Bu gənc yaşımda...
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz əsgər Əliyev İlkin Bəxtiyar oğlu haqqında yazılmış "Bu gənc yaşımda..." başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...
Bu gənc yaşımda...
Bilmirəm, haqqında söhbət açdığım İlkin Əliyev "Azad bir quşdum" adlı mahnını sevirdimi? Bəlkə də bu mahnıya sağlığında qulaq assa idi "Bu mahnı mənə həsr olunub" deyərdi. Bilmirəm. Amma onun haqqında yazmağa başlayanda nədənsə həmin mahnı səsləndi qulaqlarımda. Mahnının sözləri xəyalımdan gəlib keçdi bir anlıq, nakam bir gəncin ömür hekayəsi kimi.
Azad bir quşdum,
Yuvamdan uçdum,
Torpağa düşdüm,
Bu gənc yaşımda.
Amma... Amma Əliyev İlkin Bəxtiyar oğlu qanad açıb uçana, böyüyüb boy atana qədər heç bir körpəyə nəsib olmayacaq bir ömür yaşamışdı Qazax rayonunun Canalı kəndində, acılı və nakam bir ömür. Bu ömür dəftərinin ilk vərəqləri qayğılarla, məhrumiyyətlərlə yazılmışdı əzəlindən. İlkin dünyaya gəldiyi 26 fevral 2001-ci il tarixindən bir neçə ay sonra anasız qalmışdı. Ana qayğısı, ana nəvazişi görməmişdi uşaqlığından. Ata nənəsi Simuzər xanım sinəsinə çəkib böyütmüşdü nəvəsini oğul yerinə. Onun hər qayğısına qalmış, İlkinə həm nənə, həm də ana olmuşdu. Ona görə də bu gün İlkinin yoxluğu Simuzər ananı daha çox ağrıdır, yanıb-yaxılır. Göz yaşları axıdaraq "Onsuz dayana bilmirəm" deyir.
Həyat İlkinə çox şeyi öyrətmişdi körpəliyindən. Evin yeganə övladı olduğu üçün hər işə gedər, atasının, nənəsinin köməyinə yetərdi. İlkin 2007-ci ildə Qazax rayonunun Canalı kənd tam orta məktəbinə gedəndə nənəsi əlindən tutub aparmışdı oxumağa. Məktəbdə nizam-intizamı, verilən tapşırıqlara əməl etməsi ilə yoldaşlarından fərqlənirdi. Elə ona görə də müəllimlərin sevimlisi idi. Uşaqlıqdan idmana daha çox maraq göstərirdi, yunan-roma güləşi ilə məşğul olurdu. Bir neçə dəfə birinci yerə çıxıb medallar da almışdı.
İlkin Əliyev 2018-ci ildə orta məktəbi bitirdikdən sonra 2019-cu il 3 aprel tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır.
Atası Bəxtiyar danışır ki, İlkin əsgərliyə gedəndə sanki toy-bayram idi. Dostları çox olduğu üçün xeyli sayda gənc gəlmişdi onu yola salmağa. Ağstafa dəmiryolu vağzalında dostları onu çiyinlərində yola saldılar hərbi xidmətə. İlkin Azərbaycan bayrağına bürünüb gülə-gülə əl eləyirdi onu yola salanlara. Həmin gün sağollaşmırdı, özü də bilmədən vidalaşırdı doğulub boya-başa çatdığı torpaqla, əzizləri, doğmaları ilə. Axı, hardan biləydi... Hardan biləydi ki, bir ildən sonra nəşi bayrağa bürünüb çiyinlərdə gətirilib torpağa tapşırılacaqdı bundan böyük izdihamla. Hardan biləydi...
İlkin Əliyev Bakıda "N" saylı hərbi hissədə xidmət edirdi. Həyatda olduğu kimi əsgərlikdə də canla-başla xidmət göstərir, silah-sursatlardan istifadə qaydalarını öyrənir, əsgəri vəzifəsini layiqincə yerinə yetirirdi. O, qısa müddətdə topçu-tuşlayıcı kimi püxtələşmişdi, gözündən heç nə yayınmır, verilən istiqamətləri dəqiq nişan alırdı. İlkin həm də sürücü idi. Hərbi xidmətdən öncə sürücülük məktəbini oxuduğu üçün yeri gələndə hərbi maşınları da idarə edirdi.
Atası Bəxtiyar oğlu ilə sonuncu görüşünü belə xatırlayır:
- İlkinin 19 yaşı tamam olanda yanına, xidmət etdiyi hərbi hissəyə getmişdim qardaşım Çingizlə. Görüş alıb görüşdük, ad gününü təbrik elədik, gələn il 20 yaşını evimizdə keçirməyi arzuladıq.
Nənəsi deyir ki, İlkin hərbi xidmətdə ola-ola ona nişan da taxmışdıq. Evin tək övladı olduğu üçün tez evləndirmək istəyirdik. Toyunu görməyə elə tələsirdik ki... Amma qismət olmadı.
Vətən müharibəsi başlayandan bir neçə gün sonra İlkin Əliyevin xidmət etdiyi batareya müharibə bölgəsinə gətirilir. İlkinin döyüş yolu oktyabr ayının 2-dən Füzulidən başlayıb. Sonra bu yol Qubadlıdan, Xocavənddən, Şuşa ətrafından, Laçından keçib. İlkin Əliyev "N" saylı hərbi hissənin artilleriya divizionunun 1-ci batareyasının 1-ci tağımında 2-ci topun komandiri əsgər kimi düşmənin texnikasının, canlı qüvvəsinin məhv edilməsində böyük igidlik və şücaət göstərib. O, 14 noyabr 2020-ci ildə Xocavənddə şəhid olub, Hüseynbəyli kənd qəbiristanlığında yerləşən şəhidlər xiyabanında dəfn olunub.
Əliyev İlkin Bəxtiyar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş