• Təqvim

  • Maraq



Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “İşıqlı və humanist peşənin siması - Zərifə Əliyeva” mövzusunda tədbir keçirilib


Aprelin 14-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “İşıqlı və humanist peşənin siması - Zərifə Əliyeva” mövzusunda tədbir keçirilib. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, rayonun bir sıra idarə və təşkilatlarının rəhbər və əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin direktorları, Qazax rayon mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları, “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər. 


İlk olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın görkəmli oftalmoloqu, peşəkar həkim Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademik Zərifə xanım Əliyevanın həyatına və ictimai fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq ölkəmizdə Respublika Prezidentinin 3 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd edilməsi haqqında məlumat verib. Səhiyyə sahəsində apardığı elmi tədqiqatları ilə dünyada tanınan görkəmli oftalmoloqun misilsiz xidmətlərindən bəhs edən geniş məruzə ilə çıxış edib. G.Həsənova bildirib ki, 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr edərək gələcək taleyini tibb elminə həsr etmiş, oftalmologiya elminin əsasını qoymuş, bu sahədə dünya səviyyəli tədqiqatları ilə xəstəliyin tam müalicəsi istiqamətində nailiyyətləri ilə dünya tibb elminə öz töhfəsini vermişdir. Eyni zamanda, səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmiş, onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli oftalmoloq Zərifə xanım Əliyeva ömrü boyu böyük ictimai işlə məşğul olmuş, bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır. Özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirən Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də vəfat etmiş, 1994-cü ildə  cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək görkəmli ictimai xadim Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində göstərdiyi xidmətlərdən danışıb. C.Hüseynova bildirib ki, elmi tədqiqatları ilə milyonlarla insana işıq, nur bəxş edən görkəmli alimin dünyada və ölkəmizdə bir çox mütəxəssislərin yetişdirilməsində böyük rolu olub, onun əsərləri bu gün də tibb işçilərinin stolüstü kitabıdır. Görmə orqanının peşə patologiyası problemləri, traxoma xəstəliyinin müalicəsi, qlaukoma xəstəliyinin müalicəsinə həsr olunmuş silsilə işləri elmi ictimaiyyətdə rəğbət qazanmış, apardığı elmi tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafatlara layiq görülmüşdür.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktor əvəzi Könül Kərimova Zərifə xanım Əliyevanın apardığı elmi tədqiqatların aktuallığından danışıb və bildirib ki, Azərbaycan oftalmologiyasının bugünkü inkişafında görkəmli alimin böyük xidmətləri olub. Zərifə xanım Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olmuş, onun müasir oftalmoloqların stolüstü kitabına çevrilən elmi araşdırmaları,  monoqrafiyaları, görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuş elmi işləri təkcə oftalmoloqların yox, həm də fizioloqlar üçün də dəyərli vəsaitlərdir. 


Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxışında bildirib ki, elmi, pedaqoji və ictimai fəaliyyəti ilə yanaşı Zərifə xanım Əliyeva həm də gözəl ana, qayğıkeş insan, vəfalı ömür-gün yoldaşı olmuş, Azərbaycanı qurub yaradan və daha da inkişaf etdirən Ümummilli Liderin və Azərbaycanı bütövləşdirən qalib liderin yetişməsində xidmətləri olmuşdur. 

Çıxışlarda ümumi bir fikir ifadə olunub ki, Zərifə xanım Əliyevanın ömrü işığın və nurun keşikçisi olmaq kimi müqəddəs bir missiyanın daşıyıcısı olub. O, insanlara işıq bəxş edib və bütün ömrü boyu bu işığın keşiyində durub. Bütün bu xidmətləri ilə hələ sağlığında əbədiyaşarlıq qazanaraq hər birimizin qəlbində özünə əbədi işıq yandırıb. Zərifə xanım bu gün bizdən ayrılsa da onun xatirəsi bizim üçün hər zaman əziz olacaq.



Facebook-da paylaş