Yeni əsrin yeni lideri ilə möhtəşəm qələbələrə doğru yolun açıq olsun Azərbaycan!
Ötən illər ərzində xalqımızla bir yumruq kimi birləşərək misilsiz uğurlara imza atmış, ən əsası da 2020-ci ildə ordu-xalq və lider həmrəyliyi ilə düşmən üzərində möhtəşəm Zəfərlə 30 illik işğala son qoyaraq adını tariximizin səhifələrinə qızıl hərflərlə əbədi yazdıran İlham Heydər oğlu Əliyevin Azərbaycana rəhbərlik dövrü şərəf və qürurla dolu bir salnamədir. Uğur, inkişaf, tərəqqi, yeni-yeni nailiyyətlər, qələbələr, hər bir vətəndaş üçün düşünülmüş sosial siyasət, iqtisadi layihələr, beynəlxalq nüfuz, dünya səviyyəsində tədbirlərə ev sahibliyi, sabitlik, rifah və ən əsası Böyük Qayıdış kimi şanlı tariximizin növbəti uğuru, möhtəşəm qələbəmizlə nəticələnən Zəfər seçkiləri növbəti dəfə dünyaya səs saldı və Azərbaycanda xalq-lider həmrəyliyinin ən bariz nümunəsini bir daha sübuta yetirdi. Bəli, 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Seçkilər bir dövrə yekun vurdu. Suverenliyimiz tam bərpa olundu. 2023-cü ilin sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalı idi. Xronoloji dövrün əsaslandırılmasına gəlincə cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 ilinin tamamlanması bir dövrdür. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Ölkənin tarixində əbədi olaraq qalacaq əlamətdar hadisə idi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir.
Prezident İlham Əliyevin inamlı qələbəsini təsdiqləyən müstəqil “exit-poll”ara gəlincə Prezident İlham Əliyev Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının ABŞ-ın “Oracle Advisory Group” təşkilatı ilə birgə apardığı “exit-poll”un nəticələrinə əsasən 93,9 faiz, Sosioloji Tədqiqatlar Mərkəzinin apardığı “exit-poll”un nəticələrinə əsasən 92,4 faiz, “Rəy” Monitorinq Mərkəzinin apardığı “exit-poll”un nəticələrinə əsasən 92,6 faiz seçicinin səsini qazanmışdır. Prezident seçkilərinin nəticələrinin rəsmiləşdirilməsinə gəlincə fevralın 11-i Mərkəzi Seçki Komissiyası “2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında” Qərar qəbul etmişdir. Fevralın 13-ü Konstitusiya Məhkəməsi Prezident seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələri təsdiq etmiş və Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlunun Azərbaycan Respublikasının Prezidenti seçildiyini elan etmişdir. Seçkilərin demokratik mühitdə keçirilməsini və rəsmi nəticələrin məhz ümummilli iradəni əks etdirdiyini təsbit edən statistikaya gəlincə Prezident seçkilərində seçici fəallığı - 76,43 faiz olmuşdur. Əliyev İlham Heydər oğlunun lehinə verilmiş səslər - 4 milyon 567 min 458 səs (92,12 faiz) təşkil etmişdr.
Ölkədə siyasi dialoq mühitin, eləcə də demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübəyə gəlincə Azərbaycan Ümid Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Ağ Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Azad Vətən Partiyası Prezident seçkilərində İlham Əliyevi dəstəklədiyini bildirmişdir. Seçkilərdə namizəd olmuş Qüdrət Həsənquliyev, Fazil Mustafa, Zahid Oruc, Elşad Musayev, Razi Nurullayev və Fuad Əliyev bəyanat yayaraq, həmçinin zəng edərək seçkilərdə qalib gəlmiş Prezident İlham Əliyevi təbrik etmişlər.
Ceyhunə HÜSEYNOVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş