• Təqvim

  • Maraq



Qazaxda "2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib


Aprelin 13-də “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin akt zalında "Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyi (BQRTM) və "Servye" Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı, "Pasient Təşkilatları İttifaqı" və "Azərbaycan Diabet Liqası"-nın tərəfdaşlığı ilə "2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova tədbiri açaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” haqqında məlumat verib. Diabetin səhiyyə qarşısında duran əsas çağırışlardan biri olduğunu vurğulayaraq, ölkəmizdə bu istiqamətdə görülən işlərdən söz açıb. Qeyd edib ki, Azərbaycanda diabetə qarşı mübarizə məqsədilə “2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” icra edilir. Proqram çərçivəsində şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları və özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi, o cümlədən digər tədbirlər həyata keçirilir. Bildirib ki, dövlətimiz dövrün, zamanın qaçılmaz xəstəliyi olan diabetli xəstələrə hər cür diqqət və qayğı göstərir. Lakin hər kəs öz sağlamlığının qeydinə qalmalı, davamlı fiziki aktivliklə, sağlam qidalanmaqla bu xəstəliyə qalib gəlməli, onu həyat tərzinə çevirməlidir. 


“Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni çıxışında şəkərli diabetin endokrin xəstəliklər qrupuna aid olması, xəstəliyin təbiəti, klinikası, simptomları, şəkərli diabetin tipləri, müalicəvi yolları haqqında söhbət açaraq xəstəliyə tutulma riski yüksək olan insan qrupları haqqında da iştirakçıları maarifləndirib. O, şəkərli diabetin fəsadları, ağırlaşmaları, hansı orqanları zədələdiyini bildirərək, xəstəliyin vaxtında aşkarlandığı və müalicə olunduğu təqdirdə insanın həyat tərzinə çevrildiyini nəzərə çatdırıb. Çıxışında diabet xəstəsi olan şəxslərə ailənin həssas və qayğıkeş münasibətinin əhəmiyyətini vurğulayıb. 


Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin Daxili Xəstəliklər kafedrasının assistenti, Endokrinoloq Könül İsmayılova şəkərli diabetin yayılma statistikası haqqında məlumat verərək qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarına əsasən, 2030-cu ildə şəkərli diabetdən vəfat edənlərin sayına görə bu xəstəlik 7-ci yerdə qərarlaşacaq. Şəkərli diabetə tutulmuş insanların sayı gündən-günə artır. Lakin bu o demək deyil ki, diabetli insan normal həyat sürə bilməz. Şəkərli diabeti vaxtında müəyyənləşdirib onunla mübarizə aparsaq, diabetin fəsadları ilə qarşılaşmarıq. Bu gün milli səhiyyəmiz davamlı inkişaf edir. Bütün xəstəliklərin, o cümlədən də şəkərli diabetin insan həyatı üçün təhlükəli olmasının qarşını almaq mümkündür. Bunun üçün diabeti nəzarətdə saxlamaq və sağlam həyat tərzi keçirmək kifayətdir. Biz bu günü ona görə təntənəli şəkildə qeyd edirik ki, bu gün insanlara sağlam həyat tərzi keçirməyin zəruriliyini anlatsın.

Daha sonra tədbirdə iştirak edən şəkərli diabet xəstələrini maraqlandıran suallar cavablandırılıb.

Sonra layihənin gerçəkləşməsində əməyi olan insanlara və təşkilatlara təşəkkür ifadə olunub. 

Sonda tədbir iştirakçılarına təşkilatçılar tərəfindən hazırlanmış bukletlər və  maarifləndirici materiallar paylanılıb.




Facebook-da paylaş