Əsas Səhifə > Rəsmi > “Ümumbəşəri dəyərlərin cəmiyyətin inkişafında rolu” mövzusunda ictimai müzakirə keçirilib
“Ümumbəşəri dəyərlərin cəmiyyətin inkişafında rolu” mövzusunda ictimai müzakirə keçirilib23-11-2018, 17:33 |
Açıq Hökumətin təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması, Platforma üzvü "Qadınlar arasında Həmrəylik” İctimai Birliyi ilə birlikdə Almaniya Federativ Respublikasının "Qadın sığınacağı” təşkilatının dəstəyi ilə "Cəmiyyətin inkişafı üçün ümumbəşəri dəyərlərin təbliği” layihəsini həyata keçirir. Layihənin əsas məqədi ümumbəşəri dəyərlərin təbliği, təşviqi ilə cəmiyyətin müxtəlif təbəqələrində inkişafa töhfə vermək üçün motivasiya yaratmaqdır. Layihə çərçivəsində Mingəçevir, Qəbələ, Qazax, Qax rayonlarında ictimai fəal qadınlar üçün "Ümumbəşəri dəyərlərin cəmiyyətin gender inkişafında rolu” mövzusunda ictimai dinləmələr keçirilir. Layihəyə uyğun olaraq bu gün Qazaxda "Ümumbəşəri dəyərlərin cəmiyyətin inkişafında rolu” mövzusunda ictimai müzakirə keçirilib. Gənclər Mərkəzində keçirilən ictimai müzakirələrdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan fəal qadınlar, KİV nümayəndələri iştirak ediblər.
"Qadınlar arasında Həmrəylik” İctimai Birliyinin eksperti Zaur İbrahimov çıxış edərək həyata keçirilən layihənin əhəmiyyətindən danışaraq respublikamızda ümumbəşəri dəyərlərin təbliği istiqamətində görülən işlərdən söz açıb. Ekspert çıxışı zamanı qeyd edib ki, dəyərlər – cəmiyyətdə dini, milli, mədəni və sosial əlaqələr sistemini təşkil edən, tarixi ənənələrə əsaslanan fərdi və kollektiv şüuru formalaşdıran, habelə, insanların könüllü qəbul etdiyi ən üstün ictimai normalardır. Xalqımızın formalaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində və cəmiyyətçi münasibətlərdə xüsusi rola malik olan dəyərlərimizin qorunub saxlanılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı işlərdən söz açıb.
Sonra ekspert Z.İbrahimov "Dəyərlər/əbədi seçim”, "Universal dəyərlər” və "Dəyərlərin müqayisəsi” mövzuları üzrə geniş şəkildə izahatlar verib. Renta/faiz-zəhmət, cism-qəlb/ruh, fərdiyyətçilik-kollektivçilik, maddi dəyərlər-mənəvi dəyərlər, təsadüfi əlaqələr-ailə, ənənələr/mühafizəkarlıq-yaradıcılıq, dözümsüzlük-tolerantlıq, insan həyatının dəyərdən düşməsi-insan həyatının müqəddəsliyi, laqeydlik-mərhəmət, gündəlik iş-yeniliyə can atma, yerində saymaq/durğunluq-təkmilləşməyə can atma istiqamətləri üzrə geniş və əhatəli şəkildə müzakirələr aparıb. RİHBA-da aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova çıxış edərək Qazaxda qadınlar arasında əhəmiyyətli bir mövzuda bu cür layihələrin həyata keçirilməsini yüksək dəyərləndirib. Rayonumuzda mütəmadi olaraq ümumbəşəri dəyərlərin təbliği istiqamətində maarifləndirici tədbirlərin həyata keçirildiyini qeyd edib. Rayon rəhbərliyinin bu sahəyə xüsusi diqqət ayırdığını, eyni zamanda, gənc və yeniyetmələr arasında bu sahədə məqədyönlü işlərin görüldüyünü bildirib. Bu cür layihələrin həyata keçirilməsinə görə minnətdarlığını bildirib.
İki saata yaxın davam edən ictimai dinləmələrdə erkən nikahlar, selektiv abortlar, gender bərabərliyi ilə əlaqədar problemlər ümumbəşəri dəyərlər kontekstində müzakirə olunub, erkən nikahlarla bağlı qısametrajlı sənədli film nümayiş olunub. Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva, A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəliova və başqaları çıxış edərək qeyd olunan mövzu ətrafında fikir və tövsiyələrini bildiriblər. Ümumbəşəri dəyərlərin təbliğ olunması ilə bağlı həyata keçirilən layihəni yüksək qiymətləndiriblər. "Qadınlar arasında Həmrəylik” İctimai Birliyinin eksperti Zaur İbrahimov sonda ictimai müzakirələrin keçirilməsi üçün yaratdığı şəraitə görə rayon rəhbərliyinə minnətdarlığını çatdırıb. İştirakçılara göstərdikləri fəallığa görə təşəkkürlərini ifadə edib.
GOYEZEN.AZ Geri qayıt |