Şəhidlik - ölümsüzlük adlı zirvəni fəth etməkdir
Şəhidlərimizi tanıyaq və tanıdaq-----------
Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü ölkə vətəndaşlarının illərlə ürəyində yaşatdığı, uğrunda
mübarizə apardığı ən müqəddəs arzusu olub. Bu gün
Azərbaycanın elə bir bölgəsi, elə bir yeri tapılmaz ki, orada bu amal uğrunda
canından keçməyi gözə alan oğul və qızı olmasın. Bu
mübarizə yolunda canından keçən, şəhidlik adlı zirvəni fəth edən oğul və
qızlarımız hər zaman xalqımızın qəhrəmanlıq tarixində yaşayacaq və
xatırlanacaq. Şəhidlərimizin keçdiyi ömür yolu, qəhrəmanlıqları, Vətənə
olan sevgiləri dillər dastanı olacaq. Çünki müqəddəs amal uğrunda şəhid olmaqla
əbədiyyətə qovuşan bütün igidlərimizin keçdikləri döyüş yolu davamçıları üçün
bir örnəkdir. Belə şərəfli ömür
sahiblərini xatırlamaq, daim yad etmək, onların qəhrəmanlıqlarını gənc
nəsillərə çatdırmaq isə hər birimizin müqəddəs borcudur.
Bu gün düşmənlə 168 km məsafədə
sərhəddi olan Qazax rayonunun Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən
tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid
oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın
xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan
qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk
gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin
uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin,
parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı
şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən
Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin
adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha
bir əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı
dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş
çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş
lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda
keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər
mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar
alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər
ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.
Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.
GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Altay Qafarovun, Nizami Məmmədovun, Ramin Əliquluyevin, Elman Əliyevin, Zülfüqar Vəkilovun, Adil Məmmədovun əziz xatirələrini yad edirik.
Qafarov Altay Sadıq oğlu
Qafarov Altay Sadıq oğlu 14 sentyabr 1970-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbində təhsil almışdır. N saylı hərbi hissədə xidmət etmişdir. 7 oktyabr 1995-ci ildə şəhid olmuşdur.Subay idi.
Məmmədov Nizami Səhrəd oğlu
Məmmədov Nizami Səhrəd oğlu 10 oktyabr 1974-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. Hərbi xidmətdə olmayıb. 1 yanvar 1997-ci il tarixdə gecə erməni kəşfiyyatçısı tərəfindən öz evlərində qətlə yetirilmişdir. Subay idi. Mərhum Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir.
Əliquluyev Ramin Eldar oğlu
Əliquluyev Ramin Eldar oğlu 10 oktyabr 1977-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1995-ci ildə hərbi xidmətə getmişdir. Qarabağ zonasında xidmət edib. 22 yanvar 1998-ci ildə düşmən gülləsindən şəhid olmuşdur. Subay idi.
Əliyev Elman Əli oğlu
Əliyev Elman Əli oğlu 10 oktyabr 1959–cu ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1966-cı ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1975-76-cı illərdə Kosalar kənd tam orta məktəbin onuncu sinfini bitirib. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 13 yanvar 1994-cü ildə Ağdam rayonu istiqamətlərində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir. İki övladı var.
Vəkilov Zülfüqar Tahir oğlu
Vəkilov Zülfüqar Tahir oğlu 11 avqust 1975-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1982-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1992-ci il həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ilin oktyabrından Azərbaycan Ordusu sıralarına hərbi xidmətə çağırılmış və müxtəlif döyüşlərdə iştirak etmişdir. 12 oktyabr 1995-ci ildə Füzuli rayonunun Aşağı Abdurəhmanlı kəndində hərbi əməliyyat zamanı minaya düşərək şəhid olmuşdur.
Məmmədov Adil Əhməd oğlu
Məmmədov Adil Əhməd oğlu 13 oktyabr 1975-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1982-ci ildə (Əli Bayramlı kənd) hazırki Aslanbəyli kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1992-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 9 fevral 1994-cü ildə Füzuli rayonunda döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Facebook-da paylaş