• Təqvim

  • Maraq



Qazaxda Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində abidəsi və adını daşıyan mərkəz ziyarət olunub


12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycanı dünyada tanıtmış, suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış dahi şəxsiyyət Heydər Əliyev tarixin onun üzərinə qoyduğu xilaskarlıq missiyasının öhdəsindən ləyaqətlə gələrək dövlət müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etməklə qədirbilən xalqımızın qəlbində özünə əbədi işıq yandırdı. Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır. 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Xalqımızın yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunub. Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar 1-12 dekabr tarixlərində rayonun idarə və müəssisələrinin Qazax Rayon Heydər Əliyev Mərkəzinə ziyarətləri başlayıb. 

Hər il olduğu kimi, rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbərə hörmət və ehtiram əlaməti olaraq abidəsi önünə gül dəstələri düzərək, görkəmli dövlət xadiminin əziz xatirəsini ehtiramla yad edirlər. 

Sonra Qazax Rayon Heydər Əliyev Mərkəzində ziyarətçilərə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətindən, Vətən qarşısında xidmətlərindən və Azərbaycana layiqincə rəhbərlik etməsindən danışılır. Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən sərgiyə, eksponatlara, fotoşəkillərə və sənədlərə baxış keçirilir.

Dekabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının, Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosuai-İqtisadi Kollecin, V.Süleymanov adına Peşə liseyin müəllim və tələbələri, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli, Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara, Mirvarid Dilbazi adına Cəfərli, Vidadi Göşşiyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri, Uşaq-Gənclər İdman Məktəbinin dərnək rəhbəri və üzvləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiram və minnətdarlıqla yad ediblər.



Facebook-da paylaş