Qazaxda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Əbədiyyət simvolu” adlı şeir müsabiqəsinin qalibləri bəlli olub
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Əbədiyyət simvolu” adlı şeir müsabiqəsi elan edilmişdir.
Mayın 19-da Qazax Rayon Heydər Əliyev Mərkəzində müsabiqənin yekun mərhələsi keçirilib.
Mərkəzin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi şərəfinə “Heydər Əliyev İli” elan olunması haqqında danışıb. C.Hüseynova bildirib ki, dahi şəxsiyyətin dövlətçiliyimizin dirçəldilməsi, yaşadılması, inkişaf etdirilməsi istiqamətində əvəzsiz xidmətlərinə, müasir tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümüdür.
Sonra mərkəzin direktoru müsabiqə iştirakçılarına uğurlar arzu edib, müsabiqənin keçirilmə məqsədi, qaydaları haqqında məlumat verib. Rayonun bütün məktəblərinin iştirakı ilə keçirilən müsabiqənin birinci mərhələsində öz istedadı ilə seçilən 50-yə yaxın şagirdin yekun mərhələdə iştirak etmək hüququ qazandığını söyləyib.
Müsabiqədə obyektivliyi təmin etmək üçün münsif qismində müstəqil ekspert kimi Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Təranə Səmədova, Qazax Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səba Nəbiyeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Elvira Əfəndiyeva, Kollecin müəllimi Qətibə Tomayeva müsabiqə iştirakçılarının çıxışlarını qiymətləndiriblər.
35 istedadlı şagird Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyib. Onların intonasiyası, səsi, danışığı, tələffüzü, nitqlərinin səlisliyi, jest və mimikaları qiymətləndirilərək 3 nəfər qalib olub. 5 nəfər isə fərqləndiyinə görə Fəxri Fərmanlarla təltif ediliblər.
Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Təhminə İsmayılova I yerə, Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin V sinif şagirdi Gözəl Məmmədli II yerə, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin V sinif şagirdi Banu Səmədli III yerə layiq görülüblər.
Qazax şəhər Mehdi Hüseyin adına humanitar və təbiət təmayüllü məktəb-liseyin V sinif şagirdi Minur Məmmədov, Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin V sinif şagirdi Gülay Əhmədova, VII sinif şagirdi Sənubər Qasımova, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin VI sinif şagirdi Nurgül Şahməmmədova, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin VI sinif şagirdi Ayşən Hacınəbiyeva fərqləndiklərinə görə Fəxri Fərmana layiq görülüblər.
Sonda Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Təranə Səmədova, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Qətibə Tomayeva çıxış edərək müsabiqə qaliblərini təbrik edib, iştirakçılara bəzi tövsiyələr veriblər.
Facebook-da paylaş