“Heydər Əliyevin ömür yolu” mövzusunda növbəti mühazirə oxunub
Noyabrın 29-da “Heydər Əliyev İli” çərçivəsində Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində “Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” silsiləsindən “Heydər Əliyevin ömür yolu” mövzusunda mühazirə oxunub.
Dərsdə məktəbin direktoru İslam Carçıyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Nərminə Namazova, müəllimlər Lətifə Alıyeva, Zəminə İsayeva, Azərbaycan dili və Ədəbiyyatı müəllimi Sarvan Əhmədov, məktəbin şagirdləri və Mərkəzin əməkdaşları iştirak ediblər.
Mərkəzin direktoru Ceyhunə Hüseynova Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolu, xalqın yolunda göstərdiyi misilsiz xidmətləri barədə danışıb. C.Hüseynova bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr edib. Respublikaya rəhbərliyinin hər iki dövründə də həyatını Azərbaycanın dövlət müstəqilliyi, xalqımızın rifahı naminə qurban verib. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, müstəqilliyini əbədi və dönməz edib. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu ərazi bütövlüyümüzün bərpasını sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışıb. Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu 30 il sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində parlaq qələbə qazanaraq reallaşdırdı, düşməni məğlub etdi.
Sonra məktəbin fizika müəllimi Zəminə İsayeva 90-cı illərin əvvəllərində şəxsən yaşayıb şahidi olduğu hərc-mərclik dövrünü, ermənilərin təcavüzü nəticəsində öz yurd- yuvalarından necə didərgin düşdükləri və eyni zamanda, həmin çətin dövrlərdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin Azərbaycana dəvət olunmasını və tez bir zamanda ölkədəki vəziyyətin yaxşıya doğru dəyişdiyi haqqında öz xatirələrini danışıb.
Çox maraqlı və disskusiya şəraitində davam edən dərs şagirdlərin marağına səbəb olub. Sonda şagirdlər arasında mövzu ilə bağlı sual-cavab aparılıb.
Facebook-da paylaş