“Ümumbəşəri dəyərlərin cəmiyyətin inkişafında rolu” mövzusunda ictimai müzakirə keçirilib
Açıq Hökumətin təşviqinə dair
Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması, Platforma üzvü "Qadınlar
arasında Həmrəylik” İctimai Birliyi ilə birlikdə Almaniya Federativ
Respublikasının "Qadın sığınacağı” təşkilatının dəstəyi ilə "Cəmiyyətin
inkişafı üçün ümumbəşəri dəyərlərin təbliği” layihəsini həyata keçirir.
Layihənin əsas məqədi ümumbəşəri
dəyərlərin təbliği, təşviqi ilə cəmiyyətin müxtəlif təbəqələrində inkişafa töhfə
vermək üçün motivasiya yaratmaqdır.
Layihə çərçivəsində Mingəçevir,
Qəbələ, Qazax, Qax rayonlarında ictimai fəal qadınlar üçün "Ümumbəşəri dəyərlərin
cəmiyyətin gender inkişafında rolu” mövzusunda ictimai dinləmələr keçirilir.
Layihəyə uyğun olaraq bu gün
Qazaxda "Ümumbəşəri dəyərlərin cəmiyyətin inkişafında rolu” mövzusunda ictimai
müzakirə keçirilib.
Gənclər Mərkəzində keçirilən
ictimai müzakirələrdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri,
rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan fəal
qadınlar, KİV nümayəndələri iştirak ediblər.
"Qadınlar arasında Həmrəylik”
İctimai Birliyinin eksperti Zaur İbrahimov çıxış edərək həyata keçirilən layihənin
əhəmiyyətindən danışaraq respublikamızda ümumbəşəri dəyərlərin təbliği istiqamətində
görülən işlərdən söz açıb.
Ekspert çıxışı zamanı qeyd
edib ki, dəyərlər – cəmiyyətdə dini, milli, mədəni və sosial əlaqələr sistemini
təşkil edən, tarixi ənənələrə əsaslanan fərdi və kollektiv şüuru formalaşdıran,
habelə, insanların könüllü qəbul etdiyi ən üstün ictimai normalardır.
Xalqımızın formalaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində və cəmiyyətçi
münasibətlərdə xüsusi rola malik olan dəyərlərimizin qorunub saxlanılması
istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı işlərdən söz
açıb.
Sonra ekspert Z.İbrahimov "Dəyərlər/əbədi
seçim”, "Universal dəyərlər” və "Dəyərlərin müqayisəsi” mövzuları üzrə geniş şəkildə
izahatlar verib. Renta/faiz-zəhmət, cism-qəlb/ruh, fərdiyyətçilik-kollektivçilik,
maddi dəyərlər-mənəvi dəyərlər, təsadüfi əlaqələr-ailə, ənənələr/mühafizəkarlıq-yaradıcılıq,
dözümsüzlük-tolerantlıq, insan həyatının dəyərdən düşməsi-insan həyatının müqəddəsliyi,
laqeydlik-mərhəmət, gündəlik iş-yeniliyə can atma, yerində saymaq/durğunluq-təkmilləşməyə
can atma istiqamətləri üzrə geniş və əhatəli şəkildə müzakirələr aparıb.
RİHBA-da aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova
çıxış edərək Qazaxda qadınlar arasında əhəmiyyətli bir mövzuda bu cür
layihələrin həyata keçirilməsini yüksək dəyərləndirib. Rayonumuzda mütəmadi
olaraq ümumbəşəri dəyərlərin təbliği istiqamətində maarifləndirici tədbirlərin
həyata keçirildiyini qeyd edib. Rayon rəhbərliyinin bu sahəyə xüsusi diqqət
ayırdığını, eyni zamanda, gənc və yeniyetmələr arasında bu sahədə məqədyönlü
işlərin görüldüyünü bildirib. Bu cür layihələrin həyata keçirilməsinə görə minnətdarlığını
bildirib.
İki saata yaxın davam edən ictimai dinləmələrdə
erkən nikahlar, selektiv abortlar, gender bərabərliyi ilə əlaqədar problemlər ümumbəşəri
dəyərlər kontekstində müzakirə olunub, erkən nikahlarla bağlı qısametrajlı sənədli
film nümayiş olunub.
Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun
direktoru Səadət Əliyeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və
Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva, A.Əmilov adına Daş Salahlı kənd
1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəliova və başqaları çıxış edərək
qeyd olunan mövzu ətrafında fikir və tövsiyələrini bildiriblər. Ümumbəşəri dəyərlərin
təbliğ olunması ilə bağlı həyata keçirilən layihəni yüksək qiymətləndiriblər.
"Qadınlar arasında Həmrəylik”
İctimai Birliyinin eksperti Zaur İbrahimov sonda ictimai müzakirələrin keçirilməsi
üçün yaratdığı şəraitə görə rayon rəhbərliyinə minnətdarlığını çatdırıb. İştirakçılara
göstərdikləri fəallığa görə təşəkkürlərini ifadə edib.
GOYEZEN.AZ
Facebook-da paylaş