Əsas Səhifə > Şəhidlər > Haqq savaşına çıxan oğul

Haqq savaşına çıxan oğul


6-05-2021, 10:20


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz kiçik çavuş Mustafayev Sərxan İslam oğlu haqqında yazılmış "Haqq savaşına çıxan oğul” başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

Haqq savaşına çıxan oğul


Rəşadətli Vətən müharibəsi bir daha sübut etdi ki, ölkə Prezidenti İlham Əliyevin gücü, siyasi iradəsi sayəsində müstəqil Azərbaycan milli kimliyi və malik olduğu siyasi potensialı ilə tarixi taleyini həll etməyə qadir olan bir dövlətdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun gücü və qüdrəti sayəsində üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələ bilər. "Qarabağ Azərbaycandır!", - deyərək haqq savaşına çıxan və 30 illik həsrətə son qoyan Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bizlərə hələ bundan sonra uzun illər yaddaşlara əbədi həkk olunacaq şanlı bir Zəfər bəxş etdilər. Qanları, canları bahasına müstəqil Azərbaycanın bundan sonra da bütün dünyaya günəş kimi doğması üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşdilər. Ali Baş Komandanın "İrəli!" əmrini layiqincə yerinə yetirərək hərb tariximizə illərdir ki, arzusunda olduğumuz Qələbə zəfərini yazdılar.

Qızıl hərflərlə tarixin pozulmaz səhifələrinə yazılmış Qələbə zəfərində xidməti olanlardan biri də kiçik çavuş Mustafayev Sərxan İslam oğludur. O, fəxr olunası bir ömür yaşamış, döyüşlərdə əsl qəhrəmanlıq göstərmiş, ən uca zirvə olan Şəhidlik zirvəsinə ucalmışdır.

Sərxan Mustafayev 21 mart 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Dağlar qoynunda yerləşən kəndlərində asudə uşaqlıq çağlarını yaşayan Sərxan həmyaşıdları kimi 2001-ci il tarixində Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir.

Əsgərlik yaşına çatan Sərxan Mustafayev 01.04.2012-ci ildən 01.10.2013-cü il  tarixədək Bakı şəhərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərlik dövründə hərb sahəsi Sərxanın diqqətini özünə cəlb etmiş, bu yolla getməyi qarşısına məqsəd qoymuşdur. Bu istəklə də 3 iyun 2014-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Sonrakı illərdə ailə qurmuş, 1 oğlu və 1 qızı dünyaya gəlmişdir. 

Atası İslam kişi deyir ki, əsgərlikdən gələndən sonra Sərxan Gədəbəydə xidmət edərək kiçik çavuş rütbəsində manqa komandiri olub. 3 il 6 ay burada işlədikdən sonra Qazaxa dəyişilib. Sonra Daşkəsəndən keçən hərbi xidmət yolu yenidən Qazaxa dönüb. Bu müddətdə həmişə nümunəvi xidmət göstərib, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib.

Motoatıcı taborunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Sərxan Mustafayev Vətən müharibəsində şücaətlə döyüşüb, əsl qəhrəmanlıq göstərib. Snayperçi kimi düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, gözündən heç nə yayınmayıb.

Anası Fəridə xanım deyir ki, Sərxan axırıncı dəfə şəhid olmamışdan 3 saat qabaq bizimlə telefon əlaqəsi saxladı. Çox ürəklə danışırdı. "Allah qoysa, tezliklə görüşərik" dedi. Danışandan sonra Allaha dua etdik ki, şükür sağ-salamatlıqdır.

Sərxan Mustafayev 31 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.

Sərxan Mustafayevin döyüşlərdə göstərdiyi igidlik dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Şəhid kiçik çavuş Sərxan Mustafayev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda",18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə",25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Biz bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Sərxan Mustafayev kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilmiş şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır!

Ruhun şad, məkanın cənnət olsun, igid Vətən oğlu!




 

GOYEZEN.AZ


Geri qayıt