2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Ən böyük Azərbaycanlı” başlıqlı tədbir keçirilib
Yanvarın 26-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Ən böyük Azərbaycanlı” başlıqlı tədbir keçirilib.
Tədbirdə Gənclər və İdman İdarəsinin rəhbər və əməkdaşları, Heydər Əliyev Mərkəzinin rəhbər və əməkdaşları, könüllülər, ictimai-fəal gənclər iştirak ediblər.
2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbir Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bütün gəncləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycanda gənclər siyasətinin uğurlarından danışaraq bildirib ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Onun zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti xüsusi yer tuturdu. Azərbaycan Respublikasında Gənclər İdman və Turizm Nazirliyinin yaradılması, Azərbaycan gənclərinin forumlarının keçirilməsi, Gənclər Gününün təsis edilməsi, gənclər haqqında qanunun qəbul edilməsi, 2007-ci ilin “Gənclər İli” elan edilməsi və bir çox mühüm işlər dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyətinin nəticəsi idi.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova Azərbaycanda gənclər siyasətinin əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu haqqında danışıb. Qeyd edib ki, Azərbaycanın müstəqilliyindən əvvəlki dövrlərdə gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmaq mümkün deyildi. Çünki ölkədə vəziyyət qarışıq idi, xaos, hərc-mərclik hökm sürürdü, gənclər hansı yolla gedəcəklərini bilmirdilər. Dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də bir çox uğurlu və mühüm layihələrin, islahatların həyata keçirilməsi, gənclərin qarşısında duran problemlər, onların həlli yolları dəyişməyə başladı. Bir sözlə, gənclər üçün böyük, işıqlı yollar açıldı. Bu yolu onlara Heydər Əliyev göstərdi.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə gəncliyin inkişafına dövlət qayğısı ən yüksək səviyyədədir və günü-gündən bu qayğı artmaqdadır. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən dövlət başçısı daim gənclərin himayədarı kimi sağlam düşüncəli gəncliyin yetirşdirilməsi üçün misilsiz işlər görür, gənclərin sosial maddi şəraitinin yaxşılaşdırılması, ictimai fəallığının artırılması üçün mühüm siyasi hüquqi baza yaradır.
Sonra söz gənclərə verilib. Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Allahverdi Süleymanov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Səma Aslanova, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüləri Aydan Musayeva və Bahar Mustafalı çıxış edərək müstəqil Azərbaycanın gəncləri olduqları üçün böyük fəxarət və qürur hissi keçirdiklərindən danışıblar. Gəncliyin cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirən gənclər ümumi bir fikir ifadə ediblər ki, yeni zirvələri fəth etmək üçün gənclərə dəstək lazım idi. Bu dəstək isə Ulu Öndər Heydər Əliyevin ciddi və priroritet bir məsələ kimi aparacağı siyasət oldu. Bu gün gənclərin etibarlı gələcəyinin təminatının əsası məhz Heydər Əliyevin adı ilə bağlıdır. Həmin siyasət bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son dövrlərdə Azərbaycan gəncliyinin təhsili, dünyaya inteqrasiyası, müasir biliklərə yiyələnməsi və milli dəyərlərə sahib vətəndaş kimi tərbiyə almasında böyük işlər görülür. Bu işlərin hər birində qalib lider, ölkə başçısı İlham Əliyevin imzası var.
Facebook-da paylaş