Bu gün Milli Qəhrəman Şamoy Çobanovun doğum günüdür
Şəhidlərimizi
tanıyaq və tanıdaq---------------------------- Şəhidlər – həmişə vətənpərvər olan, yadelli işğalçılara
qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün
gözünə dik baxan Azərbaycanın igid, mərd, cəsur oğullarıdır! Vətən naminə
canlarını qurban verməkdən çəkinməyən, bu yolda Şəhidlik adlı uca bir zirvəyə yüksələrək
öz qanları ilə adlarını tarixə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq,
onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların
xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər bir Azərbaycan
vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə
ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. Döyüş meydanında göstərdiyi
igidliyə görə bugünkü, eləcə də gələcək nəsillərə örnək olan oğullardan biri də Azərbaycanın Milli
Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Çobanov Şamoy Məhyəddin oğludur. Bu gün yaşasaydı 56 yaşı tamam olacaqdı. GOYEZEN.AZ saytı olaraq
ənənəmizə sadiq qalıb doğum günündə Milli Qəhrəmanın əziz xatirəsini dərin
ehtiramla yad edir, igid Vətən oğlunun ruhu qarşısında baş əyir, Allahdan
rəhmət diləyirik. Çobanov Şamoy Məhyəddin oğlu 19 yanvar 1965-ci ildə Qazax rayonunun
Ağköynək kəndində anadan olmuşdur. 1972-ci ildə Səlim Əfəndiyev adına Qazax şəhər
1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin
10-cu sinfini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra bir il avtobazada
çilingər kimi çalışmışdır. 1983-85-ci illərdə keçmiş sovetlər birliyinin
Leninqrad şəhərində hərbi xidmətdə olmuşdur. Xidmətini başa vurduqdan sonra Vətənə
dönmüş və yenidən çilingər kimi çalışmışdır. 1988-ci
ildə Qazax rayonunun Polis Şöbəsində polis nəfəri kimi işə qəbul edilmişdir. Həmin illər Qazaxda da vəziyyət gərgin idi.
Ermənilər tez-tez sərhəd kəndlərinə hücuma keçirdilər. Şamoy işə girdiyi ilk
gündən polis kimi fəaliyyət göstərmədi. Bir əsgər kimi əlində silah
sərhədlərimizin keşiyində dayandı. Ermənilərin Xeyrımlı, Yuxarı Əskipara,
Bağanıs Ayrım kəndlərinə hücuma keçdiyi zaman xüsusi qəhrəmanlıq nümayiş
etdirdi. Öz cəsurluğu ilə fərqlənən gənc polis işçisi tez-tez döyüş bölgələrinə
gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi. 1990-cı
il avqust ayının 19-da Yuxarı Əskipara kəndinə işləyən sərnişin avtobusu Şamoy
Çobanov və başqa polis nəfəri tərəfindən mühafizə olunmuşdur. "Səməd Ağa
vurulan dərə” deyilən ərazidə mənfur ermənilər avtobusu atəşə tutmuşdular.
Atışma başlamış və Şamoy Çobanov avtobusun qapısını açaraq ermənilərin üstünə
getmişdir və bir müddət atışandan sonra qəhrəmancasına şəhid olmuşdur. Ş.Çobanov
Qazaxın Ağköynək kəndində dəfn edilmişdir. İgid
Vətən oğlunun qəhrəmanlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə respublikamızın suverenliyi
və dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında göstərdiyi şəxsi igidliyinə
və şücaətinə görə ölümündən sonra Azərbaycanın
Milli Qəhramanı fəxri adına layiq görülmüşdür. Bəli,
vaxtsız ölüm Şamoy Çobanovun bütün arzularını ürəyində qoydu. Valideynləri onun
toyunu belə görə bilmədilər. Bu gün onun əziz xatirəsi yüzlərlə, minlərlə
azərbaycanlının, xüsusilə də biz qazaxlıların qəlbində yaşayır. 2013-cü
ildə onunla yanaşı digər iki Milli Qəhrəman - Mərfət Nəsibov və Rafiq
Alıcanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası"
sənədli-bədii filmi çəkilmişdir. Ruhun şad, məkanın cənnət olsun igid Vətən
oğlu!
Bu gün Ağköynək kənd tam orta məktəbi Milli Qəhrəmanın adını daşıyır. şəhərin mərkəzində və
doğulduğu Ağköynək kəndində xatirəsinə tikilmiş bulaq var.
2015-ci ildə üç igidin - Şamoy Çobanov, Mərfət Nəsibov və Rafiq Alıcanov
haqqında "İZ Production” studiyası tərəfindən çəkilmiş "Ölümə qənşər” adlı sənədli-bədii
filmdə onların döyüş yolundan söz açılmış, yaxın dostlarının, ailə üzvlərinin
və qohumlarının xatirələrinə yer verilmişdir.
Facebook-da paylaş