Haqq savaşına çıxan oğul
Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan
xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz
canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi
ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir. Kitabda şəhidimiz kiçik çavuş Mustafayev Sərxan İslam oğlu haqqında yazılmış "Haqq savaşına çıxan oğul” başlıqlı xatirə yazısını oxuculara təqdim edirik... Haqq savaşına çıxan oğul
Rəşadətli
Vətən müharibəsi bir daha sübut etdi ki, ölkə Prezidenti İlham Əliyevin gücü,
siyasi iradəsi sayəsində müstəqil Azərbaycan milli kimliyi və malik olduğu
siyasi potensialı ilə tarixi taleyini həll etməyə qadir olan bir dövlətdir. 44
günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Müzəffər Ali Baş Komandanımızın
rəhbərliyi altında şanlı ordumuzun gücü və qüdrəti sayəsində üzərinə düşən
bütün tapşırıqların öhdəsindən layiqincə gələ bilər. "Qarabağ Azərbaycandır!",
- deyərək haqq savaşına çıxan və 30 illik həsrətə son qoyan Azərbaycan
Ordusunun əsgər və zabitləri, hərbçiləri bizlərə hələ bundan sonra uzun illər
yaddaşlara əbədi həkk olunacaq şanlı bir Zəfər bəxş etdilər. Qanları, canları
bahasına müstəqil Azərbaycanın bundan sonra da bütün dünyaya günəş kimi doğması
üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi
birləşdilər. Ali Baş Komandanın "İrəli!" əmrini layiqincə yerinə
yetirərək hərb tariximizə illərdir ki, arzusunda olduğumuz Qələbə zəfərini
yazdılar. Qızıl
hərflərlə tarixin pozulmaz səhifələrinə yazılmış Qələbə zəfərində xidməti
olanlardan biri də kiçik çavuş Mustafayev Sərxan İslam oğludur. O, fəxr olunası
bir ömür yaşamış, döyüşlərdə əsl qəhrəmanlıq göstərmiş, ən uca zirvə olan Şəhidlik
zirvəsinə ucalmışdır. Sərxan
Mustafayev 21 mart 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan
olmuşdur. Dağlar qoynunda yerləşən kəndlərində asudə uşaqlıq çağlarını yaşayan
Sərxan həmyaşıdları kimi 2001-ci il tarixində Qazax rayon Aslanbəyli kənd tam
orta məktəbin birinci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin
doqquzuncu sinfini bitirmişdir. Əsgərlik
yaşına çatan Sərxan Mustafayev 01.04.2012-ci ildən 01.10.2013-cü il tarixədək Bakı şəhərində Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində həqiqi hərbi xidmətdə
olmuşdur. Əsgərlik dövründə hərb sahəsi Sərxanın diqqətini özünə cəlb etmiş, bu
yolla getməyi qarşısına məqsəd qoymuşdur. Bu istəklə də 3 iyun 2014-cü il
tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət
etmişdir. Sonrakı illərdə ailə qurmuş, 1 oğlu və 1 qızı dünyaya gəlmişdir. Atası İslam kişi deyir ki, əsgərlikdən gələndən sonra Sərxan Gədəbəydə xidmət edərək
kiçik çavuş rütbəsində manqa komandiri olub. 3 il 6 ay burada işlədikdən sonra Qazaxa
dəyişilib. Sonra Daşkəsəndən keçən hərbi xidmət yolu yenidən Qazaxa dönüb. Bu
müddətdə həmişə nümunəvi xidmət göstərib, üzərinə düşən vəzifənin öhdəsindən
layiqincə gəlib. Motoatıcı
taborunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Sərxan
Mustafayev Vətən müharibəsində şücaətlə döyüşüb, əsl qəhrəmanlıq göstərib.
Snayperçi kimi düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, gözündən heç nə
yayınmayıb. Anası Fəridə xanım deyir ki, Sərxan axırıncı dəfə şəhid
olmamışdan 3 saat qabaq bizimlə telefon əlaqəsi saxladı. Çox ürəklə danışırdı. "Allah
qoysa, tezliklə görüşərik" dedi. Danışandan sonra Allaha dua etdik ki,
şükür sağ-salamatlıqdır. Sərxan
Mustafayev 31 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl istiqamətində gedən
döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında
izdihamla dəfn edilmişdir. Sərxan
Mustafayevin döyüşlərdə göstərdiyi igidlik dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir.
Şəhid kiçik çavuş Sərxan Mustafayev ölümündən sonra Prezident İlham Əliyevin 15
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda",18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə",25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına
görə" və "Füzulinin
azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Biz
bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Sərxan
Mustafayev kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca
tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq
simvolumuza çevrilmiş şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi
yaşayacaqdır! Ruhun
şad, məkanın cənnət olsun, igid Vətən oğlu!
GOYEZEN.AZ
Facebook-da paylaş