Əsas Səhifə > Rəsmi > Qazax rayon sakininin Laçında yaşamaq istəyi icra başçısı tərəfindən alqışlandı və yüksək qiymətləndirildi
Qazax rayon sakininin Laçında yaşamaq istəyi icra başçısı tərəfindən alqışlandı və yüksək qiymətləndirildi15-01-2021, 11:21 |
Yola saldığımız 2020-ci ilin 27 sentyabrında əks-həmlə ilə başlanan və Vətən müharibəsi kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi. Ay yarım ərzində düşmən qarşısında sinəsini sipər etmiş şanlı Azərbaycan Ordusu elə bir zəfər salnaməsi yazdı ki, bu barədə illər ötsə belə çox yazılacaq, danışılacaq. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu müddət ərzində düşmənə sarsıdıcı zərbə vurmaqla yerdə və havada üstünlük qazanan şanlı ordumuzun əsgər və zabitləri, hərbçilərimiz "məğlubedilməz erməni ordusu'' mifini dağıtdı. Qazandığı tarixi Qələbə ilə nəinki Ermənistan hakimiyyətinə, eləcə də bütün dünyaya sübut etdi ki, "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir!”. Rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə əlaqədar Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər. Şanlı Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan Azərbaycan xalqı əldə edilən qələbələrə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi və Azərbaycan Ordusunu bu gün də təbrik edir, qazanılan qələbəyə görə sonsuz minnətdarlıqlarını bildirirlər. Bunu hər gün ölkə başçısına ünvanlanmış sevinc, fərəh, qürur dolu təbrik məktublarından da oxumaq olur. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanı və şanlı Ordumuzu təbrik edirlər. Qazax rayonunun Aslanbəyli kəndində dünyaya göz açan və hazırda Bakı şəhərində məskunlaşmış Omarov Vidadi Mədəd oğlu da Müzəffər Ali Baş Komandanı və Azərbaycan Ordusunu təbrik edir, sonsuz minnətdarlığını çatdırır. 2 övlad, 3 nəvə sahibi olan Vidadi Omarovun uzun illər həsrətində olduğu bir arzusu da var. Birinci Qarabağ müharibəsində könüllü olaraq döyüşən və müharibə veteranı olan Vidadi Omarov uğrunda döyüşdüyü Laçın rayonunun bu gün düşməndən azad olunmasına görə ikiqat sevinir. Yenidən o müqəddəs torpağa ayaq basacağı günün sevincini yaşayır və o günü səbirsizliklə gözləyir. Ən böyük arzusu ailəsi ilə birlikdə işğaldan azad olunmuş Laçın rayonunda yaşamaq olan Vidadi Omarov bunu ölkə başçısına ünvanladığı məktubunda da qeyd edir: "Cənab Prezident! Özüm Birinci Qarabağ müharibəsində könüllü vuruşmuşam və müharibə veteranıyam. Bununla bərabər orada könüllü olaraq Laçın rayonunda olan döyüşlərə getmişəm. O vaxtdan Laçını özümə doğma bilmişəm. Həm də Laçınla bağlı xoş xatirələrim var. Bu gün şükürlər olsun ki, Sizin siyasətiniz və müzəffər ordumuzun sayəsində Laçın işğaldan azad oldu. Mənim də hər bir Azərbaycan vətəndaşı kimi sevincimin həddi-hüdudu yoxdur. Möhtərəm Prezidentimiz! Mən Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim tez bir zamanda Laçın rayonuna qayıdıb yaşamağım üçün şərait yaradasınız. Əgər iş olarsa canla-başla işləməyə də hazıram. Uzun illərdir sürücü işləyirəm. Mən evdə fikrimi bildirəndə ailəm də mənim bu istəyimi rəğbətlə qarşıladılar. Çox istərdim ki, mənim bu arzumu yerinə yetirəsiniz. Sizdən böyük ümidvarlıqla cavab gözləyirəm. Sizə əvvəlcədən sonsuz təşəkkürümü bildirirəm və daim Sizin siyasətinizi dəstəkləyirəm. Hörmətli Prezident! Bu gün hər bir Azərbaycan vətəndaşı özünü Şuşalı bilib Şuşada, Kəlbəcərli bilib Kəlbəcərdə, Laçınlı bilib Laçında, eləcə də işğaldan azad olunmuş digər torpaqlarımızda yaşamalıdır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!” Qazax rayon sakininin Laçında yaşamaq istəyi icra başçısı tərəfindən də alqışlanıb. Həmyerlimizin bu istəyini, vətənpərvərliyini yüksək qiymətləndirən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vidadi Omarovla telefon əlaqəsi saxlayıb, səmimi ürək sözlərini bildirib. Onun hər bir vətəndaşa nümunə olacaq vətənsevərliyini, vətənpərvərlik hissini ürəkdən alqışladığını söyləyib və təşəbbüsünə görə minnətdarlıq edib. GOYEZEN.AZ Geri qayıt |