• Təqvim

  • Unutma

  • Maraq



Vətən uğrunda canını qurban verənlər heç vaxt unudulmur

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasalar belə hər zaman qəlblərdə yaşayırlar. Onlar uca bir mərtəbəyə yüksəlməklə bu yurdun həmişə vətənpərvər, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan igid, cəsur oğullar yetişdirdiyini hər kəsə nümayiş etdirirlər. Şəhidliyin uca bir zirvə olmaqla bərabər, həm də bir məktəb olduğunu bizlərə göstərirlər. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən Şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını Şəhidlik adlı uca bir zirvəyə yazanların döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. Hər bir Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. 

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 342 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. 

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən –baş leytenant Yunis Kazımovun, İlham İsmayılovun, Əmrah Vəliyevin, Nizami Yusifovun, Sərdar Hüseynovun əziz xatirəsini ehtiramla yad edirik.

Baş leytenant Kazımov Yunis Qasım oğlu


Kazımov Yunis Qasım oğlu 24 sentyabr 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbini bitirmişdir. Ali təhsillidir. 2011-2015-ci il tarixlərdə Azərbaycan Dövlət Aqrar Universitetində yol kadastrı ixtisasını bitirmişdir. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, rütbəsi baş leytenant olmuşdur. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində iştirak etmişdir. 4 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə sol ayağından qəlpə yarası almışdır. İlk tibbi yardım göstərildikdən sonra döyüşə qayıtmış, Şuşa azad olunduqdan sonra müalicə üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Tovuz rayonunda hərbi hospitalda müalicəsini davam etdirmişdir. Xidmət etdiyi hərbi hissəyə qayıtmışdır. 12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcərdə düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur. Ailəli idi. 1 oğul övladı yadigar qalıb. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.

İsmayılov İlham Məhəmməd oğlu


İsmayılov İlham Məhəmməd oğlu 20 aprel 1962-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1969-cu ildə Kəmərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə məktəbi bitirmişdir. 1980-1982-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra kənddə yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusu sıralarına çağırılmış, erməni qəsbkarlarına qarşı döyüşmüşdür. 1995-ci ilin sentyabr ayının 20-də beyin nahiyəsindən aldığı yaradan şəhid olmuş, səkkiz gün cəsədi erməni tərəfdə qalmış və 29 sentyabrda Kəmərli kəndində dəfn olunmuşdur. Ailəli idi, 3 övladı var. 

Vəliyev Əmrah İsgəndər oğlu


Vəliyev Əmrah İsgəndər oğlu 27 yanvar 1971-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1978-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə məktəbi bitirərək sovet ordusunda xidmət etmişdir. Vəliyev Əmrah İsgəndər oğlu 21 sentyabr 2001-ci ildə Quşçu Ayrım kəndi ərazisində odun gətirən zaman ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur. 

Yusifov Nizami Göyüş oğlu


Yusifov Nizami Göyüş oğlu 28 yanvar 1967-ci ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1974-cü ildə Canalı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1994-cü ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 23 sentyabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babəkər ərazisində gedən döyüşlərdə şəhid olmuşdur.

Hüseynov Sərdar Aydın oğlu


Hüseynov Sərdar Aydın oğlu 2 avqust 1968-ci ildə Qazax rayonunun Qızılhacılı  kəndində anadan olmuşdur. 1975-ci ildə Qızılhacılı kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1983-85-ci illərdə Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 10-cu sinifini bitirmişdir. 1986-88-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra  Bakı Tibb Texnikomunu bitirmişdir. Qazax rayon Qızılhacılı kənd Feldşer-Mama Məntəqəsinin müdiri işləmişdir. 24 sentyabr 1993-cü ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Evli idi.



Facebook-da paylaş