• Təqvim

  • Maraq



Qazaxda “Yaşıl dünya naminə həmrəy olaq” adlı tədbir keçirilib


Avqustun 21-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Səməd Vurğun Poeziya Evinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəy olaq” adlı tədbir keçirilib. 

Səməd Vurğun Poeziya Evində keçirilən tədbirdə Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Poeziya Evinin direktor və əməkdaşları, Yuxarı Salahlı Aşıqlar dərnəyinin müəllim və üzvləri, Yuxarı Salahlı kənd Sənətkarlıq Evinin əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər. 


Poeziya Evinin direktoru Mətanət Rəhimova tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, bu gün dünyanı narahat edən iqlim dəyişikliklərindən, onların ətraf mühitə mənfi təsirindən, təbiətə qayğının vacibliyindən danışıb. Təbiətin qorunması və yaşıllıqların bərpası haqqında öz fikirlərini bildirib. M.Rəhimova qeyd edib ki, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bununla əlaqədar ölkəmizin COP29 tədbirinə ev sahibliyi etməsi Azərbaycanın məsuliyyətli bir dövlət kimi qlobal məsələlərə və bu istiqamətdə çağırışlara fəal şəkildə qoşulmasının bariz nümunəsidir. Artıq ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərə hazırlıq işlərinə start verilib, ölkə başçısının sədrliyi ilə müşavirələr keçirilir və müvafiq qurumlara zəruri tapşırıqlar verilir, bütün regionlarımızda bu mövzuda genişmiqyaslı tədbirlər keçirilir. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova mövzu ətrafında geniş məruzə ilə çıxış edərək bildirib ki, ölkəmizin elə bir sahəsi yoxdur ki, orada Ulu Öndər Heydər Əliyevin dəst-xətti, izi hiss olunmasın. Ekoloji istiqamət də bu sahələrdən biridir. Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən dahi şəxsiyyət Bakıda və ölkəmizin bütün bölgələrində təbiəti mühafizə istiqamətində çox ilklərə imza atdı, bir çox yeniliklərin əsasını qoydu. Heydər Əliyev ölkənin yaşıllaşdırılması məsələsini dövlət siyasətinin ən vacib istiqamətlərindən biri olduğunu hər zaman qeyd edib və bu istiqamətdə əhəmiyyətli və uğurlu siyasət apararaq bir sıra fərmanlar, qanunlar, sərəncamlar imzalayıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb, eyni zamanda, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilərək ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşulub. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi Azərbaycan Respublikası Prezidentinin növbəti qələbəsi və Ulu Öndər siyasətinin layiqli davamının bariz nümunəsidir. 


Səməd Vurğun Poeziya Evinin kitabxanaçısı Xalidə Vəliyeva çıxış edərək bildirib ki, yaşıl dünya naminə həmrəylik hərəkatı ölkəmizin məruz qaldığı ekoloji təhdidlər, onların qarşısının alınması üçün apardığı mübarizə və qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi ilə sıx bağlıdır. Ermənistanın regionda səbəb olduğu ekoloji disbalansın aradan qaldırılması, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurdakı dağıdılmış ərazilərdə ağıllı yaşayış məntəqələrinin yaradılması, qarşıya qoyulmuş mühüm vəzifələr kimi yaxın gələcəkdə daha sağlam ekosistemin yaradılması bu günün ən aktual məsələsidir. Bu istiqamətdə görülən işlər, həyata keçirilən dövlət siyasəti bu sahədə dövlətimizin gücünün göstəricisidir. 

Tədbirin sonunda şagirdlərin əl işlərindən və kitablardan ibarət sərgiyə baxış keçirilib. 

Yuxarı Salahlı Aşıqlar dərnəyinin üzvlərindən Çiçəy Kəlayevanın, Mələy Kəlayevanın, Musa Quzanlının, Amal Rüstəmlinin, Məhəmməd Əlivəliyevin, Ömər Rüstəmovun ifasında təbiətə həsr olunmuş saz havaları səsləndirilib. 

Məktəblilərdən Leyla Muradova və Ayan Alıyeva Səməd Vurğunun təbiət gözəlliklərini tərənnüm edən şeirlərini söyləyiblər. 



Facebook-da paylaş