Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü ölkə vətəndaşlarının illərlə ürəyində
yaşatdığı, uğrunda mübarizə apardığı ən müqəddəs arzusu olub. Bu mübarizə
yolunda canından keçən şəhidlərimiz hər zaman xalqımızın qəhrəmanlıq tarixində
yaşayacaq və xatırlanacaq.
Şəhidlərimizin keçdiyi ömür yolu, qəhrəmanlıqları,
Vətənə olan sevgiləri dillər dastanı olacaqdır. Çünki müqəddəs amal uğrunda şəhid
olmaqla əbədiyyətə qovuşan bütün igidlərimizin keçdikləri döyüş yolu davamçıları
üçün bir örnəkdir. Belə
şərəfli ömür sahiblərini xatırlamaq, daim yad etmək, onların
qəhrəmanlıqlarını gənc nəsillərə çatdırmaq isə hər birimizin müqəddəs borcudur.
Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan, 5 kəndi daim mənfur düşmən
gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu,
Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi isə hələ də düşmən
tapdağı altında olan Qazax rayonunda şəhidlərimizin əziz xatirəsi hər zaman
yüksəkdə tutulur. Qazax rayonu da Vətən torpaqlarının azadlığı uğrunda 285
şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.
Rayonumuzda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən
şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub.
Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət
ayırır, onların ailə üzvlərinə daim qayğı ilə yanaşır. Son iki il yarımda
şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış
abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı
şəkildə təmir edilməsi bu dediklərimizin əyani sübutudur. Şəhərin mərkəzində
yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işləri, xüsusilə də 285 şəhidin
adı və şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli
işlərdir.
Bundan əlavə, rayonumuza gələn qonaqların şəhərin mərkəzində yerləşən bu
müqəddəs məkana – Şəhidlər Xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla
yad etmələri şəhidlərə olan böyük ehtiramdır. Rayonda keçirilən tədbirlərin
öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq
xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə
Şəhidlər Xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin
ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.
GOYEZEN.AZ saytı olaraq Vətən
uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən - Eldəniz Hacıyevin, Rəşad Quluyevin, Niyaz Əhmədovun əziz xatirəsini yad edir.
Hacıyev
Eldəniz Nəsib oğlu
Hacıyev Eldəniz Nəsib oğlu 26
noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1977-ci
ildə Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin birinci sinfinə daxil
olmuş, 1987-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1987-1989-cu illərdə
Ukraynanın "Çernobl” şəhərində xidmətdə olmuşdur. 1993-cü ildə ordu sıralarına
getmişdir. 707 saylı hərbi hissədə xidmət etmişdir. 5 mart 1994-cü ildə Kəlbəcər
istiqamətində Murov dağında gedən döyüşlərdə şəhid olmuşdur. Subay olub.
Qardaşı Hacıyev Ceyhun Nəsib
oğlu isə 1 fevral 1994-cü ildə Kəlbəcər istiqamətində Murov dağında şəhid
olmuşdur.
Quluyev
Rəşad Şəhraz oğlu
Quluyev Rəşad Şəhraz oğlu 27 noyabr 1983-cü ildə Qazax rayonunun Bala
Cəfərli kəndində anadan olmuşdur. 1990-cı ildə Bala Cəfərli kənd ibtidai məktəbin
birinci sinfinə daxil olmuş, 1994-сü ildə həmin məktəbin dördüncü sinfini
bitirmişdir. 1994-cü ildə Xanlıqlar kənd əsas məktəbin beşinci sinfinə daxil
olmuş və 1999-cu ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir.
25 iyun 1999-cu ildə Bala Cəfərli kəndində ot sahəsindən araba ilə ot
gətirərkən ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür.
Əhmədov
Niyaz Əkbər oğlu
Əhmədov Niyaz Əkbər oğlu 27 may 1959-cu ildə Qazax rayonunun Aşağı
Əskipara kəndində anadan olmuşdur.
1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmişdir.
1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi
xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə
iştirak etmişdir. 28 noyabr 1991-ci ildə şəhid olmuşdur.
Geri qayıt
|