Şəhidlər Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəmanlardır
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------------------- Şəhidlik insanın Allaha, Vətənə, xalqına, millətinə olan sevgisinin həyat-ölüm
astanasında qeyd-şərtsiz şəhadət tapdığı ali məqamdır. Şəhidlər Vətən-Allah,
xalq-haqq savaşından məğrurluqla çıxıb, bir anın içində milyonların əzizinə, Vətən
oğluna çevrilib ölümü ilə də bu torpağı şərəfləndirənlərdir. Buna görə də onlar
bizim and yerimiz, qürur mənbəyimizdir! Ona görə qürur mənbəyimizdir ki, bu
Vətən sevdalıları, bu Vətən aşiqləri göz qırpmadan, ölümün üzünə dik baxaraq, kəfənlərini
əyinlərinə geyinib şüurlu şəkildə, qələbə naminə ölümün ağuşuna atılıblar. Dövlət-ordu-xalq
birliyinin nələrə qadir ola biləcəyini, Azərbaycanın hərbi qüdrətini öz qəhrəmanlıqları
ilə bütün dünyaya sübut ediblər. Öz cəsarətləri ilə hər zaman düşmənə sübut
ediblər ki, Vətən torpağının bir qarışı belə onlar üçün həmişə qiymətli olub. Ata-babalarımızdan bizə
miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümün
gözünə dik baxaraq, həyatını itirməkdən bir an belə qorxmadan döyüşə atılan
oğullarımız dünən də olub, bu gün də var və gələcəkdə də olacaq. Mərd, igid
oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir, əksinə daim qələbələr
qazanır. Vətənin müdafiəsi uğrunda
canından, qanından keçən belə qəhrəmanlarımız, yurdumuzun bütövlüyü naminə
canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız hər zaman yaddaşlarda
yaşayacaqlar. Bu zirvəyə ucalan cəsur, igid
əsgərləri, qəhrəmanları hər bir Azərbaycan vətəndaşı tanımalı,
onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və
düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin
əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və
ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu
olmalıdır. Bu gün düşmənlə 168 km
məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı
Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən
gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda
280-dən artıq şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını
alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur. Bu gün rayonumuza ayrı-ayrı
dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş
çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş
lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda
keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər
mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar
alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda
tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır. Qazax rayonunda
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və
anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən
oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur,
göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad
olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman
qəlblərdə yaşayırlar. GOYEZEN.AZ saytının Vətən uğrunda
canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini
yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq
bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum və anım
günü olan şəhidlərimizdən – Mədəd Nəsibovun, Altay Qafarovun, Şərifə Talıbovanın, Araz Məmmədovun əziz
xatirələrini yad edirik. Nəsibov Mədəd İsə oğlu Nəsibov Mədəd İsə oğlu 12
sentyabr 1966-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1972-ci
ildə Qaymaqlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1982-ci ildə
həmin məktəbin onuncu sinfini bitirmişdir. 1982-ci ildə Azərbaycan Neft Kimya İnstitutuna daxil olmuşdur. 1984-1986-cı illərdə hərbi xidmətdə
olmuş, hərbi xidmətdən sonra təhsilini davam etdirmişdir. 1989-cu ildə institutu
bitirdikdən sonra Balaxanı Neft-Qazçıxarma idarəsində işləmişdir. 1993-cü ildə
Azərbaycan Milli Ordusuna çağırılmışdır.
14 aprel 1994–cü ildə Kəlbəcər döyüşlərində şəhid olmuşdur. Qafarov Altay Sadıq oğlu Qafarov Altay Sadıq oğlu 14
sentyabr 1970-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur.
Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbində təhsil almışdır. N
saylı hərbi hissədə xidmət etmişdir. 7 oktyabr 1995-ci ildə şəhid olmuşdur.
Subay idi. Talıbova Şərifə Qəfər qızı Talıbova Şərifə Qəfər qızı 15
sentyabr 1963-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur.
1970-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş,
1980-ci ildə həmin məktəbi bitirmişdir. Talıbova Şərifə Qəfər qızı 1 may
1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən Quşçu Ayrım kəndinə atılan
top mərmisinin qəlpəsindən şəhid
olmuşdur. Ailəli idi. 2 övladı var. Məmmədov Araz Misir oğlu Məmmədov Araz Misir oğlu 15
sentyabr 1980-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1987-ci
ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1998-ci ildə
məktəbi bitirərək hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən tərxis olunduqdan
sonra Məzəm kəndinə qayıtmışdır. 12 iyun 2001-ci ildə Məzəm kəndinin ərazisində
Coğazçay su anbarında balıq tutarkən erməni silahlı qüvvələri tərəfindən açılan
atəş nəticəsində şəhid olmuşdur. Subay idi.
Facebook-da paylaş