• Təqvim

  • Maraq



Bizim qürur mənbəyimiz olan şəhidlərimizi yad etmək hər birimizin müqəddəs borcudur

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Vətən! Beş hərfdən ibarət olan bu kəlmə bizlərə o qədər doğma, əzizdir ki, bir qarış, bir ovuc torpağı uğrunda ölümün gözünə dik baxaraq canlar fəda etmək üçün, adımızı o müqəddəs torpağa qanımızla yazmaq üçün bir an belə tərəddüd etmirik. Vətən məhəbbətinin, Vətəni sevməyin ən ülvi hiss olduğunu bildiyimiz üçün, ulu babalarımızdan, atalarımızdan bizlərə miras qalan bu sərvəti bizlərin qorumalı olduğunu dərk etdiyimiz üçün Vətənin hər daşı, hər qayası bizlərə əziz və doğma gəlir. Ana laylalarıyla başlayan vətənpərvərlik hissi, torpağa, elə-obaya bağlılığımız, Vətənə əsgər olmağın ülviliyi bizlərin hər zaman cəsur, igid, mərd Vətən oğulları kimi, ən əsası da Vətənin bir parçası kimi yetişməyimizdə həmişə mühüm amil olub. “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” düşüncəsini qəbul etdiyimiz an hər şeydən əvvəl Vətəni dərin məhəbbətlə sevməli olduğumuzu, onun mənafeyini qorumağın ən ümdə işimiz olduğunu anlayırıq. Vətənin bir parçası olmaq, Vətəni qorumaq hamımızın borcudur. Varlığımız, fəxrimiz, qürurumuz saydığımız Vətəni ona görə sevməli və qorumalıyıq ki, Vətənin hər qarış torpağında neçə-neçə qəhrəmanımızın ayaq izi, isti nəfəsi var. Ən əsası da həmin torpaqlarımız uğrunda canlarından keçən oğullarımızın qanı ilə yoğrulub. Unutmamalıyıq ki, Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur. Bizim qürur mənbəyimiz, vüqarımız, fəxrimiz olan, ən uca və müqəddəs zirvəni fəth edən şəhidlərimizə ehtiramla yanaşmaq, onları gənc nəsillərə örnək göstərmək hər birimizin müqəddəs borcu sayılmalıdır.  

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən əsgər Sakit Allahverdiyevin, əsgər İlkin Əliyevin, leytenant Musa Vəliyevin, gizir Anar Nağıyevin, baş leytenant Xaliddin sibovun,  Mustafa Mustafayevin əziz xatirəsini ehtiramla yad edirik. 

Əsgər Allahverdiyev Sakit Şahin oğlu


Şəhid Sakit Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2020-ci ilin yanvar ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş “N” saylı hərbi hissənin Qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı əsgər Sakit Allahverdiyev 13.11.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Doğulub boya-başa çatdığı kənddə adını əbədiləşdirən bulaq inşa olunub. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.

Əsgər Əliyev İlkin Bəxtiyar oğlu

 

Şəhid Əliyev İlkin Bəxtiyar oğlu 26 fevral 2001-ci ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Canalı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Uşaqlıqdan idmana daha çox maraq göstərirdi, yunan-roma güləşi ilə məşğul olurdu. Bir neçə dəfə birinci yerə çıxıb medallar da almışdı.

2019-cu ilin 3 aprelində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. 

Vətən müharibəsi başlayandan bir neçə gün sonra İlkin Əliyevin xidmət etdiyi batareya müharibə bölgəsinə gətirilir. İlkinin döyüş yolu oktyabr ayının 2-dən Füzulidən başlayıb. Sonra bu yol Qubadlıdan, Xocavənddən, Şuşa ətrafından, Laçından keçib. “N” saylı hərbi hissənin artilleriya divizionun 1-ci batareyanın, 1-ci tağımın 2-ci topun komandiri əsgər Əliyev İlkin Bəxtiyar oğlu düşmənin texnikasının, canlı qüvvəsinin məhv edilməsində böyük igidlik və şücaət göstərib. O, 14.11.2020-ci il tarixdə Xocavənddə şəhid olmuşdur. 16.11.2020-ci il tarixdə Hüseynbəyli kəndi ərazisində yerləşən Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur. Subay idi.   

Əliyev İlkin Bəxtiyar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidimizin doğulub boya-başa çatdığı Canalı kəndində adını əbədiləşdirən bulaq inşa olunub və həmin bulağın yanında dayanacaq qoyulub.

Leytenant Vəliyev Musa Rəşid oğlu


Vəliyev Musa Rəşid oğlu 16 noyabr 1965-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbinə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Neft Kimya İnstitutuna daxil olmuşdur. 1987-ci ildə həmin institutu bitirmişdir. 1987-ci ildən 1989-cu ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Balaxanı Neft Mədənində nefçi-mühəndis kimi çalışmışdır. 1993-cü ildə Qarabağ müharibəsində zabit kimi xidmətə çağırılmış və 1994-cü il aprel ayının 20-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Xüsusi Təyinatlı Qüvvələrin mənsubu gizir Nağıyev Anar Sahib oğlu


Şəhid Anar Nağıyev 30 oktyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1996-cı ildə Samux rayon Alıuşağı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2000-ci ildə ailəsi ilə birlikdə Qazax rayonunun Ürkməzli kəndinə köçdüyünə görə təhsilini Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbdə davam etdirmiş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2008-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. 2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olmuşdur. Üç aydan sonra sənədlərini hazırlayıb çavuşluq kursunda oxumağa gedib. 21 yanvar 2010-cu ildən 10 aprel 2010-cu ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) minaatan komandiri kursunu bitirərək çavuş rütbəsi almış, "N" saylı hərbi hissədə xidmət etməyə başlamışdır. 2012-ci ilin yanvarında isə TTM-də 6 ay gizirlik kursunu keçmiş, gizir rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətini davam etdirmişdir. 

Anar Nağıyevin 13 illik yüksək hərbi xidməti Müdafiə Nazirliyi tərəfindən qiymətləndirilmiş, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medalları, həmçinin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı (26.06.2017), "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli (2019-cu il) medalları ilə təltif olunmuşdur.

“N” saylı hərbi hissənin hərbi qulluqçusu gizir Anar Nağıyev 8 noyabr 2020-ci ildə Qarabağın üzük qaşı olan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizirimiz 17.11.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, üç azyaşlı – Röyal adlı oğul, Jasmin və Anarə adlı qız övladları yadigar qalıb.

İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, gizir Anar Nağıyevin də göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif edilən Anar daha sonra 5 medala da layiq görülmüşdür. Anar Nağıyev ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 noyabr 2020-ci il tarixli Əmrinə əsasən Azərbaycan Respublikasının “Şücaətə görə” medalına layiq görülmüşdür.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə “Qarabağ” ordenli şəhidimizin adı verilib.

Baş leytenant Nəsibov Xaliddin Vaqif oğlu


Şəhid Xaliddin Nəsibov 17 iyul 1998-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2004-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin ildə sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək yüksək balla daxil olmuşdur. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin sirlərinə dərindən yiyələnən Xaliddin sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir. 2019-cu ildə həmin ali məktəbi bitirmişdir. Həmin ilin avqust ayının 1-dən Ağcəbədi rayonunda “N” saylı hərbi hissədə leytenant hərbi rütbəsində xidmətə başlamışdır.

Vətən müharibəsi başlayanda motoatıcı tağım komandiri vəzifəsində xidmət edən Xaliddin Nəsibov döyüş meydanında göstərdiyi igidliyə və şücaətə görə baş leytenant rütbəsi də almışdır. O, 15 oktyabr 2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. İkinci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən Xaliddin Nəsibov 6 noyabr 2020-ci il tarixdə uca zirvəyə - Şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşdu. İgid qəhrəmanımız 18 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qarapapaq kəndində kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Xaliddin Nəsibovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid baş leytenant ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. 

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun şeirlərinə yazılmış “Yarımçıq qalmış şeir dəftəri” adlı kitab çap olunmuşdur. 18.11.2021-ci il tarixdə şəhidin 1-ci ildönümündə həmin kitabın təqdimatı olub. Şəhərin Nəriman Nərimanov küçəsində igid Vətən oğlunun xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa edilib. 04.05.2022-ci il tarixdə həmin bulağın təntənəli şəkildə açılışı olub. Şəhərin Heydər Əliyev prospektində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun vaxtilə təhsil aldıqları Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların xatirəsinə tikilən bulaqda igid Vətən oğlunun da adı var. 

Mustafayev Mustafa Bahad oğlu


Mustafayev Mustafa Bahad oğlu 10 may 1938-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1945-ci ildə Cəfərli kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuş, 1952-сi ildə həmin məktəbin 7-ci sinifini bitirmişdir. 1956-cı ildə SSRİ silahlı qüvvələrinə hərbi xidmətə çağırılmış, 1957-ci ildə xəstəliyinə görə tərxis olmuşdur. 1957-ci ildən “Pravda” kolxozunda naxırçı işləmiş, 1972-ci ildən isə “Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 18 noyabr 1996-cı ildə Cəfərli kəndində öz xırdabuynuzlu mal-qarasını otararkən ermənilər tərəfindən vurulmuşdur.



Facebook-da paylaş