Bu gün Milli Qəhrəman Firuddin Şamoyevin doğum günüdür
Şəhidlərimizi
tanıyaq və tanıdaq---------------------------- Şəhidlər – həmişə vətənpərvər olan, yadelli işğalçılara
qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün
gözünə dik baxan Azərbaycanın igid, mərd, cəsur oğullarıdır! Vətən naminə
canlarını qurban verməkdən çəkinməyən, bu yolda Şəhidlik adlı uca bir zirvəyə
yüksələrək öz qanları ilə adlarını tarixə yazanlar isə hər zaman qəlblərdə
yaşayırlar. Onların keçdiyi döyüş
yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, Şəhidlik
zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər
bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban
etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. "Torpaq, əgər uğrunda ölən
varsa, Vətəndir” şüarı ilə bu müqəddəs
amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Qazax övladları da
çoxdur. Döyüş meydanında göstərdiyi igidliyə görə bugünkü, eləcə də gələcək
nəsillərə örnək olan oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin
şəhidi Şamoyev Firuddin İsa oğludur. Bu
gün yaşasaydı igid Vətən oğlunun 60 yaşı tamam olacaqdı. GOYEZEN.AZ saytı olaraq
ənənəmizə sadiq qalıb doğum günündə Milli Qəhrəmanın əziz xatirəsini dərin
ehtiramla yad edir, igid Vətən oğlunun ruhu qarşısında baş əyir, Allahdan
rəhmət diləyirik. Şamoyev Firuddin İsa oğlu 1962-ci il fevral ayının 7-də Qazax şəhərində
anadan olmuşdur. Orta təhsilini Qazax şəhərində almışdır. 1981-1983-cü illərdə
Qazax rayon Hərbi Komissarlığının çağırışı ilə həqiqi hərbi xidmətdə olmuşdur.
Ordudan tərxis olunduqdan sonra doğulduğu Qazax şəhərinə gələrək Təmir-Tikinti
idarəsində çilingər kimi işə başlayır. Ermənilərin 1988-ci ildən başlanan
əsassız ərazi iddiaları, onların törətdiyi qanlı cinayətlər, Vətənin bütün
qeyrətli oğulları kimi Firuddini də hədsiz dərəcədə hiddətləndirirdi. Dağlıq
Qarabağda, eləcə də digər sərhəd bölgələrimizdə axıdılan günahsız qanlar ara
vermirdi. Kəndlərimiz talan edilir, əhali təlaş içində yaşayırdı. F.Şamoyev 1991-ci
il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazıldı. O, 707 saylı hərbi
hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olundu. Cəsur komandir
Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin
müdafiəsində dəfələrlə iştirak etmiş, düşmənin atəş nöqtələrinin məhv edilməsində
rəşadət göstərmişdi. 13 aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi
ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. Üç
övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Şamoyev
Firuddin İsa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı
verilmişdir. Qazax şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Qazax şəhər 4 nömrəli tam orta məktəb və Qazax
şəhərindəki küçələrdən biri onun adını daşıyır. Bundan əlavə, şəhərin girişində
Milli Qəhrəmanın adını əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunmuşdur.
Facebook-da paylaş