erməni fəalları cəzalandırmaq məqsədilə 25 may 1915-ci ildə "Köç” ("Tehcir”) qərarı verildi. Bu əsnada Suriya çöllərinə köçürülən ermənilər arasında təbii olaraq, ölənlər və yaralananlar olmuşdu.

Bu məsələni əldə bayraq tutaraq, illərdir dünyaya car çəkən ermənilərdən bir nəfər soruşmur ki, bəs sizlərin Anadolu torpaqlarında, Cənubi Azərbaycanda, Zəngəzurda, İrəvanda yerli türklərin başına açdığınız oyunlara nə ad vermək olar?! Təbii ki, illərdir qarşılaşdığımız "ikili standartlar” burda da özünü göstərir. Və bu hadisəyə "soyqırımı” adını vermək nə dərəcədə doğrudur, bu da qaranlıq olaraq qalır.

Erməni soyqırımı hadisələrindən təsirlənən Rafael Lemkin "soyqırım" terminini 1943-cü ildə kəşf etmişdir; sonradan o fikirlərini izah edərək deyirdi "bu o qədər çox baş verib…Ermənilərin başına gəlib, bundan sonra isə Hitler hərəkətə keçib". Amma hər hansı məhkəmə qərarı olmadan törədilmiş hadisəyə "soyqırımı” adı vermək düzgün deyil. Ən azından Avropa İnsan Haqları Məhkəməsinin qərarı olmalıdır. Bunun üçün isə hər iki tərəfdən, hətta üçüncü ölkələrdən olan tarixçilərin iştirakı ilə geniş araşdırma aparılmalıdır. Bunun üçün arxivlər açılmalıdır, hansı ki, Türkiyə tərəfi daim bu məsələni qabardır. Təəssüf ki, eyni addım Ermənistan tərəfindən atılmır. Tarixçilərin də iştirakı ilə araşdırmalar başa çatdıqdan sonra toplanan materiallar məhkəməyə verilməli və aidiyyatı qərar çıxarılmalıdır. Təbii ki, ədalətin olmadığı bu dünyadan bunları gözləmək sadəlövhlük olar. 30 il əvvəl törədilmiş Xocalı qətliamını qulaqardına vuran zehniyyat üçün 106 il əvvəl törədilmiş hərəkət yalnız siyasi məqsədlər naminə daha vacibdir.

Bu hadisəyə o vaxt doğrudan da, "soyqırımı” adını vermək düzgün olardı ki, Osmanlı hökuməti bu qərarı sırf milli qırğın həyata keçirmək fikri ilə vermiş olardı. Fakt isə odur ki, ortada dövlətin vətəndaşları olan ermənilərin xəyanəti və xəyanətkarların cəzalandırılması var.

ABŞ prezidentinin "tanıması” isə tarixin səhvlərindəndir. Bu, nə Türkiyə dövlətini sarsıdası, nə türklərin qürurunu sındırası deyil. ABŞ və onun kimi digər imperialistlər isə gərək ilk öncə öz qaranlıq keçmişlərinə baxsınlar. Tarix nə ABŞ-ın yerli hindlilərin başına açdıqları oyunları, nə Fransanın Afrikada (Əlcəzairdə) törədikləri qətliamları, nə Rusiyanın Qafqazda, Krımda, Türküstanda yerli əhaliyə qarşı həyata keçirdiyi soyqırımları unutmur. Bir gün bunların da cavabını soran tapılacaq.

Bu məsələdə də dövlətimiz və xalqımız daim qardaş Türkiyənin yanındadır. Bu mövqe mütəmadi olaraq, cənab Prezident tərəfindən səsləndirilir. Həmçinin vətəndaş cəmiyyəti nümayəndələri, siyasi partiyalar (48 siyasi partiya) hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma "erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir.

Tükəzban SÜLEYMANOVA,

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi, "Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri


Geri qayıt