Şəhidlərimizin xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni özününkü olduğu üçün sevmək, qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır. Vətən naminə, torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim ən ümdə vəzifəmiz olmalıdır. "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”, - deyərək döyüşə atılan, şəhidlik adlı müqəddəs zirvəni fəth edən şəhidlərimizi, Vətən oğul və qızlarının keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onları gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək hər birimizin ən müqəddəs borcu olmalıdır. Zaman ötsə, fəsillər dəyişsə, illər əsrlərə, əsrlər minilliklərə çevrilsə, tarixə dönsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız, onların göstərdikləri şücaət heç vaxt unudulmamalıdır. Vətənin, millətin, dövlətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətlə anılmalı, xatirələri əziz tutulmalıdır. Hər kəs bilməlidir ki, uca zirvəyə yüksələn oğullarımız qəhrəmanlıqları ilə təkcə valideynlərinin deyil, bütün xalqın övladına çevrilirlər.
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 288 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Aqil Musayevin, Məmmədkərim Cəfərovun, Gülayə Yusibovanın, Altay Qafarovun, Nizami Məmmədovun, Ramin Əliquluyevin, Elman Əliyevin əziz xatirəsini yad edirik.
Musayev Aqil Hüseyn oğlu
Musayev Aqil Hüseyn oğlu 3 noyabr 1974-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə birinci sinfə getmiş, 1991-ci ildə onuncu sinfi bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki-peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir. 1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə əsgər və zabit heyətinin hörmətini qazanmışdır. O, 777 saylı hərbi hissənin tərkibində cəbhəyə getmişdir. İlk döyüşü Ağdam bölgəsində olmuşdur. Aqil hər dəfə döyüşə yollananda ürəyindən bir arzu keçirdi - torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək! Döyüşlərdə ölümün gözünə dik baxır, rəşadətlə vuruşurdu. A.Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən döyüşdə yaralanmışdır. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdır. O, böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də, Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak oldu. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayon Əzizbəyli (indiki Hüseynbəyli) kəndində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Cəfərov Məmmədkərim Sosu oğlu
Cəfərov Məmmədkərim Sosu oğlu 5 oktyabr 1964-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1971-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 28 may 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Babakər adlı postda qulluq edərkən minaya düşərək şəhid olmuşdur. Ailəli idi, bir övladı var.
Yusibova Gülayə Məhəmməd qızı
Yusibova Gülayə Məhəmməd qızı 1952-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1957-ci ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1967-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin onuncu sinfini bitirmişdir. 6 oktyabr 1991-ci ildə Xeyrımlı kəndində şəhid olmuşdur.
Qafarov Altay Sadıq oğlu
Qafarov Altay Sadıq oğlu 14 sentyabr 1970-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbində təhsil almışdır. N saylı hərbi hissədə xidmət etmişdir. 7 oktyabr 1995-ci ildə şəhid olmuşdur. Subay idi.
Məmmədov Nizami Sərhəd oğlu
Məmmədov Nizami Sərhəd oğlu 10 oktyabr 1974-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. Hərbi xidmətdə olmayıb. 1 yanvar 1997-ci il tarixdə gecə erməni kəşfiyyatçısı tərəfindən öz evlərində qətlə yetirilmişdir. Subay idi. Mərhum Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir.
Əliquluyev Ramin Eldar oğlu
Əliquluyev Ramin Eldar oğlu 10 oktyabr 1977-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1995-ci ildə hərbi xidmətə getmişdir. Qarabağ zonasında xidmət edib. 22 yanvar 1998-ci ildə düşmən gülləsindən şəhid olmuşdur. Subay idi.
Əliyev Elman Əli oğlu
Əliyev Elman Əli oğlu 10 oktyabr 1959–cu ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1966-cı ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1975-76-cı illərdə Kosalar kənd tam orta məktəbin onuncu sinfini bitirib. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 13 yanvar 1994-cü ildə Ağdam rayonu istiqamətlərində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir. İki övladı var.
Facebook-da paylaş