Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan
xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz
canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi
ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir.
Kitabda şəhidimiz əsgər Əliyev İlkin Bəxtiyar oğlu haqqında yazılmış "Bu gənc yaşımda..." başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...
Bu gənc yaşımda...
Bilmirəm,
haqqında söhbət açdığım İlkin Əliyev "Azad bir
quşdum" adlı mahnını sevirdimi? Bəlkə də bu mahnıya sağlığında qulaq assa idi "Bu mahnı mənə həsr
olunub" deyərdi. Bilmirəm. Amma onun haqqında yazmağa başlayanda nədənsə həmin
mahnı səsləndi qulaqlarımda. Mahnının sözləri xəyalımdan gəlib keçdi bir anlıq,
nakam bir gəncin ömür hekayəsi kimi.
Azad bir quşdum,
Yuvamdan uçdum,
Torpağa düşdüm,
Bu gənc yaşımda.
Amma...
Amma Əliyev
İlkin Bəxtiyar oğlu qanad açıb uçana, böyüyüb boy atana qədər heç bir
körpəyə nəsib olmayacaq bir ömür yaşamışdı Qazax rayonunun Canalı kəndində, acılı
və nakam bir ömür. Bu ömür dəftərinin ilk vərəqləri qayğılarla, məhrumiyyətlərlə
yazılmışdı əzəlindən. İlkin dünyaya gəldiyi 26 fevral 2001-ci il tarixindən bir
neçə ay sonra anasız qalmışdı. Ana qayğısı, ana nəvazişi görməmişdi
uşaqlığından. Ata nənəsi Simuzər xanım sinəsinə çəkib böyütmüşdü nəvəsini
oğul yerinə. Onun hər qayğısına qalmış, İlkinə həm nənə, həm də ana olmuşdu.
Ona görə də bu gün İlkinin yoxluğu Simuzər ananı daha çox ağrıdır,
yanıb-yaxılır. Göz yaşları axıdaraq "Onsuz dayana bilmirəm" deyir.
Həyat
İlkinə çox şeyi öyrətmişdi körpəliyindən. Evin yeganə övladı olduğu üçün hər işə
gedər, atasının, nənəsinin köməyinə yetərdi. İlkin 2007-ci ildə Qazax rayonunun
Canalı kənd tam orta məktəbinə gedəndə nənəsi əlindən tutub aparmışdı oxumağa.
Məktəbdə nizam-intizamı, verilən tapşırıqlara əməl etməsi ilə yoldaşlarından fərqlənirdi.
Elə ona görə də müəllimlərin sevimlisi idi. Uşaqlıqdan idmana daha çox maraq
göstərirdi, yunan-roma güləşi ilə məşğul olurdu. Bir neçə dəfə birinci yerə
çıxıb medallar da almışdı.
İlkin
Əliyev 2018-ci ildə orta məktəbi bitirdikdən sonra 2019-cu il 3 aprel tarixində
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə
çağrılmışdır.
Atası Bəxtiyar danışır ki, İlkin əsgərliyə gedəndə sanki toy-bayram idi. Dostları çox
olduğu üçün xeyli sayda gənc gəlmişdi onu yola salmağa. Ağstafa dəmiryolu
vağzalında dostları onu çiyinlərində yola saldılar hərbi xidmətə. İlkin Azərbaycan
bayrağına bürünüb gülə-gülə əl eləyirdi onu yola salanlara. Həmin gün
sağollaşmırdı, özü də bilmədən vidalaşırdı doğulub boya-başa çatdığı torpaqla, əzizləri,
doğmaları ilə. Axı, hardan biləydi... Hardan biləydi ki, bir ildən sonra nəşi
bayrağa bürünüb çiyinlərdə gətirilib torpağa tapşırılacaqdı bundan böyük
izdihamla. Hardan biləydi...
İlkin
Əliyev Bakıda "N" saylı hərbi hissədə xidmət edirdi. Həyatda olduğu
kimi əsgərlikdə də canla-başla xidmət göstərir, silah-sursatlardan istifadə
qaydalarını öyrənir, əsgəri vəzifəsini layiqincə yerinə yetirirdi. O, qısa müddətdə
topçu-tuşlayıcı kimi püxtələşmişdi, gözündən heç nə yayınmır, verilən istiqamətləri
dəqiq nişan alırdı. İlkin həm də sürücü idi. Hərbi xidmətdən öncə sürücülük məktəbini
oxuduğu üçün yeri gələndə hərbi maşınları da idarə edirdi.
Atası Bəxtiyar oğlu ilə sonuncu görüşünü belə xatırlayır:
- İlkinin
19 yaşı tamam olanda yanına, xidmət etdiyi hərbi hissəyə getmişdim qardaşım
Çingizlə. Görüş alıb görüşdük, ad gününü təbrik elədik, gələn il 20 yaşını
evimizdə keçirməyi arzuladıq.
Nənəsi
deyir ki, İlkin hərbi xidmətdə ola-ola ona nişan da taxmışdıq. Evin tək övladı
olduğu üçün tez evləndirmək istəyirdik. Toyunu görməyə elə tələsirdik ki... Amma
qismət olmadı.
Vətən
müharibəsi başlayandan bir neçə gün sonra İlkin Əliyevin xidmət etdiyi batareya
müharibə bölgəsinə gətirilir. İlkinin döyüş yolu oktyabr ayının 2-dən Füzulidən
başlayıb. Sonra bu yol Qubadlıdan, Xocavənddən, Şuşa ətrafından, Laçından
keçib. İlkin Əliyev "N" saylı hərbi hissənin artilleriya divizionunun
1-ci batareyasının 1-ci tağımında 2-ci topun komandiri əsgər kimi düşmənin
texnikasının, canlı qüvvəsinin məhv edilməsində böyük igidlik və şücaət göstərib.
O, 14 noyabr 2020-ci ildə Xocavənddə şəhid olub, Hüseynbəyli kənd qəbiristanlığında
yerləşən şəhidlər xiyabanında dəfn olunub.
Əliyev
İlkin Bəxtiyar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı
ilə "Vətən
uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Xocavəndin
azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
GOYEZEN.AZ
Geri qayıt
|