• Təqvim

  • Maraq



Aşağı Əskipara sakinlərinin yurd həsrətinə son qoyulur


Respublika mətbuatı Qazax haqqında

Ötən əsrin 80-ci illərinin sonuna qədər Aşağı Əskipara kəndinin sakinləri rahat, qorxusuz bir həyat yaşayırdılar. Onlar yetişdirdikləri kənd təsərrüfatı məhsullarını Qazax şəhər bazarında, eyni zamanda qonşu erməni kəndlərində satır, gündəlik tələbat mallarını elə həmin kəndlərin mağazasından alırdılar.

1987-1988-ci illərdən etibarən ermənilər Qarabağ və ətraf rayonlarda genişmiqyaslı təxribatlar törətməyə başladılar. Havadarlarının köməyi ilə həmin əraziləri işğal etdilər. Haylar ermənipərəst ölkələrin diktəsilə Qarabağdan uzaq məsafədə yerləşən Qazax rayonunun 7 kəndinin, o cümlədən Aşağı Əskiparanın sakinlərini öz doğma yurdlarından didərgin saldılar.

Kəndin bir qrup sakini söhbət zamanı o dövrdə baş verən faciələrdən, günahsız insanların qətlə yetirilməsindən ürək yanğısı ilə söhbət açdılar. Aşağı Əskipara sakini, uzun müddət pedaqoji sahədə çalışmış, Birinci Qarabağ müharibəsi veteranı Əliağa Süleymanov bildirdi ki, işğal olunanadək kənddə 250-dən artıq evdə 1000 nəfədən çox sakin yaşamışdır. Qeyd edək ki, kənd Qərbi Azərbaycanın Karvansara və Barana rayonları arasında yerləşir, füsunkar gözəlliyə, ecazkar təbiətə malikdir. Əhalinin maldarlıq, əkinçilik və arıçılıqla məşğul olması üçün kənddə münbit şərait olmuş, insanlar qayğısız, rahat həyat keçirmişlər. Kənddə 460 yerlik orta məktəb (qonşu kəndlərin uşaqları da bu məktəbdə təhsil almışlar), xəstəxana, uşaq bağçası, polis, yanğından mühafizə bölməsi və digər sosial obyektlər fəaliyyət göstərmişdir.

1988-ci ildən başlayaraq ermənilərin törətdiyi təxribatlar səbəbindən əhali özünümüdafiə dəstələri təşkil edərək düşməndən qorunmağa çalışmışdır.

Erməni silahlı dəstələri 1990-cı ilin mart ayında qonşu Bağanıs Ayrım kəndinə hücum edərək dəhşətli soyqırımı törətmiş, aralarında körpə, uşaq və qadın olmaqla 8 nəfər kənd sakinini amansızlıqla, diri-diri yandırmışlar. Bu hadisədən sonra keçmiş sovet ordusunun bölməsi Aşağı Əskipara kənd orta məktəbində yerləşdirilmiş, guya onların təhlükəsizliyini təmin etmişdir.

1991-ci il mart ayının əvvəllərində qeyri-müəyyən səbəbdən onlar kəndi tərk etmiş və təbii ki, öz silahlarını qaniçən ermənilərə təhvil vermişlər. Bundan sonra vəziyyət daha dözülməz həddə çatmışdır. Başqa yerlərdən gələn ermənilər mütəmadi olaraq kəndi müxtəlif silahlardan aramsız atəşə məruz qoyurdular. Buna görə də qocalar, qadınlar və uşaqlar kənddən çıxarılmış, yalnız özünümüdafiə dəstəsi qalmışdı.

Aşağı Əskipara sakini İslam Nəsibov və polis nəfəri Azad Mikayılov döyüş zamanı şəhid olmuşlar. Erməni silahlıları kəndin kənarında yerləşən evə hücum edərək ev sahibi Niyaz Əhmədovu qətlə yetirmişlər. Aşağı Əskiparanın digər sakini 34 ildir müəllim işləyən, Birinci Qarabağ müharibəsi veteranı Sarvan Əhmədov da söhbətə qoşularaq qeyd etdi ki, məktəbimizin 26 nəfər məzunu Qarabağ müharibəsi başlayandan müxtəlif cəbhələrdə gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidlərin 17 nəfəri Aşağı Əskipara kənd sakini olmuşdur. Kənd sakini Qaratel Hacımahmudova da Şəhidlik zirvəsinə ucalmış, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Qazax şəhərində təhsil müəssisələrindən birinə Qaratel Hacımahmudovanın adı verilmişdir. Kənd sakini Aqil Musayev göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. 1994-cü il iyun ayının 14-nə qədər özünümüdafiə dəstəsi kəndi müdafiə etmiş, lakin bütün silahlarla təmin olunmuş erməni birləşmələri tərəfindən həmin gün Aşağı Əskipara işğal edilmiş, əhalinin malı, mülkü talan olunmuş, evlərə od vurularaq yandırılmış, eyni zamanda xalqımıza məxsus tarixi abidələr, qəbirlər təcavüzkarlar tərəfindən darmadağın edilmişdir.

Kənd sakini, müəllim Mətləb Cəfərov vurğuladı ki, Aşağı Əskiparadan çıxanda 18 yaşı var idi. 30 ildən artıqdır ki, doğma yurdlarından aralı yaşayır. Aşağı Əskipara qədimdən azərbaycanlılara məxsus olmuşdur. Kənddəki qədim tarixi abidələr bunun bariz nümunəsidir. Ərazidə albanlara aid kilsə hələ də qalmaqdadır. Lakin erməni hiyləsi və saxtakarlığı həmişə olduğu kimi, yenə də öz işini görmüşdü. Belə ki, albanlara aid qəbirlər üzərində, eləcə də kilsənin divarlarında və digər yerlərində yazılmış Alban hərflərini tamamilə dəyişərək erməniləşdirmişlər. Bu saxtakarlıq elə ilk baxışdan dərhal gözə görünür. Kənddə yaşı iki əsrdən artıq olan su dəyirmanı, yaşı üç əsrdən artıq olan qəbir daşları və digər tarixi abidələri də dağıtmışlar.

Aşağı Əskiparanı 10 yaşında tərk etmiş Elşən Cəfərov hələ də o dəhşətli olayları unuda bilmir. Sakinlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə kəndlərinin müharibəsiz azad olunduğunu bildirirlər.

Aşağı Əskiparanın sakinləri öz yurdlarına getmək, əkin-biçinlə məşğul olmaq, əvvəlki çal-çağırlı günlərinə qayıtmağı səbirsizliklə gözləyirlər.

Vəli VƏLİYEV,

"Respublika"  qəzetinin bölgə müxbiri

24 may 2024-cü il



Facebook-da paylaş