Şəhidlik - vətənpərvərliyin ən ali məqamıdır!
Şəhidlik - bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin harayına səs verdi - ölümün gözünə dik baxdılar. Bəli, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu zirvəyə ucalanlar isə heç zaman ölmürlər. Çünki onların keçdiyi döyüş yolu ən böyük şərəf və qürurdur. Belə şərəfli ömür sahiblərini xatırlamaq, daim yad etmək, onların qəhrəmanlıqlarını gənc nəsillərə çatdırmaq isə hər birimizin müqəddəs borcudur.
Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalır. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi isə hələ də düşmən tapdağı altındadır. Qazax rayonu eyni zamanda Vətən torpaqlarının azadlığı uğrunda 285 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.
Rayonumuzda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman yüksək səviyyədə olub. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırır, onların ailə üzvlərinə daim qayğı ilə yanaşır. Son iki il yarımda şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi bu dediklərimizin əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işləri, xüsusilə də 285 şəhidin adı və şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlər deməkdir.
Bundan əlavə, rayonumuza gələn qonaqların şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər Xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdır. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.
GOYEZEN.AZ saytı olaraq Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən Alı Mustafayevin, Aftandil Quluyevin, İqbal Axundovun, Kamal Kərimovun, Ələsgər Vəliyevin əziz xatirəsini yad edir.
Mustafayev Alı Mustafa oğlu
14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillikməktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1973-cü ildə əsgəri xidmətini başa vurub Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. O, zavodda işlədiyi müddətdə "Elektrik" qəzetində tez-tez maraqlı yazılarla, şeirlərlə çıxış edirdi.
Alı Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişilə ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin "Xəbərlər" proqramında jurnalist kimi faəliyyətə başlayır. Çox keçmir ki,"İlin ən yaxşı jurnalisti", "Qızıl qələm" mükafatlarına layiq görülür. İşləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini də bitirir. O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar nöqtələrdən reportajlar hazırlamağa birinci gedirdi. Bir neçə dəfə vertolyot qəzasına düşsə də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinmirdi. O, neçə dəfə ölümdən qayıtmışdı.
20 noyabr 1991-ci ildə Tuğ, Xocavənd, Qaradağlı kəndində törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökümət nümayəndələrini aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vuruldu. Nəticədə 23 nəfər sayseçmə insan faciəli surətdə həlak oldu. Alı Mustafayev də onların arasında idi.
Ailəli idi. Üç oğul övladı qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Ölümündən sonra "Respublikanın əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.
Bakının Nərimanov rayonundakı 202 saylı və Qazax rayonundakı Qazaxbəyli kənd tam orta məktəbləri, Bakı şəhəri 3-cü mikrorayondakı və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır.
2017-ci ilin aprel ayının 18-də Qazax rayonunun Qazaxbəyli kəndində Alı Mustafayevin xatirəsinə tikilmiş bulaq kompleksinin təntənəli açılış mərasimi olmuşdur.
Quluyev Aftandil Mansır oğlu
Quluyev Aftandil Mansır oğlu 20 noyabr 1973-ci ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 5 fevral 1990-cı ildə Sofulu kəndində sahədə qoyun otaran zaman erməni quldurları tərəfindən silahla vurulmuşdur. Ağır güllə yarası ilə Gəncə şəhər xəstəxanasına aparılmışdır. Müalicə almasına baxmayaraq 14 fevral 1990-cı ildə vəfat etmişdir. 1997-ci ildən şəhid statusu verilmişdir.
Axundov İqbal Abdulməhəmməd oğlu
Axundov İqbal Abdulməhəmməd oğlu 21 noyabr 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü il ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1983-cü ildə həmin orta məktəbi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Axundov İqbal Abdulməhəmməd oğlu 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur.
Kərimov Kamal Əşrəf oğlu
Kərimov Kamal Əşrəf oğlu 22 noyabr 1961-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1969-cu ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir. 14 oktyabr 1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Ailəli idi. İki övladı var.
Vəliyev Ələsgər Oruc oğlu
Vəliyev Ələsgər Oruc oğlu 25 noyabr 1967-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1975-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmişdir. 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 2 oktyabr 1993-cü ildə şəhid olmuşdur.
Facebook-da paylaş