Əsas Səhifə > Təhsil > Vətən müharibəsinin ilk qazaxlı şəhidi gizir Elvin Orucovun əziz xatirəsi təhsil aldığı məktəbdə yad edilib
Vətən müharibəsinin ilk qazaxlı şəhidi gizir Elvin Orucovun əziz xatirəsi təhsil aldığı məktəbdə yad edilib15-02-2021, 21:00 |
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------
Azərbaycanın haqq savaşı, Vətən müharibəsi sentyabrın 27-dən başladı və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Bu, elə bir tarixi Qələbə oldu ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında biz xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirmiş olduq. Bu gün hər birimiz ölkə vətəndaşı olaraq bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şəhidlərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə bir ömür boyu minnətdarıq.Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında, işğalçı düşmənin torpaqlarımızdan qovulmasında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də gizir Orucov Elvin Rövşən oğludur. İkinci Qarabağ müharibəsində Qazaxın ilk şəhidi olan Elvin Orucovun əziz xatirəsi təhsil aldığı İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə də anılıb. Şəhidimizin vaxtilə oxuduğu sinif otağını şəkilləri və üçrəngli Azərbaycan bayrağı bəzəyib. oturduğu partaya tər qərənfillər düzülüb. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın, Rayon Təhsil Şöbəsinin müdir müavini Əziz Məmmədovun, şəhidimizin valideyninin, ibtidai sinif müəlliminin, sinif rəhbərinin və məktəblilərin iştirak etdiyi tədbirdə şəhidimizə həsr olunmuş şeirlər səslənib, əziz xatirəsi dərin ehtiramla yad olunub. İgid Vətən oğlunun orta məktəb illərinə, döyüş yoluna nəzər salınıb, şəhidimiz haqqında olan xoş xatirələr şagirdlərə çatdırılıb.
Tədbirdə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Elvin kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyi bildirilib. 44 günlük savaşda bizlərə şanlı Qələbəni bəxş edən şəhidlərimizə, yaralı qazilərimizə bir ömür boyu borclu olduğumuz söylənilib. Vətən uğrunda canından keçən şəhidlərimizin Vətən, torpaq naminə göstərdikləri qəhrəmanlıqların məktəblilər üçün nümunə olduğu, gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür anım tədbirlərinin böyük rolu olduğu qeyd edilib. Məktəb direktoru Ruslan Rzayev və müəllimlər məktəbin yetirməsi olan Elvin kimi oğullarımızla fəxr etdiklərini, şəhidlərimizin valideynləri qarşısında baş əydiklərini bildiriblər. Şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə yaşayacaqlarını söyləyiblər. Şəhidimizinanası Səidə Orucova övladına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev başda olmaqla, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Pandemiya və müharibədən sonra məktəblərdə keçirilən ilk dərsin övladına, eləcə də Vətən müharibəsi şəhidlərinə həsr olunmasını yüksək qiymətləndirib. Bu tədbirin təşəbbüskarı olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür edib. Bugünkü anım tədbirini rayon rəhbərliyinin şəhidlərimizə olan növbəti qayğısı kimi dəyərləndirib. Övladının daim qəlblərdə yaşaması üçün bu cür anım tədbirlərini təşkil edən və əməyi keçən hər kəsə razılığını ifadə edib. Sonda məktəblilər şəhidlərimizə həsr olunmuş şeirlər söyləyərək onlara olan ehtiramlarını bildiriblər. Gizir Orucov Elvin Rövşən oğlu
Gizir Elvin Orucov 18 dekabr 1991-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1999-cu ildə Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində orta məktəbin 1-ci sinfinə getmişdir. Təhsilini 2005-ci ildən İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2012-ci ildə hərbi xidməti başa vurmuşdur. Həmin il 6 aylıq kurs keçərək 2013-cü ildə Füzuli rayonunun Əhmədbəyli kəndində gizir rütbəsində xidmətə başlamışdır. Aprel döyüşlərində iştirak etmişdir. 27.09.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocəvənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizir Elvin Orucov 28.09.2020-ci ildə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Gizirimiz ailəliydi. İki azyaşlı - Emil adlı oğul, Elay adlı qız övladı yadigar qalıb. Bütün şəhidlərimiz kimi Elvin Orucovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Orden və medallarla təltif olunan şəhidlərimizin arasında şəhid gizirimizin də adı var. E.Orucov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Vətən uğrunda canından keçən şəhidlərimizi yad etmək hər birimizin vətəndaşlıq borcu, ən ümdə vəzifəsi olmalıdır. Şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ailəsinə və yaxınlarına bir daha səbir diləyirik. Ruhu qarşısında baş əyirik. GOYEZEN.AZ Geri qayıt |