• Təqvim

  • Maraq



Sosial şəbəkələrdə Qazax Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası haqda yayımlanan video ilə bağlı baş həkimin açıqlaması


Bu gün sosial şəbəkələrdə Qazaxda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (TTTYS) şəraitin olmaması ilə bağlı video yayımlanmışdır. Stansiyasının əməkdaşı videoda şəraitin olmamasından, təmirsiz bir binada yerləşdirilmələrindən şikayət edir. Ölkəmizdə yaşanan çətin bir vəziyyətdə, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Qazax səhiyyəsinin adına kölgə salacaq bu cür paylaşımın edilməsi təbii ki, xoşagəlməz haldır.

Məlumat üçün qeyd edək ki, bu il martın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qazax Rayon Mərkəzi Xəstəxanasının 145 çarpayılıq binası istifadəyə verildi. Xəstəxana ən müasir tibbi avadanlıqlarla və inventarlarla  təmin edilib. Xəstəxanada bütün şəraiti  olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbəsi yaradılıb. Lakin  xəstəxana 25 mart 2020-ci il tarixdən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq karantin xəstəxanası kimi fəaliyyət göstərməyə başlayıb. Yoluxucu xəstəliklər şöbəsindən başqa bütün şöbələr köhnə yerlərinə köçürülüb. Qazax RMX TTTYS-sı isə uşaq xəstəxanası ərazisində yerləşən əlavə tikiliyə yerləşdirilib.

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən TTTYS-nın müvəqqəti yerləşdirildiyi binada cari təmir işlərinə başlanılıb.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova bu gün sosial şəbəkələrdə yayımlanan video ilə bağlı fikirlərini bildirib.

Baş həkim qeyd edib ki, "Biz səhiyyə şöbəsinin kollektivi dünyanı bürüyən pandemiyaya qarşı mübarizə ilə ələqadar var gücümüzlə çalışır, əhalinin sağlamlığının keşiyində dayanırıq. Lakin sıralarımızda olan bəzi əməkdaşların bugünkü çətin şəraitdə öz məkirli məqsədlərini bu cür biruzə vermələri həqiqətən də bizi sarsıdır. Mərkəzi Xəstəxananın yeni inzibati binası tikilənə qədər də biz bu cür şəraitdə layiqincə fəaliyyət göstərmişik. Bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik. Dövlət bizim üçün hər cür şərait yaradır. Pandemiya dövründə səhiyyə işçilərinin maddi rifahının yüksəldilməsi ilə bağlı çox ciddi qərarlar qəbul etmişdir. Biz inanırıq ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində pandemiya ilə mübarizədən ən az itki ilə çıxacağıq. Bəzi əməkdaşların bu cür hərəkətlərini hamılıqla pisləyirik”.

Baş həkimin TTTYS-sı ilə bağlı açıqlama verdiyi həmin videonu təqdim edirik.




Facebook-da paylaş