Alnımıza nə yazılıbsa...
Vətən sevgisi, yurda olan bağlılıq igid oğullarımızı Şəhidlik adlı uca zirvəyə yüksəltdi. "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” söyləyən qəhrəmanlarımız şirin canlarından keçərək hərb tariximizdə qanları ilə şanlı tarix yazdılar. Vətəni canından əziz bilən oğullarımız illər keçsə də qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Birinci Şıxlı kəndində olub, kitabı qəhrəman şəhidimizin qardaşına təqdim ediblər.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Mustafayev Merik Musa oğlu haqqında yer almış "Alnımıza nə yazılıbsa..." sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
Alnımıza nə yazılıbsa...
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı və birbaşa mülki əhalini hədəfə alması səbrimizi daşıran son damla oldu. Müzəffər Ali Baş Komandanın Qarabağ uğrunda "İrəli!" əmrinə milyonlar səs verdi. Yaralı yurdumuzun səslədiyi cəsur Vətən övladları ölümdən belə qorxmadan irəli atıldılar. Artıq qisas günü gəlmişdi və azğın düşmənə aman yox idi... Azərbaycanın qəhrəman övladları canlarını Vətənə sipər edərək qarış-qarış, addım-addım torpağımızı azad etdilər, hər gün bizə qələbə sevincini yaşatdılar. Yağış, soyuq, çovğun, çən-çiskin bilmədən irəlilədilər, sıldırımlı qayalar aşdılar, hətta, yeri gələndə yalın əllə olsa belə düşmənə aman vermədilər. Üzərlərinə dolu kimi yağdırılan mərmilər, xain düşmənin yerə basdırdığı bombalar, tikanlı məftillər cəsur ürəkli əsgərlərimizi dayandırmağa qadir olmadı.
"Canımız sənə fəda, Vətən!" söyləyərək zəfər yürüşünə çıxan igid oğullarımız and içmişdilər ki, şəhidlərimizin qisasını almadan, doğma ana yurdumuzu yağıdan xilas etmədən, bayraqlarımızı Qarabağın ən hündür zirvələrində dalğalandırmadan bu haqq yolundan dönməyəcəklər.
Bu müqəddəs yoldan dönməyənlərdən biri də Mustafayev Merik Musa oğludur. Onun haqqında geniş şəkildə yazmamışdan öncə şəhidə qoyulmuş Merik adı barədə qəribə olan, "Adın da düşər-düşməzi var" fikrinə haqq qazandıran bir məsələni istəkli oxucuların nəzərinə çatdırmaq istəyirəm. Qədim kökə söykənən Merik adı şəhidin əvvəlcə babasının babasına, sonra babasına, ən nahayəti isə şəhidin özünə qoyulub. Ən qəribəsi isə odur ki, hər 3 nəfər gənc yaşlarında, özü də müharibədə həlak olub. Bu, bəlkə də bir təsadüf və yaxud həqiqətdir.
Merik Mustafayev 1995-ci il noyabrın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2002-ci ildə Birinci Şıxlı kənd ümumi orta məktəbində oxumağa başlamış, 2011-ci ildə doqquzuncu sinifini bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2015-ci ildə isə tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur.
"N" saylı hərbi hissənin atıcısı hərbi vəzifəli əsgər Merik Mustafayevin döyüş yolu Füzulidən başlayıb. Merik Mustafayevin daxil olduğu hərbi bölük 10 gün burada qanlı döyüşlərdə iştirak etmişdir. Öz çevikliyi, qorxmazlığı, mərdliyi ilə daim fərqlənmişdir. Ona görə də ən çətin və təhlükəli hərbi əmrləri Merik Mustafayev yerinə yetirmiş, komandirlərin verdikləri tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Atası Musa deyir ki, Merik çox qorxmaz idi. Hərdən zəng edib danışanda biz ona dəstək olmaqdan o, bizim həyəcan keçirdiyimizi görüb ürək-dirək verir: "Qorxmayın, alnımıza nə yazılıbsa, o da olacaq", - deyirdi.
Həyat yoldaşı Günəş danışır ki, sonuncu dəfə oktyabrın 25-də zəng eləmişdi. Bir az danışmışdı ki, döyüş başladı. Ona görə də əlaqə kəsildi. Və bir daha danışa bilmədik.
Merik Mustafayev 2020-ci il oktyabrın 26-da Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olmuşdur. Qəhrəman şəhidimiz Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.
Merik Mustafayevin göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Vətən uğrunda canından keçən şəhidlərimizi yad etmək hər birimizin vətəndaşlıq borcu, ən ümdə vəzifəsidir. Şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ailəsinə və yaxınlarına bir daha səbir diləyir, ruhu qarşısında baş əyirik.
Facebook-da paylaş