Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan
xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz
canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi
ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir.
Kitabda şəhidimiz kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu haqqında yazılmış "Yolunu gözləyirəm" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...
"Yolunu gözləyirəm"
Qazax rayonunun
Ağköynək kəndində ana yol gözləyir, "oğlum gələcək"- deyə. Qarışıq
fikirləri yollar kimi bir-birinə calanıb gedir, getdikcə də elə hey uzanır.
Amma nə yollar bitib tükənir, nə də fikir-xəyallar bir yerdə qərar tutub
dayanmır. Şirinli-acılı xatirələr çözələndikcə çöhrəsi haldan-hala düşür
ananın. Mahirə xanım qarşıda görünən dağlara baxıb bir bayatı pıçıldayır:
Eləmi, ulu dağlar,
Uluslu ulu dağlar.
Oğlum səndə can verdi
Göz yaşım sulu, dağlar.
Ah çəkir. Fikirlər
onu oğlunun dünyaya gəldiyi günə - 25 fevral 1989-cu ilə aparır. Həmin gün o qədər
sevinmişdi ki... Bir oğuldan sonra bir oğul da doğulmuşdu ailədə. Adını da
babası Cəbrayıl kişi qoymuşdu - Alıxan.
Qaragözov Alıxan Əkbər
oğlu 1996-cı
ildə Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin birinci sinfinə gedib
təhsil almağa başladı. Məktəb illərində idmana daha çox maraq göstərir, karate
ilə məşqul olur, yarışlarda iştirak
edirdi. Hətta bir neçə dəfə çempion olub medallar da almışdı. Alıxan Qaragözov
2007-ci ildə orta təhsilini başa vurduqdan sonra qarşıda onu hərbi xidmət gözləyirdi.
Elə həmin ilin 3 iyul tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı
Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılan Alıxan Qaragözov öz vətəndaşlıq
borcunu ləyaqətlə yerinə yetirməyə başladı. Xidmət dövründə Alıxan hərbi sahədə
çalışacağını müəyyən etdi. 1 yanvar 2009-cu ildə hərbi xidmətdən tərxis olunduqdan
sonra ürəyində yaranmış arzusunu daha da qətiləşdirdi. Bu, belə də olmalı idi.
Əmisi Əli Qaragözov Birinci Qarabağ müharibəsi veteranıdır, qardaşı və 3 əmisi
oğlu da hərbidə qulluq edirlər. Ona görə də evlərinə döndükdən bir qədər sonra
anasına: "Mən bu formanı ömrümün axırına qədər geyinəcəyəm", - dedi.
Elə də etdi.
Alıxan Qaragözov
2009-cu ildə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçusu (MAHHXHQ) kiçik çavuş kimi xidmət etməyə başladı. Məqsədinə
çatdığı üçün Alıxanın sevincinin həddi-hüdudu yox idi. Onun hərbi formada çəkdirdiyi
şəkillərə baxanda bunu aydın şəkildə görmək olur. Hərbi sahəni özü seçdiyi üçün
Alıxan Qaragözov xidmətini yüksək səviyyədə həyata keçirir, vicdanla qulluq
edirdi. Bunun nəticəsi idi ki, Alıxan Qaragözov "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley və "Qüsursuz
xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur.
Həyat yoldaşı Əfsanə
xanım danışır
ki, Alıxan hərbi sahəyə çox bağlı idi. O qədər bağlı idi ki, 2020-ci il
avqustun 3-də qızımız dünyaya gələndə belə Qazaxda ola bilmədi, körpənin şəklini
çəkib sonradan ona göndərdik.
Mahirə xanım deyir ki, Alıxan yanvarın 14-də
(2021-ci ildə) sonuncu dəfə evimizdən çıxanda bizi yaman kövrəltdi. Üç dəfə
hamımızla görüşüb evdən çıxdı və bir də geri qayıtdı. Bizə son sözü
"Salamat qalın, bəlkə bir də geri qayıtmadım" oldu. Sonradan gördüm
ki, Alıxanın şəhid olacağı ürəyinə damıbmış.
...44 gün davam edən
Vətən müharibəsi Alıxanın arzu və istəklərinə qol-qanad vermişdi. Ürəyində illərdən
bəri kök atmış müqəddəs istəyi həyata keçmişdi. Şanlı Azərbaycan Ordusu müqəddəs
və şərəfli vəzifəni həyata keçirərək düşməni darmadağın etmiş, müqəddəs və əzəli
torpaqlarımızı işğaldan azad etmişdi. İndi növbə mühəndis- istehkamçıların idi.
Azad olunmuş torpaqlara düşmən minalar basdırmış, olduqca təhlükəli vəziyyətə
salmışdır. Bu vəzifəni həyata keçirmək üçün istehkamçılar fəaliyyətə
başladılar.
Yanvarın 21-də Alıxan Qaragözovun tabe olduğu bölüyü (2021-ci il) Kəlbəcər
rayonunun Zülfüqarlı kəndinə gətirdilər. Burada onlar əraziləri minalardan təmizləməyə
başladılar. "N" saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 2-ci mühəndis-istehkam
manqasınınkomandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş
Alıxan Qaragözov üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, azad edilmiş əraziləri
minalardan təmizlədikcə rahat nəfəs alırdı. Çünki təmizləmə əməliyyatı bu
torpaqlarda həyata keçiriləcək tikinti-quruculuq işlərinin başlanması demək
idi. Alıxan Qaragözov yanvarın 28-də döyüş təminatı ilə bağlı xidməti vəzifəsini
yerinə yetirərkən həlak olmuş, Şəhidlik zirvəsinə yüksəlmişdir.
Mahirə xanım deyir ki, bilirəm ki, Alıxan gəlməyəcək. Amma yenə də
yolunu gözləyirəm.
Buludlar qaraldı gəl,
Dağları qar aldı gəl.
Yolunu gözləməkdən,
Gözlərim saraldı, gəl.
GOYEZEN.AZ
Geri qayıt
|