İrəli getməyə can atırdı
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz əsgər Qurbanov Elçin Məcid oğlu haqqında yazılmış "İrəli getməyə can atırdı" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...
İrəli getməyə can atırdı
Uşaqlıqdan adəti idi Elçinin, həmişə birinci olmağa çalışır, dəstə halında olanda isə irəlidə getməyə can atırdı. Geridə qalmağı sevməz, axırıncı olmağı qəbul etməzdi. Birincilik, zirvədə olmaq onun taleyinə yazılmışdı. Belə bir xarakterdə, belə bir arzu ilə böyüyürdü Elçin Qurbanov. Ürəyində böyük arzuları var idi.
Qurbanov Elçin Məcid oğlu 22 yanvar 2002-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. Bir qardaş, bir bacı idilər. Günay qardaşından yaşca böyük olmasına baxmayaraq, onun sözünə qulaq asar, məktəbə bir yerdə gedib-gələrdilər.
Necə böyüdüklərindən xəbərləri belə olmadı. 2008-ci il gəlib çatdı. Bir də gördülər ki, Elçin Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin birinci sinfinə gedir. Elçin Qurbanov 2017-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirdikdən sonra müstəqil həyata atıldı. Qarşıda onu xoş bir gələcək gözləyirdi.
2020-ci ilin 27 yanvarında Elçin Qurbanov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. Əsgəri xidmət dövründə nizam-intizama əməl edir, müasir silah növlərindən düşmənə qarşı tətbiq etmək qaydalarını mənimsəyirdi. Qarşıya qoyulan müddət ərzində Elçin Qurbanov tank əleyhinə idarə olunan raket qurğularından istifadə etməyi mükəmməl şəkildə öyrəndi. Çox keçmədi ki, o, Silahlı Qüvvələrin mübariz və döyüşkən əsgəri kimi yetişdi.
Sentyabrın 27-də Vətən müharibəsi başlamış, düşməndən intiqam almaq zamanı gəlib çatmışdı. Bütün əsgər və zabitlərimiz kimi, Elçin Qurbanov da müharibənin ilk günündən döyüşə atıldı. Keçirdiyi hərbi əməliyyatlarda dəqiq nişan alaraq düşmənin bir neçə tankını vurub sıradan çıxartdı, onlarla canlı qüvvəsini məhv elədi. Döyüşlərdə mərdliklə vuruşub düşmənin başına od ələyərək ona aman vermirdi.
Tağım komandiri Rauf Aslanov deyir ki, Elçin Qurbanov çox qorxmaz əsgər idi. Hərbi qaydalara görə, o, arxada olmalı idi. Amma daim qabağa can atır, irəlidə gedirdi. Sağ ayağında qəlpə var idi. Nə qədər israr eləsəm də, aşağı düşmədi. "Döyüş yoldaşlarımı qoyub hospitala getmərəm", - dedi. Bir az keçmiş yenə də döyüşə girdi.
Atası Məcid kişi danışır ki, Elçin müharibənin ilk günlərində kəşfiyyatçı olub, ən çətin tapşırıqları yerinə yetirib. Oktyabrın 15-dən sonra polkovnik Şükür Həmidovun komandanlığı altında vuruşub.
Elçin Qurbanovun döyüş yolu işğal altında olan rayon və kəndlərin azad olunması uğrunda gedən qanlı döyüşlərdən keçib. Füzuli, Cəbrayıl, Qubadlı, kənd Horadiz, Xocavəndin kəndlərinin düşmənlərdən təmizlənməsi Elçin Qurbanovun döyüş salnaməsinə yazılıb. Adları qeyd olunan rayonların düşməndən təmizlənməsində əsl igidlik və qəhrəmanlıq göstərib.
Ən çətin tapşırıq isə Şuşa yaxılığındakı yüksəkliyin alınması uğrunda gedən döyüşlərdə olub. Əsgər yoldaşı Tahir Şəmiyev Elçin Qurbanovun burada keçirdiyi sonuncu döyüşdən, şəhid olmasından danışır:
- Şuşaya doğru irəliləyirdik. Hər tərəf dağlıq idi. Dağların yüksək bir yerində mövqe tutduq. Elçinlə bir yerdə idim. Biz sonra təpəyə qalxdıq. Axşamüstü saat 4-5 arası olardı. Bu zaman düşmən tərəfdən atəş açıldığı üçün güclü atışma oldu. Bir az keçmiş mən tutduğumuz mövqeyin arxa hissəsinə keçdim. Birdən uşaqlardan kimsə qışqırdı ki, Elçini vurdular. O, minaatan silahdan atılan mərminin qəlpəsindən ağır yaralanmışdı. Onun yarasını sarıyıb kömək etməyə çalışsaq da, köməyi olmadı. Elçin Qurbanov gülümsəyə-gülümsəyə gözlərini əbədi olaraq yumdu. Sanki o, ölümün özünə gülürdü. Əsgər qardaşımız 4 noyabr 2020-ci il tarixində döyüş meydanında şəhid olaraq əbədiyyətə qovuşdu.
Elçin Qurbanov Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.
İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Şəhid Elçin Məcid oğlu Qurbanov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş