Vətən naminə canlarını fəda edənləri yad etmək bizim ən ümdə vəzifəmizdir
Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------
Vətən naminə, torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını "Şəhidlik” adlı zirvəyə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim ən ümdə vəzifəmizdir. Vətən oğul və qızlarının keçdikləri döyüş yolunu gənclərə çatdırmaq, onları gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək hər birimizin ən müqəddəs borcu olmalıdır. "Şəhidlik” adlı müqəddəs amal uğrunda döyüşə atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.
Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.
GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Musa Vəliyevi, Məmməd Rəhimovu, İlham İsmayılovu, Saleh Həsənovu, Şahin Mustafayevi, Qoşqar Qurbanovu yad edirik.
Vəliyev Musa Rəşid oğlu
Vəliyev Musa Rəşid oğlu 16 noyabr 1965-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbinə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Neft Kimya İnstitutuna daxil olmuşdur. 1987-ci ildə həmin institutu bitirmişdir. 1987-ci ildən 1989-cu ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Balaxanı Neft Mədənində nefçi-mühəndis kimi çalışmışdır. 1993-cü ildə Qarabağ müharibəsində zabit kimi xidmətə çağırılmış və 1994-cü il aprel ayının 20-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.
Rəhimov Məmməd Məhəmməd oğlu
Rəhimov Məmməd Məhəmməd oğlu 20 aprel 1948-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Qazax rayonunun Daş Salahlı kəndindəki sovxozda zootexnik kimi başlamış və ömrünün sonunadək öz peşəsini davam etdirmişdir. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi nəticəsində öz həyətlərində şəhid olmuşdur. Ailəli idi. 4 övladı var.
İsmayılov İlham Məhəmməd oğlu
İsmayılov İlham Məhəmməd oğlu 20 aprel 1962-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1969-cu ildə Kəmərli kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1979-cu ildə məktəbi bitirmişdir. 1980-1982-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra kənddə yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusu sıralarına çağrılmış, erməni qəsbkarlarına qarşı döyüşmüşdür. 1995-ci ilin sentyabr ayının 20-də beyin nahiyəsindən aldığı yaradan şəhid olmuş, səkkiz gün cəsədi erməni tərəfdə qalmış və 29 sentyabrda Kəmərli kəndində dəfn olunmuşdur. Ailəli idi, 3 övladı var.
Həsənov Saleh Hüseyn oğlu
Həsənov Saleh Hüseyn oğlu 14 oktyabr 1957-ci ildə Ermənistan Respublikasının İcevan rayonunun Ağkilsə kəndində anadan olmuşdur. 23 aprel 1992-ci ildə Qazax rayonunun Ağköynək kəndində "Nohur” meşəsi deyilən ərazidə odun qırarkən minaya düşmüşdür. Evli idi. 1 övladı var. Qarapapaq kənd qəbiristanlığında dəfn edilmişdir.
Mustafayev Şahin Cəmşid oğlu
Mustafayev Şahin Cəmşid oğlu 1 iyul 1975-ci ildə İcevan rayonunun, Mirteyl kəndində anadan olmuşdur. 1993-cü ildə Milli Ordu sıralarına çağırılan Şahin 888-ci briqadada hərbi xidmətə başlamışdır. 703 saylı hərbi hissənin tərkibində Tərtər su anbarı və "Qlobus” yüksəkliyi uğrunda gedən döyüşlərdə daha inamla döyüşərək yoldaşları ilə birlikdə məkrli niyyətləri olan erməniləri torpaqlarımızdan uzaqlaşdırmağa can atır. İgid əsgər 1994-cü il aprel ayının 25-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olaraq əbədiyyətə qovuşur.
Qurbanov Qoşqar Məqsəd oğlu
Qurbanov Qoşqar Məqsəd oğlu 26 aprel 1980-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1987-ci ildə Fərəhli kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olmuş, 1995-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1995-99-cu illərdə Qazax rayon Kənd Təsərüfatı Texnikumunda təhsil almışdır. 1999-2001-ci illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət etmiş, həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2001-2014-cü illərdə fərdi əməklə məşğul olmuşdur. 2014-cü ildə Azərbaycan Milli Ordu sıralarında müddətsiz hərbi xidmətə daxil olaraq kiçik çavuş rütbəsi ilə xidmət etmişdir. 7 dekabr 2014-cü ildə Qazax rayonunun Cəfərli kəndi istiqamətində hərbi vəzifə borcunu yerinə yetirərkən hərbi texnika ilə düşmən tərəfindən basdırılmış minaya düşərək şəhid olmuşdur. Fərəhli kəndində dəfn edilmişdir. Evli idi. Hazırda həyat yoldaşı Aygül Məmmdova, oğlu Elmir Qurbanov və qızı Hamaya Qurbanova Qazax şəhərində yaşayırlar. Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə Qazax şəhəri M.Ə.Rəsulzadə küçəsində adına bulaq kompleksi inşa edilmişdir. Şəhidin vəfatının 4-cü ildönümü günündə həmin bulaq kompleksinin açılışı olmuşdur.
Facebook-da paylaş