Vətən müharibəsinin ilk qazaxlı şəhidi gizir Elvin Orucovun əziz xatirəsi təhsil aldığı məktəbdə yad edilib
Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------- Azərbaycanın
Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad
olunmasında, işğalçı düşmənin torpaqlarımızdan qovulmasında qəhrəmancasına şəhid
olan igid oğullarımızdan biri də gizir Orucov Elvin Rövşən oğludur. İkinci Qarabağ müharibəsində Qazaxın ilk şəhidi olan Elvin Orucovun əziz xatirəsi
təhsil aldığı İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə də
anılıb. Şəhidimizin vaxtilə oxuduğu sinif otağını şəkilləri
və üçrəngli Azərbaycan bayrağı bəzəyib. oturduğu partaya tər qərənfillər
düzülüb. Qazax Rayon İcra Hakimiyyəti
başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Gülnar Quluyevanın, Rayon Təhsil Şöbəsinin
müdir müavini Əziz Məmmədovun, şəhidimizin
valideyninin, ibtidai sinif müəlliminin, sinif rəhbərinin və məktəblilərin iştirak
etdiyi tədbirdə şəhidimizə həsr olunmuş şeirlər səslənib, əziz xatirəsi dərin
ehtiramla yad olunub. İgid Vətən oğlunun orta məktəb illərinə, döyüş
yoluna nəzər salınıb, şəhidimiz haqqında olan xoş xatirələr şagirdlərə
çatdırılıb.
Tədbirdə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə
payı olan Elvin kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyi
bildirilib. 44 günlük savaşda bizlərə
şanlı Qələbəni bəxş edən şəhidlərimizə, yaralı qazilərimizə bir ömür boyu
borclu olduğumuz söylənilib. Vətən uğrunda canından keçən şəhidlərimizin Vətən,
torpaq naminə göstərdikləri qəhrəmanlıqların məktəblilər üçün nümunə olduğu, gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu
öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür anım tədbirlərinin böyük rolu
olduğu qeyd edilib. Məktəb direktoru Ruslan Rzayev və müəllimlər məktəbin
yetirməsi olan Elvin kimi oğullarımızla fəxr etdiklərini, şəhidlərimizin
valideynləri qarşısında baş əydiklərini bildiriblər. Şəhidlərimizin xatirəsinin
hər zaman əziz tutulacağını, onların daim qəlblərdə yaşayacaqlarını söyləyiblər. Şəhidimizinanası Səidə Orucova övladına göstərilən diqqət və qayğıya görə
ölkə başçısı İlham Əliyev başda olmaqla, rayon rəhbərliyinə minnətdarlığını
bildirib. Pandemiya və müharibədən sonra məktəblərdə keçirilən ilk dərsin övladına,
eləcə də Vətən müharibəsi şəhidlərinə həsr olunmasını yüksək qiymətləndirib. Bu
tədbirin təşəbbüskarı olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşova təşəkkür edib. Bugünkü anım tədbirini rayon rəhbərliyinin şəhidlərimizə
olan növbəti qayğısı kimi dəyərləndirib. Övladının daim qəlblərdə yaşaması üçün
bu cür anım tədbirlərini təşkil edən və əməyi keçən hər kəsə razılığını ifadə
edib. Sonda məktəblilər şəhidlərimizə həsr olunmuş şeirlər
söyləyərək onlara olan ehtiramlarını bildiriblər. Gizir Orucov Elvin Rövşən oğlu Gizir Elvin Orucov 18 dekabr 1991-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1999-cu ildə Rusiya
Federasiyasının Nijniy Novqorod şəhərində orta məktəbin 1-ci
sinfinə getmişdir. Təhsilini 2005-ci ildən İsmət Qayıbov adına Qazax şəhər 3
nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini
bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə
çağırılmışdır. 2012-ci ildə hərbi xidməti başa vurmuşdur. Həmin il 6 aylıq kurs
keçərək 2013-cü ildə Füzuli rayonunun Əhmədbəyli kəndində gizir rütbəsində xidmətə başlamışdır. Aprel döyüşlərində iştirak
etmişdir. 27.09.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocəvənd rayonları istiqamətində
gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizir Elvin Orucov 28.09.2020-ci
ildə şəhərdəki Şəhidlər
qəbiristanlığında izdihamla dəfn edilmişdir. Gizirimiz ailəliydi. İki azyaşlı - Emil
adlı oğul, Elay adlı qız övladı yadigar qalıb. Bütün şəhidlərimiz kimi Elvin
Orucovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib.
Orden və medallarla təltif olunan şəhidlərimizin arasında şəhid gizirimizin də
adı var. E.Orucov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Vətən
uğrunda canından keçən şəhidlərimizi yad etmək hər birimizin vətəndaşlıq borcu,
ən ümdə vəzifəsi olmalıdır. Şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad
edir, ailəsinə və yaxınlarına bir daha səbir diləyirik. Ruhu qarşısında baş əyirik. GOYEZEN.AZ
Azərbaycanın haqq savaşı, Vətən müharibəsi sentyabrın 27-dən başladı və 10 noyabrda böyük tarixi
Qələbə ilə başa çatdı. Bu, elə bir tarixi Qələbə oldu ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi altında biz xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu
nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə,
azad etdikləri yaşayış məntəqələri ilə bütün dünyaya dövlətimizin gücünü,
qüdrətini bir daha nümayiş etdirmiş olduq. Bu gün hər birimiz ölkə
vətəndaşı olaraq bizlərə 44 günlük haqq
savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən
şəhidlərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə
bir ömür boyu minnətdarıq.
Facebook-da paylaş