İrəli getməyə can atırdı
Neçə-neçə igid Vətən övladı uca zirvə olan Şəhidlik zirvəsinə ucaldı. Düşmən tapdağında olan torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzü tam etmək üçün "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” söyləyərək şirin canlarından keçdilər. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımız illər keçsə də qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Qurbanov Elçin Məcid oğlu haqqında yer almış "İrəli getməyə can atırdı" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
İrəli getməyə can atırdı
Uşaqlıqdan adəti idi Elçinin, həmişə birinci olmağa çalışır, dəstə halında olanda isə irəlidə getməyə can atırdı. Geridə qalmağı sevməz, axırıncı olmağı qəbul etməzdi. Birincilik, zirvədə olmaq onun taleyinə yazılmışdı. Belə bir xarakterdə, belə bir arzu ilə böyüyürdü Elçin Qurbanov. Ürəyində böyük arzuları var idi.
Qurbanov Elçin Məcid oğlu 22 yanvar 2002-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. Bir qardaş, bir bacı idilər. Günay qardaşından yaşca böyük olmasına baxmayaraq, onun sözünə qulaq asar, məktəbə bir yerdə gedib-gələrdilər.
Necə böyüdüklərindən xəbərləri belə olmadı. 2008-ci il gəlib çatdı. Bir də gördülər ki, Elçin Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin birinci sinifinə gedir. Elçin Qurbanov 2017-ci ildə həmin məktəbin doqquzuncu sinifini bitirdikdən sonra müstəqil həyata atıldı. Qarşıda onu xoş bir gələcək gözləyirdi.
2020-ci ilin 27 yanvarında Elçin Qurbanov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgəri xidmət dövründə nizam-intizama əməl edir, müasir silah növlərindən düşmənə qarşı tətbiq etmək qaydalarını mənimsəyirdi. Qarşıya qoyulan müddət ərzində Elçin Qurbanov tank əleyhinə idarə olunan raket qurğularından istifadə etməyi mükəmməl şəkildə öyrəndi. Çox keçmədi ki, o, Silahlı Qüvvələrin mübariz və döyüşkən əsgəri kimi yetişdi.
Sentyabrın 27-də Vətən müharibəsi başlamış, düşməndən intiqam almaq zamanı gəlib çatmışdı. Bütün əsgər və zabitlərimiz kimi Elçin Qurbanov da müharibənin ilk günündən döyüşə atıldı. Keçirdiyi hərbi əməliyyatlarda dəqiq nişan alaraq düşmənin bir neçə tankını vurub sıradan çıxartdı, onlarla canlı qüvvəsini məhv elədi. Döyüşlərdə mərdliklə vuruşub düşmənin başına od ələyərək ona aman vermirdi.
Tağım komandiri Rauf Aslanov deyir ki, Elçin Qurbanov çox qorxmaz əsgər idi. Hərbi qaydalara görə, o, arxada olmalı idi. Amma daim qabağa can atır, irəlidə gedirdi. Sağ ayağında qəlpə var idi. Nə qədər israr eləsəm də, aşağı düşmədi. "Döyüş yoldaşlarımı qoyub hospitala getmərəm", - dedi. Bir az keçmiş yenə də döyüşə girdi.
Atası Məcid kişi danışır ki, Elçin müharibənin ilk günlərində kəşfiyyatçı olub, ən çətin tapşırıqları yerinə yetirib. Oktyabrın 15-dən sonra polkovnik Şükür Həmidovun komandanlığı altında vuruşub.
Elçin Qurbanovun döyüş yolu işğal altında olan rayon və kəndlərin azad olunması uğrunda gedən qanlı döyüşlərdən keçib. Füzuli, Cəbrayıl, Qubadlı, kənd Horadiz, Xocavəndin kəndlərinin düşmənlərdən təmizlənməsi Elçin Qurbanovun döyüş salnaməsinə yazılıb. Adları qeyd olunan rayonların düşməndən təmizlənməsində əsl igidlik və qəhrəmanlıq göstərib.
Ən çətin tapşırıq isə Şuşa yaxılığındakı yüksəkliyin alınması uğrunda gedən döyüşlərdə olub. Əsgər yoldaşı Tahir Şəmiyev Elçin Qurbanovun burada keçirdiyi sonuncu döyüşdən, şəhid olmasından danışır:
- Şuşaya doğru irəliləyirdik. Hər tərəf dağlıq idi. Dağların yüksək bir yerində mövqe tutduq. Elçinlə bir yerdə idim. Biz sonra təpəyə qalxdıq. Axşamüstü saat 4-5 arası olardı. Bu zaman düşmən tərəfdən atəş açıldığı üçün güclü atışma oldu. Bir az keçmiş mən tutduğumuz mövqeyin arxa hissəsinə keçdim. Birdən uşaqlardan kimsə qışqırdı ki, Elçini vurdular. O, minaatan silahdan atılan mərminin qəlpəsindən ağır yaralanmışdı. Onun yarasını sarıyıb kömək etməyə çalışsaq da, köməyi olmadı. Elçin Qurbanov gülümsəyə-gülümsəyə gözlərini əbədi olaraq yumdu. Sanki o, ölümün özünə gülürdü. Əsgər qardaşımız 4 noyabr 2020-ci il tarixində döyüş meydanında şəhid olaraq əbədiyyətə qovuşdu.
Elçin Qurbanov Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.
İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Şəhid Elçin Məcid oğlu Qurbanov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.
Facebook-da paylaş