Vətən naminə canlarını fəda edənləri yad etmək bizim ən ümdə vəzifəmizdir
Şəhidlərimizi tanıyaq və tanıdaq-----------
Vətən naminə, torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim ən ümdə vəzifəmizdir. Vətən oğul və qızlarının keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onları gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək hər birimizin ən müqəddəs borcu olmalıdır. "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”, - deyərək döyüşə atılan, şəhidlik adlı müqəddəs zirvəni fəth edən şəhidlərimizi, onların keçdikləri döyüş yolunu gənc nəsillərə örnək göstərmək hər kəsin ən əsas işi olmalıdır.
Bu gün düşmənlə 168 km
məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də
düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz
qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7
nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və
qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə
üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə
başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması,
şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış
abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi,
əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində
yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da
şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin daha bir əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz
olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı
ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun
şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.
Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin
böyük rolu vardır.
Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.
GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – İsrayıl Əfəndiyevin, Namiq Hacıyevin, Cavid Omarovun, Fidat Məmmədovun, Fərman Yolçuyevin, Arif Kazımovun, Seymur Əliyevin əziz xatirələrini yad edirik.
Əfəndiyev İsrayıl Süleyman oğlu
Əfəndiyev İsrayıl Süleyman oğlu 25 fevral 1964-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1971-ci ildə şəhid Valeh Musayev adına İkinci Şıxlı kənd orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Həmin ildə Bədən Tərbiyəsi Texnikumuna qəbul olmuş, 1985-ci ildə texnikumu bitirərək hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Valeh Musayev adına tam orta məktəbdə bədən tərbiyəsi müəllimi işləmişdir. Müəllim işlədiyi vaxtda səfərbərlik zamanı Milli Orduya çağırılmışdır. Ordan da Sanqaçalda "sapyor” (minaaxtaran) ixtisası üzrə zabit dərəcəsi almış, 707 saylı hərbi hissəyə göndərilmişdir. İşlədiyi müddətdə 707 saylı hərbi hissədə şəxsi işlər üzrə zabit işləmişdir. 17 dekabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babakər dağı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli olub, 2 övladı var.
Hacıyev Namiq Səhrab oğlu
Hacıyev Namiq Səhrab oğlu 17 dekabr 1974-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1981-1992-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1992-ci ilin dekabrında Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il mart ayının 1-də Ağdamda cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
Omarov Cavid Hüseynəli oğlu
Omarov Cavid Hüseynəli oğlu 27 oktyabr 1968-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Şəhid Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Qazax zonasında xidmət etmişdir. 18 dekabr 1993-cü ildə şəhid olmuşdur. Evli olub. 2 övladı var.
Məmmədov Fidat Əhməd oğlu
Məmmədov Fidat Əhməd oğlu 20 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1980-1981-ci illərdə Bakıda 6 saylı texniki peşə məktəbində təhsil almışdır. 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində gedən döyüşlərdə şəhid olmuşdur.
Yolçuyev Fərman Sabit oğlu
Yolçuyev Fərman Sabit oğlu 20 dekabr 1968-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1976-cı ildə şəhid İslam Nəsibov adına Aşağı Əskipara kənd orta məktəbinin birinci sinfinə getmiş, 1986-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Yolçuyev Fərman Sabit oğlu 11 may 1992-ci ildə şəhid olmuşdur.
Kazımov Arif Nəbi oğlu
Kazımov Arif Nəbi oğlu 21 dekabr 1965-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildən 1985-ci ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra elə sovet ordusu sıralarında qalaraq gizir rütbəsində hərbçi kimi işləmişdir. 1992-ci ildə Qarabağ müharibəsi başlayarkən xaricdən gələrək Azərbaycan Ordusunda könüllü olaraq xidmət etməyə başlamışdır. 1997-ci il aprel ayının 19-da Ballı Qaya yüksəkliyi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Arif Kazımov 20 apreldə doğulduğu Yuxarı Salahlıda yaylım atəşi altında dəfn olunmuşdur. Kazımov Arif Nəbi oğlu ölümündən sonra "Hərbi xidmətə görə” medalı (№ 873) ilə təltif olunmuşdur. Bir qızı və adını qoyduqları bir oğlu var.
Əliyev Seymur Rövşən oğlu
Əliyev Seymur Rövşən oğlu 22 dekabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. 2005-2006-cı illərdə şəhid Namiq Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmişdir. 15 avqust 2007-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.
Facebook-da paylaş