Qazax rayon sakininin Laçında yaşamaq istəyi icra başçısı tərəfindən alqışlandı və yüksək qiymətləndirildi
Yola
saldığımız 2020-ci ilin 27 sentyabrında əks-həmlə ilə başlanan və Vətən
müharibəsi kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi.
Ay yarım ərzində düşmən qarşısında sinəsini sipər etmiş şanlı Azərbaycan Ordusu
elə bir zəfər salnaməsi yazdı ki, bu barədə illər ötsə belə çox yazılacaq,
danışılacaq. Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu
müddət ərzində düşmənə sarsıdıcı zərbə vurmaqla yerdə və havada üstünlük
qazanan şanlı ordumuzun əsgər və zabitləri, hərbçilərimiz "məğlubedilməz
erməni ordusu'' mifini dağıtdı. Qazandığı tarixi Qələbə ilə nəinki Ermənistan
hakimiyyətinə, eləcə də bütün dünyaya sübut etdi ki, "Qarabağ Azərbaycandır!”,
"Qarabağ bizimdir!”. Rəşadətli ordumuzun
Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə əlaqədar Azərbaycan
vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam
edirlər. Şanlı Ordumuzun qazandığı
nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan Azərbaycan xalqı əldə
edilən qələbələrə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevi və Azərbaycan Ordusunu bu gün də təbrik edir, qazanılan qələbəyə
görə sonsuz minnətdarlıqlarını bildirirlər. Bunu hər gün ölkə başçısına
ünvanlanmış sevinc, fərəh, qürur dolu təbrik məktublarından da oxumaq olur. Hər
kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş
Komandanı və şanlı Ordumuzu təbrik edirlər. Qazax
rayonunun Aslanbəyli kəndində dünyaya göz açan və hazırda Bakı şəhərində
məskunlaşmış Omarov Vidadi Mədəd oğlu da Müzəffər Ali Baş Komandanı və
Azərbaycan Ordusunu təbrik edir, sonsuz minnətdarlığını çatdırır. 2
övlad, 3 nəvə sahibi olan Vidadi Omarovun uzun illər həsrətində olduğu bir
arzusu da var. Birinci Qarabağ müharibəsində könüllü olaraq döyüşən və müharibə
veteranı olan Vidadi Omarov uğrunda döyüşdüyü Laçın rayonunun bu gün düşməndən
azad olunmasına görə ikiqat sevinir. Yenidən o müqəddəs torpağa ayaq basacağı
günün sevincini yaşayır və o günü səbirsizliklə gözləyir. Ən böyük arzusu
ailəsi ilə birlikdə işğaldan azad olunmuş Laçın rayonunda yaşamaq olan Vidadi
Omarov bunu ölkə başçısına ünvanladığı məktubunda da qeyd edir: "Cənab
Prezident! Özüm
Birinci Qarabağ müharibəsində könüllü vuruşmuşam və müharibə veteranıyam.
Bununla bərabər orada könüllü olaraq Laçın rayonunda olan döyüşlərə getmişəm. O
vaxtdan Laçını özümə doğma bilmişəm. Həm də Laçınla bağlı xoş xatirələrim var. Bu
gün şükürlər olsun ki, Sizin siyasətiniz və müzəffər ordumuzun sayəsində Laçın
işğaldan azad oldu. Mənim də hər bir Azərbaycan vətəndaşı kimi sevincimin
həddi-hüdudu yoxdur. Möhtərəm
Prezidentimiz! Mən
Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim tez bir zamanda Laçın rayonuna qayıdıb
yaşamağım üçün şərait yaradasınız. Əgər iş olarsa canla-başla işləməyə də
hazıram. Uzun illərdir sürücü işləyirəm. Mən evdə fikrimi bildirəndə ailəm də
mənim bu istəyimi rəğbətlə qarşıladılar. Çox istərdim ki, mənim bu arzumu
yerinə yetirəsiniz. Sizdən böyük ümidvarlıqla cavab gözləyirəm. Sizə əvvəlcədən
sonsuz təşəkkürümü bildirirəm və daim Sizin siyasətinizi dəstəkləyirəm. Hörmətli
Prezident! Bu
gün hər bir Azərbaycan vətəndaşı özünü Şuşalı bilib Şuşada, Kəlbəcərli bilib
Kəlbəcərdə, Laçınlı bilib Laçında, eləcə də işğaldan azad olunmuş digər
torpaqlarımızda yaşamalıdır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!” Qazax
rayon sakininin Laçında yaşamaq istəyi icra başçısı tərəfindən də alqışlanıb. Həmyerlimizin
bu istəyini, vətənpərvərliyini yüksək qiymətləndirən Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Vidadi Omarovla telefon əlaqəsi saxlayıb, səmimi
ürək sözlərini bildirib. Onun hər bir vətəndaşa nümunə olacaq vətənsevərliyini,
vətənpərvərlik hissini ürəkdən alqışladığını söyləyib və təşəbbüsünə görə minnətdarlıq
edib. GOYEZEN.AZ
Facebook-da paylaş