Şəhidlik- ölümsüzlük zirvəsidir
Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü ölkə vətəndaşlarının illərlə ürəyində
yaşatdığı, uğrunda mübarizə apardığı ən müqəddəs arzusu olub. Bu mübarizə
yolunda canından keçən şəhidlərimiz hər zaman xalqımızın qəhrəmanlıq tarixində
yaşayacaq və xatırlanacaq.
Şəhidlərimizin keçdiyi ömür yolu, qəhrəmanlıqları,
Vətənə olan sevgiləri dillər dastanı olacaqdır. Çünki müqəddəs amal uğrunda şəhid
olmaqla əbədiyyətə qovuşan bütün igidlərimizin keçdikləri döyüş yolu davamçıları
üçün bir örnəkdir. Belə
şərəfli ömür sahiblərini xatırlamaq, daim yad etmək, onların
qəhrəmanlıqlarını gənc nəsillərə çatdırmaq isə hər birimizin müqəddəs borcudur.
Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi isə hələ də düşmən tapdağı altında olan Qazax rayonunda şəhidlərimizin əziz xatirəsi hər zaman yüksəkdə tutulur. Qazax rayonu da Vətən torpaqlarının azadlığı uğrunda 285 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.
Rayonumuzda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırır, onların ailə üzvlərinə daim qayğı ilə yanaşır. Son iki il yarımda şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi bu dediklərimizin əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işləri, xüsusilə də 285 şəhidin adı və şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərdir.
Bundan əlavə, rayonumuza gələn qonaqların şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər Xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdır. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.
GOYEZEN.AZ saytı olaraq Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən - Eldəniz Hacıyevin, Rəşad Quluyevin, Niyaz Əhmədovun əziz xatirəsini yad edir.
Hacıyev Eldəniz Nəsib oğlu
Hacıyev Eldəniz Nəsib oğlu 26 noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1977-ci ildə Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1987-1989-cu illərdə Ukraynanın "Çernobl” şəhərində xidmətdə olmuşdur. 1993-cü ildə ordu sıralarına getmişdir. 707 saylı hərbi hissədə xidmət etmişdir. 5 mart 1994-cü ildə Kəlbəcər istiqamətində Murov dağında gedən döyüşlərdə şəhid olmuşdur. Subay olub.
Qardaşı Hacıyev Ceyhun Nəsib oğlu isə 1 fevral 1994-cü ildə Kəlbəcər istiqamətində Murov dağında şəhid olmuşdur.
Quluyev Rəşad Şəhraz oğlu
Quluyev Rəşad Şəhraz oğlu 27 noyabr 1983-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1990-cı ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş, 1994-сü ildə həmin məktəbin dördüncü sinfini bitirmişdir. 1994-cü ildə Xanlıqlar kənd əsas məktəbin beşinci sinfinə daxil olmuş və 1999-cu ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir.
25 iyun 1999-cu ildə Bala Cəfərli kəndində ot sahəsindən araba ilə ot gətirərkən ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür.
Əhmədov Niyaz Əkbər oğlu 27 may 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmişdir. 1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 28 noyabr 1991-ci ildə şəhid olmuşdur.
Facebook-da paylaş