Qazaxda yeni istifadəyə verilən Rayon Mərkəzi Xəstəxanası ölkəmizdə səhiyyə sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir
Son illər ölkəmizdə bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə
göstərilən dövlət qayğısı, səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb
müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində görülən
işlər göz qabağındadır. Xüsusən də əhalinin sağlamlığının qorunmasında və tibbi
xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə
qəbul olunan Dövlət Proqramları, həmin proqramlara əsasən ölkə üzrə bütün tibb
müəssisələrinin yenidən qurulması bir daha onu göstərir ki, Azərbaycanda
səhiyyə sahəsinə olan qayğı dövlət siyasətinin əsasını təşkil edir. Prezident
İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosialyönümlü siyasətin mühüm
tərkib hissəsi kimi ölkədəki tibb ocaqlarında xidmətin pulsuz həyata
keçirilməsi, əhalinin icbari tibbi sığortasının təşkil olunması və icrasının
uğurla davam etdirilməsi həmin qayğının əyani sübutudur. Respublikamızda
səhiyyə sahəsinə olan dövlət qayğısının daha bir bariz nümunəsi isə martın
3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi
Xəstəxanasıdır. Bu gün hər bir qazaxlı, xüsusilə də səhiyyə sahəsində çalışan
hər bir işçi bu əlamətdar hadisəni – yeni xəstəxananın istifadəyə verilməsini
minnətdarlıq hissi ilə qarşılayır. Mənfur düşmənlə 168 km sərhəddi olan Qazax
rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə ölkə başçısı
İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırırlar. Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Rayon Uşaq
Xəstəxanasında, şəhər
Poliklinikasında, Gigiyena və Epidemiologiya Mərkəzində, Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyasında, Doğum evində olarkən səhiyyə işçilərinin
dilindən səslənən ürəkdolusu fikirlər, söylənilən minnətdarlıqlar onu göstərir
ki, Qazaxda xəstəxananın açılışı böyük sevinc hissi ilə qarşılanır. Əlamətdar hadisə münasibətilə səmimi ürək sözlərini
çatdıran icra başçısı bütün tibb işçilərini yeni səhiyyə ocağının istifadəyə
verilməsi münasibətilə bir daha təbrik edib. Rayonda səhiyyə sahəsinin inkişaf
etməsi, vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün yeni
xəstəxanada hər cür şərait yaradıldığını qeyd edib. Bundan sonra da böyük səylə
çalışmalarını bildirən rayon rəhbəri tibb işçilərinə gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi
Şəxsin baş direktoru Sevda Məmmədova çıxış edərək ilk növbədə səhiyyə işçilərinin
vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərmələri üçün xəstəxananın
istifadəyə verilməsinə, eləcə də yaradılan şəraitə görə dövlət başçısı İlham
Əliyevə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Belə yüksək
səviyyədə xəstəxananın tikintisini istər səhiyyə işçilərinə, istərsə də rayon
sakinlərinə olan böyük diqqət və qayğı kimi qiymətləndirib. Dövlətin səhiyyə
işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa
çalışacaqlarını qeyd edib. Məlumat üçün qeyd edək ki, Qazax Rayon
Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi
və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə
düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən
ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb
müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən
xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya,
cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika,
şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana
binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər
korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək. Təcili və
təxirəsalınmaz tibbi yardım bölməsi həftənin 7 günü 24 saat fəaliyyət
göstərərək müraciət edən xəstələrin çeşidlənməsini, stasionar şöbələrə
yerləşdirilməmişdən əvvəl həkim nəzarəti altında müayinə və müalicələrinin
həyata keçirilməsini təmin edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində
müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün
evə yazılır, nəticədə stasionar şöbələrə düşən yükün həcmi kəskin azalır.
Steril şəraitin təmin edilməsi üçün laboratoriya şöbələri xəstələrin birbaşa
daxil ola biləcəyi ərazilərdən kənarda yerləşdirilib, qan və digər nümunələrin
alınması üçün xüsusi otaqlar yaradılıb, zəruri avadanlıqla təmin edilib.
Ambulator tibbi xidmətin göstərilməsi üçün xəstəxana binalarının birinci
mərtəbələrində poliklinikalar yaradılıb. Bütün həkimlər ambulator xəstə
qəbulunu poliklinikalarda həyata keçirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş