"Yolunu gözləyirəm"
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu haqqında yazılmış "Yolunu gözləyirəm" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...
"Yolunu gözləyirəm"
Qazax rayonunun Ağköynək kəndində ana yol gözləyir, "oğlum gələcək"- deyə. Qarışıq fikirləri yollar kimi bir-birinə calanıb gedir, getdikcə də elə hey uzanır. Amma nə yollar bitib tükənir, nə də fikir-xəyallar bir yerdə qərar tutub dayanmır. Şirinli-acılı xatirələr çözələndikcə çöhrəsi haldan-hala düşür ananın. Mahirə xanım qarşıda görünən dağlara baxıb bir bayatı pıçıldayır:
Eləmi, ulu dağlar,
Uluslu ulu dağlar.
Oğlum səndə can verdi
Göz yaşım sulu, dağlar.
Ah çəkir. Fikirlər onu oğlunun dünyaya gəldiyi günə - 25 fevral 1989-cu ilə aparır. Həmin gün o qədər sevinmişdi ki... Bir oğuldan sonra bir oğul da doğulmuşdu ailədə. Adını da babası Cəbrayıl kişi qoymuşdu - Alıxan.
Qaragözov Alıxan Əkbər oğlu 1996-cı ildə Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin birinci sinfinə gedib təhsil almağa başladı. Məktəb illərində idmana daha çox maraq göstərir, karate ilə məşqul olur, yarışlarda iştirak edirdi. Hətta bir neçə dəfə çempion olub medallar da almışdı. Alıxan Qaragözov 2007-ci ildə orta təhsilini başa vurduqdan sonra qarşıda onu hərbi xidmət gözləyirdi. Elə həmin ilin 3 iyul tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılan Alıxan Qaragözov öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirməyə başladı. Xidmət dövründə Alıxan hərbi sahədə çalışacağını müəyyən etdi. 1 yanvar 2009-cu ildə hərbi xidmətdən tərxis olunduqdan sonra ürəyində yaranmış arzusunu daha da qətiləşdirdi. Bu, belə də olmalı idi. Əmisi Əli Qaragözov Birinci Qarabağ müharibəsi veteranıdır, qardaşı və 3 əmisi oğlu da hərbidə qulluq edirlər. Ona görə də evlərinə döndükdən bir qədər sonra anasına: "Mən bu formanı ömrümün axırına qədər geyinəcəyəm", - dedi. Elə də etdi.
Alıxan Qaragözov 2009-cu ildə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kiçik çavuş kimi xidmət etməyə başladı. Məqsədinə çatdığı üçün Alıxanın sevincinin həddi-hüdudu yox idi. Onun hərbi formada çəkdirdiyi şəkillərə baxanda bunu aydın şəkildə görmək olur. Hərbi sahəni özü seçdiyi üçün Alıxan Qaragözov xidmətini yüksək səviyyədə həyata keçirir, vicdanla qulluq edirdi. Bunun nəticəsi idi ki, Alıxan Qaragözov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur.
Həyat yoldaşı Əfsanə xanım danışır ki, Alıxan hərbi sahəyə çox bağlı idi. O qədər bağlı idi ki, 2020-ci il avqustun 3-də qızımız dünyaya gələndə belə Qazaxda ola bilmədi, körpənin şəklini çəkib sonradan ona göndərdik.
Mahirə xanım deyir ki, Alıxan yanvarın 14-də (2021-ci ildə) sonuncu dəfə evimizdən çıxanda bizi yaman kövrəltdi. Üç dəfə hamımızla görüşüb evdən çıxdı və bir də geri qayıtdı. Bizə son sözü "Salamat qalın, bəlkə bir də geri qayıtmadım" oldu. Sonradan gördüm ki, Alıxanın şəhid olacağı ürəyinə damıbmış.
...44 gün davam edən Vətən müharibəsi Alıxanın arzu və istəklərinə qol-qanad vermişdi. Ürəyində illərdən bəri kök atmış müqəddəs istəyi həyata keçmişdi. Şanlı Azərbaycan Ordusu müqəddəs və şərəfli vəzifəni həyata keçirərək düşməni darmadağın etmiş, müqəddəs və əzəli torpaqlarımızı işğaldan azad etmişdi. İndi növbə mühəndis- istehkamçıların idi. Azad olunmuş torpaqlara düşmən minalar basdırmış, olduqca təhlükəli vəziyyətə salmışdır. Bu vəzifəni həyata keçirmək üçün istehkamçılar fəaliyyətə başladılar.
Yanvarın 21-də Alıxan Qaragözovun tabe olduğu bölüyü (2021-ci il) Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə gətirdilər. Burada onlar əraziləri minalardan təmizləməyə başladılar. "N" saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 2-ci mühəndis-istehkam manqasınınkomandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Alıxan Qaragözov üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, azad edilmiş əraziləri minalardan təmizlədikcə rahat nəfəs alırdı. Çünki təmizləmə əməliyyatı bu torpaqlarda həyata keçiriləcək tikinti-quruculuq işlərinin başlanması demək idi. Alıxan Qaragözov yanvarın 28-də döyüş təminatı ilə bağlı xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş, Şəhidlik zirvəsinə yüksəlmişdir.
Mahirə xanım deyir ki, bilirəm ki, Alıxan gəlməyəcək. Amma yenə də yolunu gözləyirəm.
Buludlar qaraldı gəl,
Dağları qar aldı gəl.
Yolunu gözləməkdən,
Gözlərim saraldı, gəl.
GOYEZEN.AZ
Facebook-da paylaş