Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il Qətnaməsinə əsasən 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Sözügedən Qətnaməyə əsasən 2008-ci ildən etibarən hər il Azərbaycanda 15 may Beynəlxalq Ailə Günü kimi qeyd edilir. Bu günün xüsusi qeyd edilməsində məqsəd ailə institutunun inkişafına, cəmiyyətdə ailə dəyərlərinin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliğ olunmasına töhfə verməkdir. Ölkəmizdə mütəmadi olaraq Beynəlxalq Ailə Gününün qeyd edilməsinin əsas məqsədi müasir dünyada baş verən qlobal proseslər fonunda ciddi zərər görən ailə institutunun daha da möhkəmləndirilməsi, cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinə, ailə ənənələrinə və milli-mənəvi dəyərlərə sədaqət hissinin təbliğ edilməsi, ailələrin asudə vaxtının səmərəli təşkilidir.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi, sağlam həyat tərzi, ekoloji düşüncə və digər mövzuları əhatə etməklə iştirakçıları maarifəndirmək olub.
Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Aşağı Əskipara kənd sakinləri, 65 illik nümunəvi evliliyi olan Qasımovlar ailəsi, təqaüddə ziyalılar, Qazax Rayon Heydər Əliyev Mərkəzinin, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Milli-mənəvi dəyərlərimizə, ailə dəyərlərinə həsr olunmuş videoçarx nümayiş olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, 15 May - Beynəlxalq Ailə Günü münasibətilə təbrik edərək səmimi ürək sözlərini bölüşüb. Müavin G.Həsənova uzunömürlü nümunəvi ailə kimi tədbirdə iştiraklarına görə Qasımovlar ailəsinə razılığını ifadə edib. G.Həsənova qeyd edib ki, ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynamışdır. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyərdir. Müavin bildirib ki, Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olan ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin milli-mənəvi dəyərlərimizin qorunmasında, yaşadılmasında və zənginləşməsində xidmətləri əvəzsizdir. Onun istər yüksək dövlət vəzifələrindəki fəaliyyətində, istərsə də adi həyatda insanlara və ailəsinə münasibəti bu dəyərlərin parlaq təzahürüdür. Ulu Öndər ailəni cəmiyyətin bünövrəsi, özəyi sayır, Azərbaycanda sağlam cəmiyyətin, güclü dövlətin qurulub möhkəmlənməsində onun son dərəcə vacib amil olduğunu dönə-dönə qeyd edir və daim göz bəbəyi kimi qorumasını tövsiyə edirdi. Ulu Öndərin ailə dəyərlərinin qorunmasının vacibliyini vurğulayaraq söylədiyi “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir” fikrini diqqətə çatdıran müavin bu fikirlərin hər kəsə nümunə olduğunu vurğulayıb. G.Həsənova bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il may ayının 15-nin Beynəlxalq Ailə Günü kimi qeyd olunması barədə Qətnamə qəbul etmişdir. 1994-cü ildən etibarən isə 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Bu günün respublikamızda qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür. Müavin söyləyib ki, qadının cəmiyyətdə kişilərlə bərabər hüquqa malik olması, onun dövlət quruculuğunda fəal iştirak etməsi, cəmiyyətin inkişafına öz töhfəsini verməsi üçün ona şərait yaradılması uzaqgörən rəhbərin başçılığı ilə hazırlanıb qəbul edilmiş yeni Azərbaycan Konstitusiyasında da təsbit olunmuşdur. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasında göstərilir ki, ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın “Ailə, uşaqlar və dövlət” adlandırılan 17-ci maddəsində həmçinin qeyd edilmişdir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir, valideynləri və qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədir, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsi isə “Nikah hüququ” adlanır. Bu maddədə hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ olduğu, nikahın könüllü razılıq əsasında bağlandığı, heç kəsin zorla evləndirilə bilmədiyi, ailənin dövlət himayəsində olduğu, dövlətin çoxuşaqlı ailələrə yardım göstərdiyi, ər və arvadın hüquqlarının bərabərliyi, uşaqlara qayğı göstərməyin və onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olduğu təsbit edilir. Bu müddəaların, Azərbaycanın milli-mənəvi dəyərlərinin Əsas Qanunda, Konstitusiyamızda da təsbit edilməsinin məhz Heydər Əliyevin ailə prinsiplərindən, ailə münasibətlərinə baxışlarından qaynaqlandığını cəsarətlə demək olar. Hər bir Azərbaycan ailəsi bu prinsipləri öz həyatında hiss edir və bundan sonra da hiss edəcəkdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda ailənin dayaqlarını daha da möhkəmlətmək, onun hüquq və vəzifələrini müəyyənləşdirmək üçün 1999-cu ildə Ailə Məcəlləsi qəbul olunmuşdur. Bu Məcəllə Azərbaycanda ailə münasibətlərinin normal hüquqi əsaslar üzərində qurulması və davam etdirilməsi üçün hərtərəfli hüquqi baza yaratmışdır.
G.Həsənova vurğulayıb ki, bu gün Azərbaycan dövlətinə böyük uğurla rəhbərlik edən, onu regionun ən qüdrətli dövlətinə çevirən, dünya liderləri sırasında söz sahibi olan Prezident İlham Əliyevin Ulu Öndərin ənənələrinə sadiqliyi, onun miras qoyduğu müqəddəs ailə ənənələrini şərəflə yaşatdığı göz önündədir. Azərbaycan dövlətinin bu gün dünyaya tanıdılmasında, onun iqtisadi qüdrəti ilə yanaşı, mənəvi qüdrətinin də artırılmasında, respublikanın paytaxtı Bakının böyük siyasi tədbirlərin, qlobal forumların keçirildiyi bir məkana çevrilməsində, Azərbaycanın mənəvi sərvətlərinin beynəlxalq aləmdə geniş təbliğ olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkə Prezidenti ilə çiyin-çiyinə çalışması, bütün taleyüklü məsələlərin həllində onunla birgə olması, əslində, Ulu Öndərin ailə ənənələrinin ləyaqətlə davam etdirilməsidir. Müavin qeyd edib ki, “Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır”, - deyən ölkə başçısı İlham Əliyevin bu sözlərində də ailə dəyərlərinin ölkəmizdə nə qədər mühüm əhəmiyyət kəsb etdiyi görünür. Məhz bu dəyərlərlə böyüyən igidlər Qarabağda zəfər qazanaraq tapdalanan qürurumuzu geri qaytarmaqla yanaşı milli mənliyimizi, kimliyimizi dünyaya sübut etmiş oldular. Xalqımız hər zaman öz böyüklərinə, yaşlı insanlara hörmət göstərib, qadına dəyər verib, bir sözlə, “yol böyüyündür” deyib. Yazılmamış bu mənəvi qanunların təcəssümü kimi ailə dəyərlərimiz formalaşıb. Gəlin, bu müqəddəs və ülvi dəyərləri qloballaşmanın “pəncəsinə” verməyək. Çünki məhv olmuş bir ailə dağılmış cəmiyyət deməkdir. Odur ki cəmiyyətimizin, dövlətimizin, millətimizin var olması üçün ailə dəyərlərimizə sahib çıxaq. Unutmamalıyıq ki, hər bir xalqın ailə dəyərləri onun milli kimliyidir. Müavin son zamanlar baş vermiş boşanmalardan, ailələrin dağılmasına səbəb olan amillərdən də söz açıb. Xüsusilə erkən nikahların törətdiyi fəsadlardan danışaraq ailələrin dağılmasına səbəb olduğunu vurğulayıb. Bu sahədə cəmiyyətin hər bir fərdinin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. C.hüseynova qeyd edib ki, olduqca əhəmiyyətli dəyərləri özündə birləşdirən bu gün hər il rayonumuzda yüksək səviyyədə tədbirlərlə qeyd edilir, ailələr ziyarət olunur, bütün diqqət ailələrə və onların problemlərinin həllinə yönlənir. Müstəqil ölkəmizdə dövlət, ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətinə, ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır” fikirini diqqətə çatdıran natiq dahi şəxsiyyətin ailəyə böyük önəm verdiyini bildirib. Onun rəhbərliyi dövründə ailə siyasətinin formalaşdırılması, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görüldüyünü, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi bazanın yaradıldığını söyləyib. C.Hüseynova bildirib ki, ölkəmizdə ailə gününün yüksək səviyyədə silsilə tədbirlərlə qeyd edilməsi dövlət qadın siyasətinin də əyani təcəssümüdür. Ailənin əsas sütunlarından biri qadındır. Azərbaycan qadını bu gün ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərlərinin yaşadılması naminə əzmkarlıq göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın, uşaq problemlərinə həssas münasibəti bunu bir daha sübut edir. Bu istiqamətdə şəxsən təşəbbüsü ilə həyata keçirdiyi layihələr sönmüş ümidlərə işıq verir. Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir. O, tez-tez uşaq evlərində olur, valideyn himayəsindən uzaq olan uşaqların toy mərasimlərini təşkil edir, bu şənliklərə qatılır, gənclərə xeyir-dua edir. Gənclərin vətənpərvər ruhda şəxsiyyət kimi böyüməsində ailə tərbiyəsinin xüsusi yeri var. Ona görə ki, insan ilk tərbiyəni ailədə alır. Bu məsələdə dövlətin rolu da danılmazdır. Vətəndaş ailədə həm də dövlətin tələb etdiyi tələblərə uyğun tərbiyə almalıdır. Elə bu səbəbdən ailəni dövlətin kiçik modeli hesab edirlər. Azərbaycan ailəsinin övladını əsl vətənpərvər, torpağına, elinə-obasına bağlı şəxsiyyət kimi yetişdirməkdən ötrü kifayət qədər potensialı var. Azərbaycan ailəsinin, xüsusilə də qadınların hüquqlarının qorunması, azadlıq arzularının təminatçısı olan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət proqramları, verilən sərəncamlar Azərbaycan vətəndaşına gün kimi aydındır. Eyni zamanda, onun bütün həyatı və fəaliyyəti nəsillərə nümunədir, ideal ailə başçısı kimi göstərdiyi örnək də misilsizdir. O, hər zaman ailəsinə göstərdiyi diqqət, qayğı ilə seçilirdi, Heydər Əliyev və ömür-gün yoldaşı Zərifə xanım Əliyeva övladlarına və nəvələrinə genetik olaraq çox şey ötürübdür, təbii ki, şəxsi nümunə ilə. Heydər Əliyev təkcə Azərbaycanın suverenlik və müstəqillik rəmzi deyildi, eyni zamanda, o, böyük humanizmin, möhkəm və nümunəvi ailə başçısı simvolu idi. C.Hüseynova bildirib ki, Azərbaycan xalqı ta qədimdən ailənin müqəddəsliyinə Quran ayəsi kimi yanaşıb. Ailə o zaman müqəddəs, möhkəm və əbədi olur ki, o zaman əbədiləşir, şöhrət qazanır ki, o zaman seçilən ailə olur ki, onun qoynundan dünyaya milli duyğulu, Vətən sevgili, bəşəri düşüncəli övladlar pərvazlansın. Nə xoşbəxt xalqıq ki, Azərbaycanda, Vətənimizdə belə nümunəvi ailələr var, olubdur və olacaqdır. Çünki Azərbaycan məhz bu ailələrin işığında yeni qələbələrə imza atır.
Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. B.Vüsal qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ailəsinin timsalında görmək olar ki, ailə dövlətimiz və xalqımız üçün necə dəyərli bir amildir, Azərbaycan ailəsi dövlətə, xalqa necə bağlı olmalı, cəmiyyəti formalaşdırmalıdır. Cəmiyyətin formalaşmasında ailənin böyük rol oynadığını, ailənin cəmiyyətin kiçik modeli olduğunu qeyd edən natiq ölkəmizdə nümunəvi ailələrin çox olduğunu bildirib.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. S.Məmmədova qeyd edib ki, ailə milli-mənəvi dəyərlərin təcəssümü və daşıyıcısıdır. Ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, güclü ailələrin formalaşması və Azərbaycan ailəsinə xas ailə modelinin qorunması dövlətin əsas vəzifələrindəndir. Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliyi ilə bütün dünyada ən yaxşı ailə modellərindən biridir. S.Məmmədova vurğulayıb ki, ailə eyni zamanda, cəmiyyətin də vəziyyətini əks etdirir. Yəni cəmiyyətin iqtisadi, sosial, maddi durumu necədirsə, ailə də eyni tərzdə olur. Ailəni biz həyatımızın bir parçası da deyə bilərik. Ailənin əsasında ən başlıca rol oynayan insanlar valideynlərdi. Yəni ana və ata. Məhz onların sayəsində biz böyüyüb, boya-başa çatırıq. İnsan həyatda hər bir zaman valideynlərə borcludur. Övlad ancaq valideynə borcunu öz sevgisi ilə, qayğısı ilə, hörməti ilə verə bilər. Valideynlər o vaxt sevinə bilər ki, övlad daim ana-atasının başını uca etsin. Əsl övlad ata-ananın çətinliklə keçirdiyi yollarla böyüdüb, başını uca zirvəyə çatdıran, daim ailənin yanında olan, ana-atanın zəhmətini görüb, onlara yardım edən, hər zaman sevgi, qayğı göstərən insana deyilir. Həyat insana bir dəfə verilir. Bunun üçün biz həyatımızın bir hissəsini ailəyə həsr etməliyik. İnsan zamanın qədrini bildiyi kimi, valideynlərin də qədrini vaxtında bilməlidir. Axı, onlarsız həyatın mənası yoxdur. Ana evin istiliyidir, işığıdır, qayğı göstərənidir. O, bir övladı dünyaya gətirənə qədər nə qədər kəşməkeşli yollardan keçir. Uşaq doğulur, amma ana yenə can qoyur, uşağı böyüdür. Əbəs yerə demirlər ki, cənnət anaların ayaqları altındadır. 44 günlük Vətən müharibəsində vuruşan igid, qəhrəman Azərbaycan oğullarını boya-başa çatdıran bütün analar cəmiyyətimizdə böyük hörmətə layiqdirlər. Ailədə atanın da rolu böyükdür. Ana tək başına övladı böyüdə bilməz. O, da övlad yolunda çox əziyyət çəkir. Ata evin dayağıdır, onu qoruyandır. Ailədə kişi ilə qadın arasında bütövlüyün olması mütləq vacibdir. Əgər münasibətdə tamlıq, bir-birinə hörmət, qarşılıqlı sevgi, dayaq, anlaşma, eyni zamanda, dostluq varsa, o ailə artıq "bütöv ailə" hesab olunur. Ailədə olan tərəflər bir–biri ilə eyni zamanda dost olmalıdır. Dostluq insanların bir-birinə qarşılıqlı münasibət və qarşılıqlı təsir sistemidir. Ailə dostluğu isə tərəflərin bir–biri ilə qarşılıqlı bağlılığı, sədaqəti, qarşılıqlı hiss və arzuları ilə seçilir. Eyni zamanda, valideynlər çalışmalıdırlar ki, uşağın da ən səmimi və etibarlı dostu olsunlar. Belə olduqda uşaq məhz ailəyə dayaq olur, heç bir sözünü, yaxud səhv hərəkətini gizlətmir. Ailədə hər iki tərəf tam sədaqətlə, ağıl və şəriət çərçivəsində bir-birinin razılığını qazanmalıdır. Ailədə kişi ilə qadın öz istəklərini bir-biri ilə bölüşməli, bütün mərhələlərdə bir-birilərinə həmrəy olmalıdırlar. Ailənin bütövlüyü üçün əsas şərt ailə üzvlərinin bir-birinə qarşı hörmətidir. Hörmət varsa ailədə rifah da var, sevgi də var. Qarşılıqlı olan yerdə səmimiyyət də olur. S.Məmmədova bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. O, qeyd edirdi ki, "...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o, da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. S.Məmmədova qeyd edib ki, dövlətimizin ali sənədi olan Konstitusiyamızda ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilmşdir. 2000-ci ildə Ailə Məcəlləsi qəbul edilmişdir ki, burada ailə üzvlərinin hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur. Ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdəndir. Ulu Öndər Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də qan qohumluğunun qarşısının alınması istiqamətində tibb işçilərinə göstərişlər vermiş, müxtəlif sahələrdə müzakirələr aparmışdır. Hər bir insan ailəyə dəyər, qiymət verməlidir. İnsan üçün həyatın mənası elə ailəsidir. Ailənin xoşbəxt olması insanın öz əlindədir. Xoşbət ailə üçün də birinci növbədə, sağlamlıq, övladın olması, ailədə dostların, yaxınların olması əsasdır. Ailə xoşbəxtdirsə, deməli, insan da xoşbəxtdir.
Təqaüddə olan Əməkdar müəllim Bəsdi Ələkbərova çıxış edərək “Ulu Öndər Heydər Əliyev və ailə dəyərləri” mövzusunda fikirlərini bölüşüb. B.Ələkbərova qeyd edib ki, müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayan Ulu Öndərin söylədiyi “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur” sözlərinin bu gün hər bir ailə üçün örnək olduğunu söyləyib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyevin səsləndirdiyi “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır” fikri hər birimizə nümunədir. Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə həkim-otolerenqoloq Gültac Qədimalıyeva çıxış edərək bildirib ki, Ulu Yaradan bu maddi dünyada yaşamaq, inkişaf etmək, sevinci və kədəri bölüşmək üçün insanı cüt yaratmışdır və bu cütlüklərin formalaşdırdığı kiçik dünyalar “ailə” adlanır. Ailə Tanrının insana verdiyi ən böyük lütfü, ən dəyərli hədiyyəsidir. Bu dəyərin təməlini isə sevgi, hörmət və güvən təşkil edir. Bu təməllər üzərində qurulan ailələr həyatın maddi və mənəvi bütün sınaqlarından üzüağ çıxa bilirlər və sağlam şəkildə öz izdivaclarını davam etdirirlər. Unutmamalıyıq ki, sağlam cəmiyyət məhz sağlam təməllər üzərində qurulan ailələrdə tərbiyə olunan uşaqlarda formalaşır. Bu cür ailələrdə böyüyən uşaqlar Vətənə məhəbbəti, torpağa bağlılığı, el-obaya sonsuz sevgisi, ağsaqqala, ağbirçəyə dərin hörməti, ailəyə sədaqəti, qayğısı ilə seçilirlər. Məhz bu cür övladlara sahib olmaq istəyən ailələrdə valideynlər mümkün qədər az səhvlər buraxmalıdırlar. Çünkü uşaqlar valideynlərinin sözlərindən, dediklərindən deyil, onların davranışlarından örnək götürürlər. Uşaqlarla düzgün qurulan ünsiyyət, göstərilən sevgi, diqqət, qayğı, hörmət onların gələcəkdə necə bir insan kimi formalaşmasının fundamentini təşkil edir. Ulu Öndər çıxışlarının birində vurğulamışdır ki, “Gün ərzində başımız nə qədər işə, sosial problemlərə qarışsa da evə işi gətirməyək və övladlarımızla səmərəli vaxt keçirib, onları öz dövrünün tələblərinə uyğun şəkildə düzgün yetişdirək. Çünki bu gün bizim ətrafımızda oynayan, qaçan körpələr bir müddət sonra bir körpənin ana-atası, bir evin ağbirçəyi, ağsaqqalı olacaqlar. Məhz buna görə də ailə uşağa sosiallaşmağı, düzgün davranış qaydalarını öyrədən ilk təməl məktəbidir. Bu məktəbin ən dəyərli mirası isə təmiz əxlaq və düzgün tərbiyədir”. Ta qədimdən bəri ailə bizim xalq üçün müqəddəs dəyər hesab olunub. Milli ailə dəyərlərimizin əsasını xalqımızın etnik kimliyində kök salmış adət-ənənələrimiz təşkil edir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə qurulan ailələr möhkəmliyi ilə başqa cəmiyyətlərin ailələrindən seçilir. Azərbaycan ailələrində ağsaqqalın, ağbirçəyin xüsusi yeri vardır. Ailə qurduqdan sonra valideynlərlə birlikdə yaşamaq həm birliyin, həm da təcrübəli insanların məsləhəti ilə oturub-durmaq, həm də sosial problemlərin həllində dəstək rolunu oynamaqdır. Düzdür, müasir gənclər özlərinin ayrı evlərinin olmasını, ayrı yaşamağı seçirlər. Əslində isə valideynlərlə birlikdə yaşamaq onlara qayğı deməkdir. Onların qulluğunda dayanmaq cuzi də olsa üzərimizdə olan haqlarını ödəməyimizdə bizə yardımçıdır. Biz gənclər bir övlad kimi öz böyüklərimizin, valideyin kimi ailəmizin, bir vətəndaş kimi isə Vətənimizin, xalqımızın keşiyində dayanmalıyıq.
Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, ailə müqəddəsdir, ailə birlikdir, ailə mənəvi gücdür. Ölkəmizin milli dəyərlər sistemində ailə anlayışı həmişə vacib yer tutub. Ailənin qorunub saxlanılması sağlam cəmiyyətin təməlini təşkil edir. G.Alişanova qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi qiymətləndirərək ailə ənənələrinə, milli-mənəvi dəyərlərimizə sədaqətin, uşaqların müasir səviyyədə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırdı. “Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə, hörmət və ehtiram lazımdır”, – deyən Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ailə siyasətinin formalaşdırılması, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Ulu Öndərin əsasını qoyduğu ənənələr bu gün məqsədyönlü şəkildə davam etdirilir. Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva milli dəyərlərin qorunmasına xüsusi diqqət və qayğı göstərirlər. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il bu gün qeyd olunur. Bu gün Azərbaycan ailəsində böyüyən övladlar əsl vətənpərvər, torpağına, elinə-obasına bağlı şəxsiyyət kimi yetişdirilir, böyüyə hörmət, insanpərvərlik kimi nəcib keyfiyyətlər qazanırlar. 30 illik işğala son qoyaraq 44 gün ərzində canı-qanı bahasına torpaqları azad edən Azərbaycan ailəsinin övladları idi. Şanlı Vətən müharibəsində əldə edilən Zəfəri məhz şəhidlərimizə, qazilərimizə və onları yetişdirən ailələrə borcluyuq.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müdiri Nəzrin Əliyeva çıxış edərək bildirib ki, ailə bizim ən isti ocağımız, qurduğumuz ən böyük, bərk və sarsılmaz evimizdir. Ailə bizim gələcəyimizdir, bizi özündə yaşadan və bizim yaşatdığımızdır, hansı ki, hardan baxsan, hər fəsli ilə həyatımızın rəngidir, mənasıdır. Ailəni kiçik dövlətə bənzədirlər. Onun da öz qanunları, adət-ənənəsi, yaşam tərzi, mühiti var. Dünyada mövcud olan bu təbii birliklərin içərisində Azərbaycan ailəsinin özünəməxsusluğu yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Təbii ki, hər bir ailədə valideynlərin öz yeri var. Əslində, iki insanın qurduğu yuva qoşa sahilin körpüsünə bənzəyir. Bu tərəflərdən birinin yerində olmaması hansı fəsadların baş verəcəyini göz önündə canlandırır. Azərbaycan mentallığı üçün ailə xüsusi məna kəsb edir. Cəmiyyətin həyatında ailənin, xüsusən də anaların rolu mühüm əhəmiyyətə malikdir. Bu da səbəbsiz deyildir. Çünki hər bir qadının ən müqəddəs vəzifəsi analıq şərəfinə çatmaqdır, ailənin şah obrazı anadır. İnsanlığın şərəfi, ucalığı, ülviliyi sayılan ana ulu varlıqdır. Aliliyin ucalığında dayanan qadınlıq zirvədirsə, analıq onun tacıdır, şərəfi, ləyaqəti, dəyəri, zibasıdır. Həm qadın olmaq, qadınların nümunəsi olmaq və cəmiyyətinə, el-obasına bütün ürəyi, şəfqət hissləri ilə xidmət etmək, həm də ana olub uşaqlarının başında olmaq, onlara verdiyin tərbiyə ilə xalqına xidmətlə ucalan insanlar yetişdirmək bir qadının taleyində ən böyük nemətdir, nailiyyətdir, bəlkə də hər şeydir. Xalqımızın xoşbəxtliyi, bəxtəvərliyi ordadır ki, onun mentalitetində analıq dəyəri qayğıkeşlik, bütün varlığı ilə övladına bağlılıq, bütün ruhu ilə övladlarına sevgi və şəfqət hissləri ilə bağlanmaq, həyat yoldaşına sədaqətlilik, namusuna düşkünlük, etibarlılıq kimi səciyyələrlə müəyyənləşir. Biz bir millət olaraq dədə-babadan ailənin müqəddəsliyinə Quran ayəsi kimi yanaşmışıq. Ailə o zaman müqəddəs, möhkəm və əbədi olur ki, oradakı iki əsas qüvvə bir-biri ilə son dərəcə mehriban, səmimi münasibət qura bilir. Ailə o zaman inkişaf edib böyüyür ki, dünyaya yeni körpələr bəxş edir. Ailə o zaman əbədiləşir, şöhrətlənir, əsl xoşbəxtliyə qovuşur ki, ululardan gələn ənənələr, tərbiyə üsulu, bir sözlə, klassik təlim-tərbiyə müasir ədəb qaydaları ilə qovuşaraq yeni dünyagörüşlü, bitkin, dərrakəli davamçıların ovqatında öz əksini tapa bilsin. Ailə o zaman seçilən ailə olur ki, onun qoynundan dünyaya milli duyğulu, Vətən sevgili, bəşəri düşüncəli övladlar pərvazlansın. Biz sevinirik ki, Azərbaycanda belə nümunəvi ailələr var və olacaqdır. “Mənim ailəm böyük deyil. Biz ailədə dörd nəfərik. Atam, anam, mən, qardaşım. Artıq gələcəkdə kim olacağımı mən uşaqlıqdan müəyyənləşdirmişdim - həkim olmaq ən böyük arzum idi. Bu peşəyə məndə marağı valideynlərim oyatmışdı. Onlar deyirdi ki, dar ayaqda insanların köməyinə çatmaq, xəstələrə şəfa vermək çox savab işdir. Valideynlərimin dəstəyi ilə mən həkim peşəsinə yiyələndim. Peşəmi və ailəmi çox sevirəm. Hesab edirəm ki, ailə kiçik cəmiyyətdir. Bu cəmiyyətin inkişafına, nailiyyətlər qazanmasına ailənin hər bir üzvü çalışmalıdır. Ailə bir qaladır. Qurub-yaratdığın, sonra da içinə sığınıb yaşadığın qala. Onu qorumaq da sahibinə düşür. Ailənizin qədrini bilin, onun dəyəri ölçülməzdir”, - söyləyən N.Əliyeva ailəsi ilə qürur duyduğunu söyləyib.
Tədbirdə Aşağı Əskipara kənd sakinləri Qasımov Tofiq Qasım oğlu və Qasımova Minayə Oruc qızı 15 May - Beynəlxalq Ailə Günü və evliliklərinin 65 illiyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanov tədbir iştirakçılarına 15 May - Beynəlxalq Ailə Günü münasibətilə təbriklərini çatdırıb, Qazax Rayon İcra Hakimiyyəti başçısının Sərəncamını səsləndirib.
Fəxri Fərmanla təltif olunmuş Aşağı Əskipara kənd sakini, təqaüddə olan müəllim Tofiq Qasımov tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Onların ailəsinə verilən dəyərə, göstərilən qayğıya və ünvanlarına söylənilən xoş sözlərə görə razılığını ifadə edib. Fəxri Fərmanla təltif olunmalarına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. ”Biz 65 il bir yerdə ömür sürmüşük. Bunun səbəbini araşdıranda bir daha əminliklə deyə bilərik ki, qadın ailədə aparıcı qüvvədir. Qadının ailədə rolu çox böyükdür. Əgər qadın yerindədirsə, o ailə xoşbəxt olur. Eyni zamanda, ailənin xoşbəxt olması üçün əsas şərtlərdən biri də ailə üzvlərinin bir-birinə güzəşt etməyi bacarmasıdır. Ailədə kiçik bir nöqsan olsa belə hər iki tərəf bir-birinə güzəşt etməyi bacarmalıdır. Ailə sağlam olanda orada böyüyən uşaqlar da sağlam tərbiyə alır. Uşaqların da gələcəkdə nümunəvi ailəsi olur”, - söyləyən T.Qasımov uzunömürlü ailənin sirrini bölüşüb, tədbir iştirakçılarına sağlam ailəyə sahib olmalarını arzulayıb.
Səmimi söhbət əsasında keçən tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
Facebook-da paylaş