Vətən naminə canlarını fəda edənləri yad etmək bizim ən ümdə vəzifəmizdir
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Vətən naminə, torpaqların ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim ən ümdə vəzifəmizdir. Vətən oğul və qızlarının keçdikləri döyüş yolunu gənclərə çatdırmaq, onları gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək hər birimizin ən müqəddəs borcu olmalıdır. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – kapitan Rəsul Veyisovun, Vüqar Həsənovun, İlqar Əliyevin, Aydın Məmmədovun, İsmandiyar Mürsəlovun, Şahvələd Qocayevin, Polad Əhmədovun, çavuş Arzu Nəbiyevin, Mehman Cürənovun, Vasif Mehtiyevin əziz xatirəsini ehtiramla yad edirik.
Kapitan Veyisov Rəsul Əkbər oğlu
Veyisov Rəsul Əkbər oğlu 4 aprel 1951-ci ildə Gədəbəy rayonunun Bilal kəndində anadan olmuşdur. Ata və anası Qazax rayonundan olsa da Rəsul dünyaya gələndə hər iki valideyni Gədəbəydə müəllim işləyiblər. Rəsul Veyisov 1958-1968-ci illərdə Gədəbəy rayonunun Nəriman kənd tam orta məktəbində təhsil almışdır. Ukraynanın Çop şəhərində hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hüquq fakültəsində təhsil almışdır. 1992-ci il iyul ayının 7-də Qazax rayonunun Quşçu Ayrım kəndində gedən döyüşlərdə şəhid olmuşdur. 1992-ci ildə iyul ayının 8-də Bakıdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Həsənov Vüqar Eldar oğlu
Həsənov Vüqar Eldar oğlu 6 aprel 1984-cü ildə Qazax şəhərində anadan olmuşdur. 1991-ci ildə Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbə daxil olmuş, 9-cu sinifi bitirdikdən sonra Xanlıqlar kəndində10-11 sinifi oxumuşdur. Eyni zamanda Qazax şəhər Musiqi Məktəbini bitirmişdir. 2002-ci ilin aprel ayında hərbi xidmətə getmiş, həmin ilin iyul ayının 18-də Beyləqan rayonunda düşmənlə təmas xəttində torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Qazax şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.
Əliyev İlqar Nəbi oğlu
Əliyev İlqar Nəbi oğlu 6 aprel 1971-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1978-1989-cu illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1989-1991-ci illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il dekabr ayının 29-da xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
Məmmədov Aydın Musa oğlu
Məmmədov Aydın Musa oğlu 7 aprel 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci ildə tərxis olunmuşdur. Elə həmin ildə də Azərbaycan Milli Ordusuna çağırılmışdır. 29 dekabr 1992-ci ildə Lələkənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd tam orta məktəbi şəhid Aydın Məmmədovun adını daşıyır.
Mürsəlov İsmandiyar Musa oğlu
Mürsəlov İsmandiyar Musa oğlu 18 sentyabr 1932-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1940-cı ildə Cəfərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1948-ci ildə həmin məktəbin 7-ci sinifini bitirmişdir. 1952-1955-ci illərdə SSRİ silahlı qüvvələrində Belarusiya Respublikasında xidmət etmişdir. Qazax rayon yol-istismar idarəsində fəhlə işləmişdir. 8 aprel 1997-ci ildə Bala Cəfərli kəndində evindən çıxıb öz mal-qarasını gətirməyə gedərkən ermənilər tərəfindən snayperlə vurulmuşdur.
Qocayev Şahvələd Məhəmməd oğlu
Qocayev Şahvələd Məhəmməd oğlu 5 sentyabr 1937-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində andan olmuşdur. Şahnabad Nəsibova adına Sarıvəllikənd tam orta məktəbində təhsil almışdır. 10 aprel 1993-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində şəhid olmuşdur. Ailəli idi.
Əhmədov Polad Məmməd oğlu
Əhmədov Polad Məmməd oğlu 10 aprel 1972-ci ildə Quşçu Ayrım kəndində anadan olmuşdur. 1979-cu ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbi bitirmiş və ordu sıralarında xidmət keçmişdir. Əhmədov Polad Məmməd oğlu 17 oktyabr 2004-cü ildə Quşçu Ayrım kəndində odun gətirən zaman erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay idi.
Çavuş Nəbiyev Arzu Abdulla oğlu
Nəbiyev Arzu Abdulla oğlu 10 aprel 1965-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşdur. 1972-ci ildə Alpout kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə Qazax rayonundakı Kənd Təsərrüfatı Texnikumuna qəbul olmuşdur. 1983-1985-ci illərdə Ermənistanın Lalaxan rayonunda hərbi xidmət keçmişdir. Muxtar Hacıyev adına sovxozda işləyərək evin tək oğlu olduğuna baxmayaraq könüllü olaraq Milli Orduya qoşulmuşdur. 1990-1993-cü illərdə Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Topçu olan Arzu Nəbiyev 22 iyul 1993-cü ildə Fərəhli kəndində yerləşən Odun dağı adlanan ərazidə minaya düşərək şəhid olmuşdur. 1994-cü ildə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. Ailəliydi. İki övladı yadigar qalmışdır.
Cürənov Mehman Məcid oğlu
Cürənov Mehman Məcid oğlu 10 aprel 1966-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1984-1986-cı illərdə keçmiş sovetlər birliyində hərbi xidmətdə olmuşdur. 27 iyun 1992-ci ildə Qızılhacılı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Mehtiyev Vasif Əhməd oğlu
Mehtiyev Vasif Əhməd oğlu 10 aprel 1973-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbdə təhsil almışdır. 1992-ci ildə hərbi xidmətə yola düşmüşdür. 3 sentyabr 1993-cü ildə Kəlbəcərdə gedən döyüşlərdə şəhid olmuşdur.
Facebook-da paylaş