• Təqvim

  • Maraq



On doqquz yaşı var idi


Vətən sevgisi, yurda olan bağlılıq neçə-neçə igid Vətən oğlunu müqəddəs zirvə olan Şəhidlik zirvəsinə ucaltdı. "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” söyləyən qəhrəman oğullarımız bu yolda şirin canlarından keçdilər. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımız illər keçsə də qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Bala Çaylı kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına təqdim ediblər.


Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Məmmədov Əvəz Elnur oğlu haqqında yer almış "On doqquz yaşı var idi" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

On doqquz yaşı var idi


Azərbaycanın parlaq zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, mətinliyimizi və ən nəhayət, birliyimizi bütün dünyaya nümayiş etdirdi. Qarabağ adlı savaş qalib ordumuzun böyük qalibiyyəti ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu ildırım sürətli müharibə apararaq "Böyük Tarixi Qələbə" sevincini xalqımıza yaşatdı. Bu qələbənin müəllifi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi iradəsi, əzmkarlığı və mərdliyi ilə Şanlı Qələbəmizi təmin etdi. Ölkə başçısı qazanılan bu böyük zəfərlə ölkəmizin yeni tarixini yazdı - qələbə, zəfərlə dolu olan bir tarixini. Bütün dünya Azərbaycan xalqının yenilməzliyini gördü, ölkəmizin diktə etdiyi bütün şərtləri qəbul etmək məcburiyyətində qaldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bizi zəfərlə sevindirən şanlı ordumuzun sıravi əsgəri, rütbəli zabiti də igidliklə döyüşdü, əsl qəhrəmanlıq göstərərək tarixin səhifələrinə qızıl hərflərlə "Qarabağ Azərbaycandır!" yazdı.  

...İgidlik yaş ilə, boy-buxunla ölçülmür. Gərək ürəyində təpər, qəlbində sevgi olsun. "Ağıl yaşda deyil, başdadır" zərbi-məsəlində də babalarımız yaşın önəmli olmadığına işarə etmişlər. Vətənpərvərlikdə, igidlikdə, elə ağılda da yaşın elə bir fərqi yoxdur. Təki qəlbin böyük və sevgi ilə dolu olsun. Bəzən kiçik yaşlarında insan elə bir iş görür, elə bir qəhrəmanlıq göstərir ki, tarix boyu danışılır, nəsildən-nəslə keçərək yaddaşlara hopur. 

Şəhid əsgər Məmmədov Əvəz Elnur oğlunun keçdiyi şərəfli ömür yolu da bu deyilənlərə parlaq bir nümunədir.

Əvəz Məmmədov Qazax rayonunun Bala Çaylı kəndində 2001-ci il iyun ayının 1-də gəlmişdi dünyaya. Sadə, zəhmətkeş ailədə doğulub boya-başa çatan Əvəz lap uşaqlıqdan çox sakit, istiqanlı və dostcanlı idi. 2007-ci ildən 2018-ci ilə qədər Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbdə oxuyanda həmyaşıdları qoçaqlığına görə onun adını "Qəhrəman" qoymuşdular. Hardan biləydilər ki, vaxt gələcək, zaman ötəcək, Əvəz Məmmədov əsl qəhrəman ömrü yaşayacaq, Şəhidlik zirvəsinə ucalaraq adını tarixə yazdıracaqdır. 

Anası Bəsti xanım danışır:

- Orta məktəbdə oxuyanda Əvəzin idmana, ən çox da futbola böyük həvəsi var idi. Hətta, futbol üzrə keçirilən yarışlarda iki dəfə kubok da almışdı. Elə bilirdim ki, gələcəkdə futbolçu olacaq.

Qardaşı İbrahim isə Əvəzin başqa bir marağından söz açır:

- Qardaşımın rəssamlığa böyük həvəsi var idi. Vaxtaşırı gözəl, həm də maraqlı şəkillər çəkər, çəkəndən sonra isə bizə göstərərdi. Çəkdiyi şəkillərin əksəriyyəti müharibəyə, qəhrəmanlara aid olardı.

Zaman ötüb keçirdi. Əvəz artıq əsgərlik yaşına çatmışdı. Ona görə də 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırıldı. Valideynləri, qardaşı, bacısı, qohum-qonşular onu sevinclə, böyük ruh yüksəkliyi ilə əsgərliyə yola saldılar. 

Əvəz Məmmədov ləyaqətlə xidmət edir, öz oğulluq borcunu layiqincə yerinə yetirirdi. İmkan olanda hərdən evə zəng çalır, hal-əhval tutur, hər şeyin yaxşı olacağını deyirdi. Sonra isə birdən-birə zənglər kəsildi.

...Vətən müharibəsi başlamışdı. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi əsgər Əvəz Məmmədov şəhər və kəndlərin azad olunması uğrunda gedən döyüşlərə qatılaraq vuruşurdu. Şəhərlər, qəsəbələr, kəndlər bir-birinin ardınca işğaldan azad edilirdi. Amma igid əsgər Qarabağın düşmənlərdən tam azad olması xəbərinin sevincini yaşaya bilmədi. 7 oktyabr 2020-ci il tarixində Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığında gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən şəhid oldu. 19 yaşında dünyasını dəyişən Əvəz Məmmədov Çaylı kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vətənə olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Əvəz Məmmədov ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. 

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş, qəhrəmanlıq göstərmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsini ehtiramla yad etmək hər birimizin müqəddəs borcudur. Vətən yolunda şəhid olub əbədiyyətə qovuşan Əvəz Məmmədovun xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik.




Facebook-da paylaş