• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyev İli” çərçivəsində "Tarix yazan əbədiyaşar lider" mövzusunda tədbir keçirilib


Oktyabrın 17-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Tarix yazan əbədiyaşar lider" mövzusunda tədbir keçirilib. 

Şəhərin mərkəzində yerləşən Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Gənclər və İdarəsinin rəisi Əziz Məsmalıyev, idarə, müəssisə, təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim-tələbə heyəti, KİV nümayəndələri iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. 

Tədbirin aparıcısı, deputat köməkçisi Akif Əmirov tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirildiyini, "Tarix yazan əbədiyaşar lider" mövzusunda keçirilən tədbirin həmin silsilə tədbirlərin davamı olduğunu söyləyib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı Ulu Öndər Heydər Əliyevin 100 illiyini il boyunca Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd etdiyimizi bildirib. Rayon rəhbəri qeyd edib ki, “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Məhz bu ağır dönəmdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək müstəqil dövlətçiliyimizin yenidən itirilməsinin qarşısını aldı, milli inkişaf strategiyasını müəyyənləşdirdi və onu bütün istiqamətlər üzrə ardıcıllıqla reallaşdırmağa başladı. İcra başçısı vurğulayıb ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur. Azərbaycanın indiki əzəmətli inkişafı fonunda müasir tariximizin bu həqiqəti daha aydın, daha bariz şəkildə görünməkdədir. Müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin şah əsəridir. Bu gün hər birimiz qürurla deyə bilirik ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Rayon rəhbəri qeyd edib ki, ölkənin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Vətənin ümid çırağı, əliyalın, başsız qalan xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Müdrik xalqımız o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı - dünyanın böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, düşmənlərimizin arzuları gözlərində qaldı. Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Ümummilli Lider Heydər Əliyev ölkənin inkişafı istiqamətində gördüyü işlər, qəbul etdiyi cəsarətli qərarlar, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, infrastruktur obyektlərin tikintisi ilə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə və inkişafına hesablanmış məqsədyönlü addımları bütün mərhələlərdə qorumuşdur. Bu məqsədyönlü addımlardan biri də 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin imzalanması idi. "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. İcra başçısı bildirib ki, Ümummilli Liderin zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini də Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculuğu təşkil edirdi. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələri və onun yaranma tarixi, onun formalaşması bütün ömrünü xalqının xoşbəxt gələcəyinə, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılması mühüm əhəmiyyət daşdı. Həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına xidmət etmişdir. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsində aparılan islahatlar bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu, Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində, 44 günlük haqq savaşında tarixi zəfər qazandı. Bu qələbənin baş memarı isə illər öncə güclü Azərbaycan Ordusunun əsasını qoyan Ümummilli Lider Heydər Əliyevdir. Prezident İlham Əliyevin dəmir siyasətinin nəticəsində biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir şəxs Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. İcra başçısı bildirib ki, ölkə başçısının da söylədiyi kimi, Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı qarşısına bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə qaldırıldı. 15 oktyabr 2023-cü il tarixdə Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bəli, ölkə başçısının qeyd etdiyi kimi, bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.


Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını təşkilatın üzvləri adından salamlayıb, “Azərbaycanı dünyaya tanıdan insan” mövzusunda fikirlərini bölüşən A.Nəbiyev Ulu Öndər Heydər Əliyevin ölkəmizin dünya dövlətləri arasında tanınması üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, misilsiz xidmətlərdən danışıb. A.Nəbiyev 15 oktyabr tarixinin xalqımız üçün əlamətdar gün olduğunu, həm Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 ilinin tamam olduğunu, həm də Müzəffər Ali Baş Komandanın 15 oktyabrda Xankəndi şəhərində üçrəngli Azərbaycan Bayrağını ucaltması və xalqa etdiyi müraciətlə yadda qaldığını söyləyib. A.Nəbiyev 2021-ci ildən bu yana 18 oktyabr tarixinin – Müstəqilliyin Bərpası Günü kimi qeyd edildiyini bildirərək bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. A.Nəbiyev qeyd edib ki, Azərbaycana hansı tərəfdən baxsaq orada Ulu Öndərin gördüyü işləri görə bilərik. İllər keçsə də Ulu Öndərin dəst-xətti, misilsiz xidmətləri, çoxşaxəli fəaliyyəti, zəngin irsi, dövlətçilik siyasəti, şərəfli ömrü heç zaman unudulmayacaqdır. A.Nəbiyev Ulu Öndərin hakimiyyətdə olduğu illərdə, xüsusilə də son 10 ildə ölkəmizin inkişafı naminə ölçüyəgəlməz işlər gördüyünü söyləyib. A.Nəbiyev Ulu Öndərin ən ümdə vəzifələrindən birinin məhz Azərbaycanın parlaq gələcəyi, sabahı üçün layiqli bir davamçı yetişdirmək olduğunu vurğulayıb. Bu gün Ulu Öndərin özü qədər inandığı həmin davamçının Azərbaycanı bütün dünyada qalib dövlət kimi tanıtdığını, adını hərb tariximizə və xalqımızın yaddaşına qızıl hərflərlə yazdırdığını söyləyib. A.Nəbiyev qeyd edib ki, bu gün xoşbəxt xalqıq ki, Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin və Onun layiqli davamçısı olan İlham Əliyev kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var. 


Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, “Milli təhsilimizin yaradıcısı” mövzusunda danışaraq Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə olan diqqət və qayğısından söz açıb. M.Yusifov bildirib ki, “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər bu sahəyə, təhsil sahəsində çalışan insanlara daim diqqət və qayğı göstərirdi. Hakimiyyətdə olduğu bütün dövrlərdə təhsil sahəsinin inkişafı, yüksək ixtisaslı kadrların yetişməsi, gənclərin dünyanın ən mötəbər ali təhsil ocaqlarında təhsil almaları üçün hər cür şərait yaradırdı. Təhsil sahəsinin inkişaf etdirilməsi üçün çoxsaylı Fərman və Sərəncamların imzalanmasını bu istiqamətdə atılan uğurlu addımlar kimi qiymətləndirib. Qeyd edib ki, bu gün Azərbaycan tələbələrinin istər ölkəmizdə, istərsə də dünya dövlətlərində olan ən ali təhsil müəssisələrində təhsil almaları bu sahəyə olan qayğının əyani göstəricisidir. 


Təqaüddə olan Əməkdar müəllim Bəsdi Ələkbərova “Ulu Öndər və dövlət qadın siyasəti” mövzusunda çıxış edərək bütün sahələrdə olduğu kimi, dövlət qadın siyasətinin də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. B.Ələkbərova Ulu Öndərin qadınların ünvanına səsləndirdiyi “Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərabaycan qadını öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tutur. Ona görə də biz qadınlarımızla fəxr edirik” fikirləri diqqətə çatdıran B.Ələkbərova qeyd edib ki, bu dəyərli fikirlər dahi şəxsiyyətin qadınlarımıza verdiyi qiymətdən xəbər verir. B.Ələkbərova Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsinin Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanıldığını söyləyib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qadınlarının vəziyyətinin yaxşılaşdırılması sahəsində yetkin dövlət siyasətinin həyata keçirilməsini fəaliyyətinin əsas aparıcı istiqamətlərdən biri hesab etdiyini vurğulayıb. Qeyd edib ki, müasir dövrdə qadınların cəmiyyətdə fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. Azərbaycan dövlətinin də bu istiqamətdə atdığı addımlar və əldə etdiyi nailiyyətlər danılmazdır. Azərbaycanda qadın siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Qadınların hüquqlarının müdafiəsi, qadın məsələlərinin həlli istiqamətində bütün imkanların genişləndirilməsi bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən günün reallıqlarına uyğun şəkildə davam etdirilir. İlham Əliyev ölkənin ictimai-siyasi həyatında fərqlənən qadınların fəaliyyətini yüksək mükafat və fəxri adlarla qiymətləndirir. Bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir. B.Ələkbərova bildirib ki, Azərbaycan tarixində əlamətdar hadisələrdən biri kimi qiymətləndirilən Azərbaycan Qadınlarının I Qurultayından 25 il ötür. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən bu mötəbər tədbirdə gələcəyin qadın hərəkatının əsası qoyuldu və bununla da cəmiyyət həyatında, ictimai-siyasi proseslərdə qadınların rolu əhəmiyyətli dərəcədə artdı. Ötən illər ərzində Azərbaycan Qadınlarının 5 Qurultayı keçirilib. Növbəti VI Qurultayın 19 oktyabr 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulub. Azərbaycan Qadınlarının Qurultaylarının keçirilməsi qadınlarımıza verilən qiymətin daha bir bariz nümunəsidir. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda çıxış edərək Ulu Öndərin bu sahədə olan xidmətlərindən söz açıb. C.Hüseynova qeyd edib ki, xalqımızın dili, dini, adət-ənənələri, keçmişi fonunda tariximizi özündə əks etdirən milli-mənəvi dəyərlərimiz minilliklərlə formalaşmış, qədimliyimizin əsas göstəricisidir. Azərbaycanlılar hər zaman milli- dəyərləri ilə yolu burdan keçənləri heyrətə gətirib, təkcə əsrarəngiz təbiəti, zəngin təbii sərvətləri ilə deyil, eyni zamanda, bu dəyərləri uca tutan sakinləri ilə, tarixən bu torpaqlarda mövcud olan birgəyaşayış, tolerantlıq, bütün bunları nəsildən-nəsilə ötürməyi, bu dəyərlərə söykənərək ağır sınaqlara sinə gərib öz milli kimliyini qorumağı ilə dünyanı heyran qoyub. Xoşbəxt xalqlardanıq ki, XX əsrdə hər cür ideoloji-siyasi baryerə sinə gərib ictimai şüurlardakı qorxunu, ehtiyatlılığı aradan qaldıran, cəmiyyətimizi gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacaran Heydər Əliyev kimi dahi şəxsiyyətin liderliyi bizə nəsib oldu. Məhz Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində milli ruhumuzun və milli şürumuzun simvolu olan milli mənəvi dəyərlərimizi keçmişin buxovlarından azad edib inkişaf etdirmək, qorumaq üçün yeni zəmin yarandı. Ulu Öndər xalqımızda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirdi, dövlətimizin siyasi, iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının  milli-mənəvi irsini ehtiva edən ideyanın - Azərbaycançılığın təşəkkülü və inkişafına mühüm təsir göstərdi. Heydər Əliyev hər zaman milli mənəvi dəyərlərimizi üç tərkib hissədə xüsusi qeyd edirdi: dil, din, adət-ənənə. Hər zaman milli-mənəvi dəyərlərin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifə hesab edir, bunlarsız millətin olmadığını qeyd edirdi. O, bu dəyərləri dövlət quruculuğu prosesinin mühüm atributu kimi qiymətləndirirdi. Bütün həyatı boyu mənəvi əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Tariximizin qədimliyinin, zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunması, saxlanması, gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında Sərəncam imzaladı. Bu gün müstəqil dövlətimizin mövcudluğu xalqımızın min illərlə qurub-yaratdığı dövlətçilik ənənələrimiz yeni minillikdə məhz əvəzedilməz şəxsiyyət Ulu Öndər Heydər Əliyevin sayəsində  möhkəmləndi, inkişaf etdi, məhz Heydər Əliyevin sayəsində dövlətlər içərisində dövlətimiz, bayraqlar içərisində bayrağımız, ərazi vahidləri içərisində torpaqlarımız – Vətənimiz var. Ulu Öndər Heydər Əliyev milli mənəvi dəyərlərin qorunmasının və inkişafının banisi kimi müstəqillik dövrünün təməl daşlarına öz imzasını atdı. 


Qazax-Tovuz Regional Gənclər İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, “Ulu Öndər və Azərbaycan gəncliyi” mövsuzunda fikirlərini bölüşüb. Ə.Məsmalıyev Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan gəncliyinə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Gənclər və İdman Nazirliyinin yaradılmasını, 1996-cı ildə Azərbaycan gənclərinin birinci forumunun keçirilməsini və həmin forumda şəxsən iştirak etməsini gənclərə olan qayğı kimi qiymətləndirib. Ə.Məsmalıyev qeyd edib ki, Ulu Öndər gənclərin qarşısında bir vəzifənin dayandığını, o da Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq kimi bir vəzifənin dayandığını söyləyirdi. Necə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədə Ulu Öndərin qiymət, dəyər verdiyi, yetişdirdiyi gənclər ordusunun böyük pay sahibi oldular. Gənclər dahi şəxsiyyətin onların qarşısında qoyduğu vəzifəni torpaqlarımızı işğaldan azad edərək layiqincə yerinə yetirdilər. Ə.Məsmalıyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər və idman siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə idmanın inkişafı istiqamətində hər zaman mühüm işlər görüldüyünü, İdman Komplekslərinin, zallarının inşa olunduğunu, idmançıların, gənclərin yüksək səviyyədə idmanla məşğul olmaları üçün hər cür şərait yaradıldığını qeyd edib.


Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Flora Əmirova çıxışı zamanı “Azərbaycan dili və Ümummilli Lider Heydər Əliyev” mövzusunda fikirlərini bölüşüb. F.Əmirova Ulu Öndərin Azərbaycan dili haqqında səsləndirdiyi “Bizim çox zəngin ahəngdar dilimiz var. Bəlkə də biz bu dildə danışdığımıza görə bu dilin zənginliyini və gözəlliyini tam dərk edə bilmirik. Ancaq bilin ki, bu həqiqətdir. Dilimiz çox dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm” fikirləri diqqətə çatdıraraq dahi rəhbərin dilimizə böyük dəyər verdiyini bildirib. Ulu Öndərin fəxr etdiyi dilimizin milli mənəviyyatımız, qürur mənbəyimiz olduğunu qeyd edib. F.Əmirova bütün sahələrdə olduğu kimi, Azərbaycan dilinin inkişafının da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda Ulu Öndərin təşəbbüsü ilə dilimizin Azərbaycan dili adlandırıldığını söyləyib. Ulu Öndər tərəfindən Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində imzalanmış Sərəncam və Fərmanların dilimizi daha da ucaltdığını qeyd edib. Ulu Öndərin dil siyasətinin, bu sahədə olan misilsiz xidmətlərinin bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, dilimizin etibarlı əllərdə olduğunu bildirib.


Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimi Gültac Qədimalıyeva Azərbaycan səhiyyəsinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda çıxış edərək Ümummilli Liderin səhiyyə sahəsinin inkişafındakı xidmətlərinin əvəzolunmaz olduğunu qeyd edib. Azərbaycan Tibb Universitetinin bugünkü səviyyəyə çatdırılmasında Ulu Öndərin danılmaz xidmətləri olduğunu söyləyib. Dahi şəxsiyyətin 2 dəfə Azərbaycan Tibb Universitetinə səfər etdiyini, həmin görüşlərin yaddaşlara silinməz izlərlə yazıldığını bildirib. Ulu Öndər Heydər Əliyevin miras qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin səhiyyə sisteminin daha da təkmilləşdirilməsinə, əhaliyə daha yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsinə səbəb olduğunu vurğulayıb. 


Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin direktoru Hicran Eyyubova “Təhsil millətin gələcəyidir” mövzusunda çıxış edib. H.Eyyubova qeyd edib ki, “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycanın inkişaf etdirilməsi, dünyada tanıdılması üçün, eləcə də cəmiyyətimizin savadlı, bilikli gənclərə böyük ehtiyacı olduğunu yaxşı bilirdi. Bunun üçün ölkəmizdə savadlı kadrların, gənclərin yetişməsi, ölkəmizə layiqli vətəndaşların formalaşması üçün əlindən gələni əsirgəmir, bu sahədə uğurlu addımlar atırdı. Əsası Ulu Öndər tərəfindən qoyulmuş təhsil siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqncə davam etdirildiyini vurğulayıb. Təhsil sahəsində əldə edilən uğurlara görə Ulu Öndərə və Onun layiqli davamçılarına minnətdar olduğumuzu dilə gətirib.


Qazax Mərkəzi Kitabxana Sisteminin direktoru Fəridə Xuduyeva “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda çıxış edərək Ulu Öndər Heydər Əliyevin bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsində də xüsusi diqqət ayırdığını bildirib. F.Xuduyeva qeyd edib ki, Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev güclü şəxsiyyət, cəsarətli siyasi lider, xalqını dərin məhəbbətlə sevən müdrik rəhbər kimi şərəfli ömür yolu keçib. Bütün şüurlu həyatını doğma Azərbaycanına həsr edən Ulu Öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlının qürur duyduğu məbədgahdır. Heydər Əliyevin Vətən sevgisi hamı üçün bir nümunədir. Ulu Öndərin “Azərbaycan mənim ürəyimdir, mənim nəfəsimdir, mənim həyatımdır. Mənim bütün həyatım xalqıma, Vətənim Azərbaycana bağlı olub” deyərək Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini əzbər söyləməsi də bu sevginin böyüklüyünü göstərir. Ulu Öndər çıxışlarda qeyd edir ki, “Tariximizlə, mədəniyyətimizlə, ədəbiyyatımızla fəxr edirik və fəxr etməyə haqqımız vardır”. “Milli tariximizi, Azərbaycan tarixini öyrənmək və təbliğ etmək hər birimizin müqəddəs işi olmalıdır”. F.Xuduyeva Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin Heydər Əliyevin hakimiyyəti dövründə tanındıqlarını, Ulu Öndərin mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirdiyini, onların daim qayğısını çəkdiyini söyləyib. F.Xuduyeva Heydər Əliyevin mədəniyyətin əsas qolu olan kitabxana sahəsinə də yüksək qiymət verdiyini dilə gətirib. Ulu Öndərin gənc nəslin milli ruhda böyüməsində milli mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı təbliğ edən kitabların böyük rolu olduğu üçün “kitabxananı xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi” adlandırdığını qeyd edib. Ümummilli Liderin Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində imzaladığı bir sıra sənədlərin, o cümlədən 29 dekabr 1998-ci ildə verdiyi Fərmanla qüvvəyə minən “Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu”nun hüquqi baza sənədi olduğunu söyləyib. Ulu Öndərin bu sahədəki siyasətini Onun layiqli davamçısı Respublika Prezidenti İlham Əliyevin uğurla inkişaf etdirdiyini bildirib. Qeyd edib ki, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli Sərəncamı, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini, XXI əsr informasiya məkanında möhkəm yer tutmasını qarşıya qoyur. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir. Prezidentin diqqət və qayğısı nəticəsində kitabxanalarımızın fondu latın qrafikalı ədəbiyyatla zənginləşib, yeni, müasir stilli avadanlıqlarla təchiz edilib. Müasir oxucuların informasiya təlabatını ödəmək məqsədilə hər cür şərait olan elektron kitabxanalarda avtomatlaşdırılmış məlumat xidməti göstərilir. Müxtəlif səpkili disklərlə zənginləşir. Bütün bunların müqabilində isə bizim vəzifəmiz xalqımıza, oxuculara kitab təbliğini daha yüksək səviyyədə təşkil etməkdir.         



Facebook-da paylaş