Əsas Səhifə > Şəhidlər > Bu gün Milli Qəhrəman Şamoy Çobanovun doğum günüdür
Bu gün Milli Qəhrəman Şamoy Çobanovun doğum günüdür19-01-2021, 16:17 |
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Şəhidlər – həmişə vətənpərvər olan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan Azərbaycanın igid, mərd, cəsur oğullarıdır! Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda Şəhidlik adlı uca bir zirvəyə yüksələrək öz qanları ilə adlarını tarixə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. Döyüş meydanında göstərdiyi igidliyə görə bugünkü, eləcə də gələcək nəsillərə örnək olan oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Çobanov Şamoy Məhyəddin oğludur. Bu gün yaşasaydı 56 yaşı tamam olacaqdı. GOYEZEN.AZ saytı olaraq ənənəmizə sadiq qalıb doğum günündə Milli Qəhrəmanın əziz xatirəsini dərin ehtiramla yad edir, igid Vətən oğlunun ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik. Çobanov Şamoy Məhyəddin oğlu 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1972-ci ildə Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra bir il avtobazada çilingər kimi çalışmışdır. 1983-85-ci illərdə keçmiş sovetlər birliyinin Leninqrad şəhərində hərbi xidmətdə olmuşdur. Xidmətini başa vurduqdan sonra Vətənə dönmüş və yenidən çilingər kimi çalışmışdır. 1988-ci ildə Qazax rayonunun Polis Şöbəsində polis nəfəri kimi işə qəbul edilmişdir. Həmin illər Qazaxda da vəziyyət gərgin idi. Ermənilər tez-tez sərhəd kəndlərinə hücuma keçirdilər. Şamoy işə girdiyi ilk gündən polis kimi fəaliyyət göstərmədi. Bir əsgər kimi əlində silah sərhədlərimizin keşiyində dayandı. Ermənilərin Xeyrımlı, Yuxarı Əskipara, Bağanıs Ayrım kəndlərinə hücuma keçdiyi zaman xüsusi qəhrəmanlıq nümayiş etdirdi. Öz cəsurluğu ilə fərqlənən gənc polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi. 1990-cı il avqust ayının 19-da Yuxarı Əskipara kəndinə işləyən sərnişin avtobusu Şamoy Çobanov və başqa polis nəfəri tərəfindən mühafizə olunmuşdur. "Səməd Ağa vurulan dərə” deyilən ərazidə mənfur ermənilər avtobusu atəşə tutmuşdular. Atışma başlamış və Şamoy Çobanov avtobusun qapısını açaraq ermənilərin üstünə getmişdir və bir müddət atışandan sonra qəhrəmancasına şəhid olmuşdur. Ş.Çobanov Qazaxın Ağköynək kəndində dəfn edilmişdir. İgid Vətən oğlunun qəhrəmanlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə respublikamızın suverenliyi və dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında göstərdiyi şəxsi igidliyinə və şücaətinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülmüşdür. Bəli,
vaxtsız ölüm Şamoy Çobanovun bütün arzularını ürəyində qoydu. Valideynləri onun
toyunu belə görə bilmədilər. Bu gün onun əziz xatirəsi yüzlərlə, minlərlə
azərbaycanlının, xüsusilə də biz qazaxlıların qəlbində yaşayır. 2013-cü
ildə onunla yanaşı digər iki Milli Qəhrəman - Mərfət Nəsibov və Rafiq
Alıcanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası"
sənədli-bədii filmi çəkilmişdir. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu! Geri qayıt |