“Uşaqların ailədə və cəmiyyətdə hüquqları” mövzusunda tədbir keçirilib
Noyabrın 16-da Qazax Rayon Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların ailədə və cəmiyyətdə hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin şagirdləri iştirak ediblər.
Məktəblilər arasında hüquqi maarifləndirmənin aparılması məqsədi daşıyan tədbirdə Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib. C.Hüseynova Uşaq Hüquqları Konvensiyasının hər bir uşaq üçün ayrıca çoxşaxəli faydalı fəaliyyət istiqamətlərindən, uşaqların inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları barədə danışıb. Bildirib ki, BMT tərəfindən qəbul edilmiş bu saziş dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Cəmiyyətin həssas təbəqəsi olan uşaqların müdafiəsi ölkəmizdə dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir. Azərbaycanda uşaqların hüquq və maraqlarının qorunması məqsədilə müntəzəm olaraq tədbirlər həyata keçirilir. Uşaqlar və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Sonra məktəblilər özləri hazırladıqları uşaq hüquqlarını özündə əks etdirən məlumatlandırıcı lövhələrdən ibarət əl işləri ilə öz hüquqları haqqında kompozisiyanı təqdim ediblər.
Facebook-da paylaş