Ürəklərdə yaşayacaq
"Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atılan, Vətən yolunda canlarından keçən qəhrəmanlarımız minlərlədir. Şəhidlik adlı uca zirvəni fəth edən oğullarımız illər keçsə də qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Çaylı kəndində olub, kitabı qəhrəman şəhidimizin anasına təqdim ediblər.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Allahverdiyev Sakit Şahin oğlu haqqında yer almış "Ürəklərdə yaşayacaq" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
Ürəklərdə yaşayacaq
Vətən müharibəsi! 27 sentyabrdan başlayıb 10 noyabrda Tarixi Qələbə ilə başa çatan hərb tariximizin böyük Zəfər Salnaməsi! Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı "Böyük Qələbə" və tarixi Azərbaycan ərazisi olan Qarabağın və ətraf rayonlarımızın işğaldan azad olunması 2020-ci ilin Zəfər Salnaməsi kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır!" şüarı igid Vətən oğullarının qələbə qazanmasının əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu.
44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi, hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı. Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanından aldığımız qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.
44 günlük Vətən müharibəsində iştirak edib qəhrəmanlıqlar göstərən və adını Şəhidlik adlı uca zirvəyə yazdıran Vətən oğullarından biri də əsgər Allahverdiyev Sakit Şahin oğludur.
Onun ömür yolunu vərəqlədikcə qısa, lakin örnək olası və mənalı həyat tarixçəsi gözlərim önündə canlanır. Doğum şəhadətnaməsində qeyd edildiyi kimi, Sakit 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. O, 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə oxumağa başlamış, 2018-ci ildə həmin məktəbin onbirinci sinifini bitirmişdir. Əsgərlik yaşına çatdığı üçün 2020-ci ilin yanvar ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. O, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarında hərbi xidmətə başlamışdır. Xidmət etdiyi müddətdə hərbi silah və sursatlardan istifadə qaydalarını ətraflı öyrənib öz biliyini zənginləşdirmiş, hərbi sahədə olan təcrübəsini daha da artırmışdır. Azərbaycan Silahlı Qüvvələrinin mərd, mübariz qardaşı İlkin danışır:
- Sakitin arzusu hərbçi olmaq idi. Ona görə də yüksək səviyyədə xidmət edirdi. Əsgərlikdən sonra qalıb işləmək istəyirdi. Amma qismət olmadı.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun bütün əsgər və zabitləri kimi Sakit Allahverdiyev də 30 ildir ki, düşmən əsarətində olan Vətən torpaqlarının yağı düşmənlərdən azad olunması uğrunda gedən qanlı döyüşlərə qatılmışdır. Qəlbindəki Vətən sevgisi, düşmənə qarşı olan intiqam hissi böyük idi Sakitin. "N" saylı hərbi hissənin qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı əsgər Sakit Allahverdiyev Füzulinin, Hadrutun, Ağdərənin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə mərdlik göstərmiş, əsgəri borcunu ləyaqət və şərəflə yerinə yetirmişdir. Döyüşlərdə onun gözündən heç nə yayınmır, sərrast atış ilə düşməni yerə sərirdi.
Sakit Allahverdiyev 9 noyabr 2020-ci ildə ömrünü canı qədər sevdiyi Vətənə bağışlayaraq Şəhidlik zirvəsinə ucalmışdır. O, Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə", 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə Sakit Allahverdiyevin adı verilmişdir.
Facebook-da paylaş