• Təqvim

  • Unutma

  • Maraq



Alnımıza nə yazılıbsa...


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

 

Kitabda şəhidimiz əsgər Mustafayev Merik Musa oğlu haqqında yazılmış "Alnımıza nə yazılıbsa...” başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

Alnımıza nə yazılıbsa...


Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı və birbaşa mülki əhalini hədəfə alması səbrimizi daşıran son damla oldu. Müzəffər Ali Baş Komandanın Qarabağ uğrunda "İrəli!" əmrinə milyonlar səs verdi. Yaralı yurdumuzun səslədiyi cəsur Vətən övladları ölümdən belə qorxmadan irəli atıldılar. Artıq qisas günü gəlmişdi və azğın düşmənə aman yox idi... Azərbaycanın qəhrəman övladları canlarını Vətənə sipər edərək qarış-qarış, addım-addım torpağımızı azad etdilər, hər gün bizə qələbə sevincini yaşatdılar. Yağış, soyuq, çovğun, çən-çiskin bilmədən irəlilədilər, sıldırımlı qayalar aşdılar, hətta, yeri gələndə yalın əllə olsa belə düşmənə aman vermədilər. Üzərlərinə dolu kimi yağdırılan mərmilər, xain düşmənin yerə basdırdığı bombalar, tikanlı məftillər cəsur ürəkli əsgərlərimizi dayandırmağa qadir olmadı.

"Canımız sənə fəda, Vətən!" söyləyərək zəfər yürüşünə çıxan igid oğullarımız and içmişdilər ki, şəhidlərimizin qisasını almadan, doğma ana yurdumuzu yağıdan xilas etmədən, bayraqlarımızı Qarabağın ən hündür zirvələrində dalğalandırmadan bu haqq yolundan dönməyəcəklər.

Bu müqəddəs yoldan dönməyənlərdən biri də Mustafayev Merik Musa oğludur. Onun haqqında geniş şəkildə yazmamışdan öncə şəhidə qoyulmuş Merik adı barədə qəribə olan, "Adın da düşər-düşməzi var" fikrinə haqq qazandıran bir məsələni istəkli oxucuların nəzərinə çatdırmaq istəyirəm. Qədim kökə söykənən Merik adı şəhidin əvvəlcə babasının babasına, sonra babasına, ən nahayəti isə, şəhidin özünə qoyulub. Ən qəribəsi isə odur ki, hər 3 nəfər gənc yaşlarında, özü də müharibədə həlak olub. Bu, bəlkə də bir təsadüf və yaxud həqiqətdir.

Merik Mustafayev 1995-ci il noyabrın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2002-ci ildə Birinci Şıxlı kənd ümumi orta məktəbində oxumağa başlamış, 2011-ci ildə doqquzuncu sinfini bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2015-ci ildə isə tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur.

"N" saylı hərbi hissənin atıcısı hərbi vəzifəli əsgər Merik Mustafayevin döyüş yolu Füzulidən başlayıb. Merik Mustafayevin daxil olduğu hərbi bölük 10 gün burada qanlı döyüşlərdə iştirak etmişdir. Öz çevikliyi, qorxmazlığı, mərdliyi ilə daim fərqlənmişdir. Ona görə də ən çətin və təhlükəli hərbi əmrləri Merik Mustafayev yerinə yetirmiş, komandirlərin verdikləri tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Atası Musa deyir ki, Merik çox qorxmaz idi. Hərdən zəng edib danışanda biz ona dəstək olmaqdan o, bizim həyəcan keçirdiyimizi görüb ürək-dirək verir: "Qorxmayın, alnımıza nə yazılıbsa, o da olacaq", - deyirdi.

Həyat yoldaşı Günəş danışır ki, sonuncu dəfə oktyabrın 25-də zəng eləmişdi. Bir az danışmışdı ki, döyüş başladı. Ona görə də əlaqə kəsildi. Və bir daha danışa bilmədik. 

Merik Mustafayev 2020-ci il oktyabrın 26-da Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olmuşdur. Qəhrəman şəhidimiz Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.

Merik Mustafayevin göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Vətən uğrunda canından keçən şəhidlərimizi yad etmək hər birimizin vətəndaşlıq borcu, ən ümdə vəzifəsidir. Şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ailəsinə və yaxınlarına bir daha səbir diləyir, ruhu qarşısında baş əyirik.



 

GOYEZEN.AZ



Facebook-da paylaş