• Təqvim

  • Unutma

  • Maraq



Bizim qürur mənbəyimiz, vüqarımız, fəxrimiz olan şəhidlərimizi yad etmək hər birimizin müqəddəs borcudur


Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------

Vətən! Beş hərfdən ibarət olan bu kəlmə bizlərə o qədər doğma, əzizdir ki, bir qarış, bir ovuc torpağı uğrunda ölümün gözünə dik baxaraq canlar fəda etmək üçün, adımızı o müqəddəs torpağa qanımızla yazmaq üçün bir an belə tərəddüd etmirik. Vətən məhəbbətinin, Vətəni sevməyin ən ülvi hiss olduğunu bildiyimiz üçün, ulu babalarımızdan, atalarımızdan bizlərə miras qalan bu sərvəti bizlərin qorumalı olduğunu dərk etdiyimiz üçün Vətənin hər daşı, hər qayası bizlərə əziz və doğma gəlir. Ana laylalarıyla başlayan vətənpərvərlik hissi, torpağa, elə-obaya bağlılığımız, Vətənə əsgər olmağın ülviliyi bizlərin hər zaman cəsur, igid, mərd Vətən oğulları kimi, ən əsası da Vətənin bir parçası kimi yetişməyimizdə həmişə mühüm amil olub. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” düşüncəsini qəbul etdiyimiz an hər şeydən əvvəl Vətəni dərin məhəbbətlə sevməli olduğumuzu, onun mənafeyini qorumağın ən ümdə işimiz olduğunu anlayırıq. Vətənin bir parçası olmaq, Vətəni qorumaq hamımızın borcudur. Varlığımız, fəxrimiz, qürurumuz saydığımız Vətəni ona görə sevməli və qorumalıyıq ki, Vətənin hər qarış torpağında neçə-neçə qəhrəmanımızın ayaq izi, isti nəfəsi var. Ən əsası da həmin torpaqlarımız uğrunda canlarından keçən oğullarımızın qanı ilə yoğrulub. Unutmamalıyıq ki, Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur. Bizim qürur mənbəyimiz, vüqarımız, fəxrimiz olan, ən uca və müqəddəs zirvəni fəth edən şəhidlərimizə ehtiramla yanaşmaq, onları gənc nəsillərə örnək göstərmək hər birimizin müqəddəs borcu sayılmalıdır. 

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, CəfərliBala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...  

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən - Azər Hüseynovun, Arzu Məmmədovun, Aqil Musayevin, Abduləzim Vəliyevin, Rafiq Alıcanovun, Vüqar Vəliyevin, İslam Nəsibovun, Akif Bəbirovun, Azad Mikayılovun, Əlləz Əlləzovun, Vüqar Bənnayevin, Namiq Əhmədovun əziz xatirəsini yad edirik. 

Hüseynov Azər Qələndər oğlu


Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1981-ci ildə Fərəhli kənd ümumi orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1988-1990-cı illərdə Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məkəbin onuncu sinfini bitirmişdir. 1992-96-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət etmişdir. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olmuşdur. Evli idi. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayır.

Məmmədov Arzu Mustafa oğlu


Məmmədov Arzu Mustafa oğlu 15 aprel 1972-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. 1990-1992-ci illərdə Vladivastok şəhərində hərbi xidmətdə olmuşdur. 1992-ci ilin avqust ayında Azərbaycan Ordusuna hərbi xidmətə yola salınmışdır. 2 noyabr 1992-ci ildə Ağköynək kəndində şəhid olmuşdur.

Musayev Aqil Hüseyn oğlu


Musayev Aqil Hüseyn oğlu 3 noyabr 1974-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə birinci sinfə getmiş, 1991-ci ildə onuncu sinfi bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir. 1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə  əsgər və zabit heyətinin hörmətini qazanmışdır. O, 777 saylı hərbi hissənin tərkibində cəbhəyə getmişdir. İlk döyüşü Ağdam bölgəsində olmuşdur. Aqil hər dəfə döyüşə yollananda ürəyindən bir arzu keçirdi - torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək! Döyüşlərdə ölümün gözünə dik baxır, rəşadətlə vuruşurdu. A.Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən döyüşdə yaralanmışdır. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdır. O, böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də, Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak oldu. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayon Əzizbəyli (indiki Hüseynbəyli) kəndində Şəhidlər xiyabanında dəfn olunmuşdur. Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. Xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.

Vəliyev Abduləzim Omar oğlu


Vəliyev Abduləzim Omar oğlu 1941-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 3 noyabr 1992-ci ildə ermənilərin tutduqları mövqedən Daş Salahlı kəndinə atılan top mərmisi nəticəsində şəhid olmuşdur.

Alıcanov Rafiq Cəfər oğlu


Alıcanov Rafiq Cəfər oğlu 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynanın Dnerodzejinsk şəhərində ixtisası üzrə xidmətə başlayır. 1988-ci ildə o, Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci ildə Vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Rafiq Alıcanov Füzuli bölgəsində gedən döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.

Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ağstafa rayonunun Köçvəlili kəndində dəfn edilmişdir. Köçəvəlli kənd orta məktəbi və Ağstafa şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.

Vəliyev Vüqar Eyyub oğlu


Vəliyev Vüqar Eyyub oğlu 5 noyabr 1975-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-1992 illərdə Ağköynək kənd tam orta məktəbində təhsil almışdır. Vəliyev Vüqar Eyyub oğlu 1993-cü ildə hərbi xidmətə getmişdir. 703 saylı hərbi hissədə xidmətə başlamışdır. Xidməti zamanı Murovdağ, "Qlobus” yüksəkliyi və Tərtər bölgələrinin erməni işğalçılarından müdafiə olunmasında döyüş yolları keçərək müqavimətlər göstərmişdir. 1994-cü il iyun ayının 6-da Çaylı kəndində kəşfiyyatda olduğu zaman düşmən tərəfindən mühasirəyə düşmüş, son damla qanına qədər döyüşmüş və şəhid olmuşdur.

Nəsibov İslam Yusif oğlu


Nəsibov İslam Yusif oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1964-cü ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmişdir. 1974-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1975-ci ildə keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir.  5 noyabr 1991-ci ildə şəhid olmuşdur.

Bəbirov Akif Ələddin oğlu


Bəbirov Akif Ələddin oğlu 5 noyabr 1974-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1981-ci ildə Xanbağı kənd tam orta məktəbin birinci sinfə daxil olmuşdur. 1992-ci ildə məktəbi bitirib hərbi xidmətə yola düşmüşdür. 8 fevral 1993-cü ildə Ağdərədə gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 1993-cü il tarixli 389 saylı qərarı ilə Xanbağı kənd tam orta məktəb şəhid Akif Bəbirovun adını daşıyır.

Mikayılov Azad Tanrıverdi oğlu


Mikayılov Azad Tanrıverdi oğlu 12 aprel 1965-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1972-ci ildə Xanlıqlar kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1983-1985-ci illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1985-1990-cı illərdə Qazax Sənaye Kombinatında qaynaqçı kimi əmək fəaliyyətinə başlamışdır. 1990-cı ildən Qazax rayon Polis şöbəsində Polis nəfəri işləmişdir. 6 noyabr 1991-ci ildə Qazax rayonunun Xeyrımlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Bu gün Xanlıqlar kənd ümumi orta məktəb şəhid Azad Mikayılovun adını daşıyır.

Əlləzov Əlləz Ələddin oğlu


Əlləzov Əlləz Ələddin oğlu 6 noyabr 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2017-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirmişdir. 5 yanvar 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2019-cu il martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində törətdiyi təxribat zamanı axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olmuşdur. Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu martın 27-də böyük izdihamla doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Vətən uğrunda canından keçən şəhidimizin bir qardaşı var.

Bənnayev Vüqar Sabir oğlu


Bənnayev Vüqar Sabir oğlu 21 avqust 1979-cu ildə Qazax şəhərində anadan olmuşdur. 1986-cı ildə Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1996-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin gizirlik məktəbinə daxil olmuşdur. Həmin il kursu bitirdikdən sonra Tərtərdə hərbi xidmətdə olmuşdur. 7 noyabr 2002-ci ildə Tərtər istiqamətində torpaqlarımızın ərazi bütövlüyü uğrunda vəzifə borcunu yerinə yetirərkən düşmən tərəfindən atılan snayper gülləsi nəticəsində şəhid olmuşdur.

Əhmədov Namiq Hajan oğlu


Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərək artilleriya ixtisasına yiyələnmişdir. 2007-ci ildəSilahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM)zabit kursunda oxuduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində zabit kimi xidmətə başlamışdır. O, Aprel döyüşlərində fəal iştirak etmiş və Aprel döyüşlərindən sonra Fəxri Fərmanla təltif olunmuş, ona vaxtından əvvəl mayor rütbəsi verilmiş və N saylı hərbi hissənin komandiri vəzifəsinə irəli çəkilmişdir.

2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olmuşdur. Şəhid Namiq Əhmədov iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhidimiz ailəliydi, Nigar adlı bir qız və Məhəmməd adlı bir oğlan övladı yadigar qalıb. Qeyd edək ki, rayon rəhbərliyi tərəfindən şəhidimizin evinin təmiri yüksək səviyyədə başa çatdırılaraq ailəsinə təhvil verilib.



Facebook-da paylaş