Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur
17 oktyabr 2020-ci il tarixdə Füzulinin azadlığına qovuşmasından 2 il ötür...
Təqvimdə elə tarixlər, yaşanan elə anlar olur ki, onu illər ötsə, qərinələr dolansa belə unutmaq olmur. Necə ki, Azərbaycan xalqı Füzuli rayonunun işğalını, Füzulidə yaşanan dəhşətli anları unutmur. Hər kəsə yaxşı məlumdur ki, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
İşğaldan əvvəlki Füzuli rayonunda nələri itirdiklərimizə nəzər yetirəndə erməni vəhşiliyinin, vandalizminin şahidi olmamaq mümkün deyil. İnsan bu vəhşiliyə baxıb bu gün də dəhşətə gəlir. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir.
Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 144 min nəfərdir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əmri ilə qazanılmış ilk Qələbəni də unutmur. O Qələbə ki, 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı.
Füzuli rayonunun azad olunması həm də böyük məna daşıyırdı. O vaxtdan xalqımız bilirdi ki, gec ya tez işğal altında olan bütün torpaqlarımız Füzuli rayonun azad olunan əraziləri kimi düşməndən geri qaytarılacaq.
Bəli, o inam, sabaha olan ümid 44 günlük Vətən müharibəsində gerçək oldu. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabrında başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu döyüş illər keçsə belə heç zaman unudulmayacaq. Hərb tariximizə yazılan həmin şanlı döyüş gələcək nəsillər tərəfindən hər zaman öyrəniləcəkdir.
Hər kəs yaxşı bilir ki, Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Heç kəsə sirr deyil ki, 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Lakin elə olmadı. Azərbaycan Ordusunun əsgər və zabitləri, igid Vətən oğulları Füzulini qısa müddətdə sahibinə qaytarmağı bacardı. Bu gün onu da qürurla söyləyə bilərik ki, Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.
Dövlətimiz, ölkə rəhbəri tərəfindən Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığı da yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu gün birmənalı şəkildə deyə bilərik ki, rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılacaqdır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb.
Füzuli rayonunun yeni inkişaf dövrünə nəzər yetirsək qürurla söyləyə bilərik ki, aparılan abadlıq işlərinə görə Füzuli bu gün böyük bir tikinti meydançasına bənzəyir.
Bu gün təqvimə və xalqımızın yaddaşına Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfər etdiyi günlər yazılır.
16.11.2020-ci il tarixdə olan səfər Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılması, Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi ilə yadda qaldı.
14.01.2021-ci il tarixdə olan səfər Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərinin qoyulması ilə yaddaşlara həkk olundu.
Bir ay sonra eyni gündə, 14.02.2021-ci il tarixdə edilən səfər Füzuli şəhərlərinin Baş planın təsdiqlənməsi, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanışlıq, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi ilə yaddaşlara yazıldı.
15.03.2021-ci il tarixli səfər Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi, 29.08.2021-ci il tarixli səfər Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq, Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanışlıqla yadda qaldı.
17.10.2021-ci il tarixli səfər də böyük əhəmiyyət daşıdı. Həmin səfərdə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş oldu. Həmçinin, Füzuli-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi ilə əlamətdar oldu.
26.10.2021-ci il tarixli səfər isə cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi ilə yaddaşımıza əbədi həkk olundu.
10.05.2022-ci il tarixli səfərdə Peşə Liseyinin təməlqoyma mərasimi keçirildi.
Və nəhayət 27.09.2022-ci il tarixdə olan səfər yaddaşlarda daha dərin izlər buraxdı. Həmin səfərdə Füzulinin, eləcə də işğalda olan torpaqlarımızın azadlığı uğrunda ilk şəhid olan Vətən övladlarının xatirəsi əbədiləşdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət etdilər. Həmin gün şəhidlərimizə olan hörmət və ehtiramın bir daha şahidi olduq.
Bəli, bu gün qürurla söyləyə bilərik ki, 17 oktyabr tarixi nəinki füzulililərin xatirəsində, eləcə də Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Çünki həmin gün füzulililərin Vətən həsrətinə son qoyuldu. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır. O gün isə elə də uzaqda deyil.
GOYEZEN.AZ
Facebook-da paylaş