YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.
Qazax Gənclər Mərkəzində keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə, YAP Qazax rayon təşkilatı idarə heyətinin üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonda çalışan və təhsil alan fəal gənclər, KİV nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra ümummilli liderin adını daşıyan mərkəzdə həyat və fəaliyyəti ilə tanış olublar.
Daha sonra Qazax Gənclər Mərkəzində davam edən konfrans YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin fəaliyyəti ilə bağlı hazırlanmış videoçarxın nümayiş etdirilməsi ilə öz işinə başlayıb. Videoçarxda birlik üzvü olan gənclərin YAP fəalları olaraq ötən dövr ərzində gördüyü işlər, həyata keçirdiyi layihələr nümayiş olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransı giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamlayıb, gəncləri konfransın keçirilməsi münasibətilə təbrik edib. Konfrans iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra konfransın aparılması üçün sədr və katib seçilib.
YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal İsmayılov gündəlikdə duran məsələlər barədə məlumat verib. Qeyd olunan məsələlər səsə qoyularaq qəbul olunub.
Sonra V.İsmayılov geniş məruzə ilə çıxış edərək rayon rəhbərliyini və qonaqları salamlayaraq iştiraklarına görə rayon gəncləri adından minnətdarlığını bildirib.
Qeyd edib ki, bu gün qürurla deyə bilərik ki, əsl ümumxalq partiyası olan, Yeni Azərbaycan Partiyasının gəncləri ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı naminə müəyyən etdiyi proqramın həyata keçirilməsində hər zaman Onun ən yaxın köməkçiləri olmuşlar və hazırda möhtərəm Prezident İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər. YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Vurğulayıb ki, partiyamızın 730 mindən artıq üzvü var ki, onların da 40 faizini gənclər təşkil edir. YAP Qazax rayon təşkilatının üzvlərinin sayı isə artıq 9697 nəfərə çatmışdır ki, onların da 2603 nəfərini gənclərimiz təşkil edir. V.İsmayılov çıxışı zamanı qeyd edib ki, vətəndaşlarımızın, xüsusən də gənclərimizin partiyamızın sıralarına belə yüksək həvəslə qoşulması heç də təsadüfi deyil. Partiyamızın hakimiyyətdə olduğu 26 il ərzində həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, öllkəmizə fayda gətirən daxili və xarici siyasəti birlikdə vəhdət təşkil edib. Bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda Azərbaycan sabit şəraitdə sürətli inkişafını davam etdirib. Müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin siyasi kursunu rəhbər tutan ölkə başçısı yorulmadan dövlətçiliyin möhkəmləndirilməsi, xalqın firavan həyat şəraitinin inkişaf etdirilməsi naminə daim milli və dövləti maraqlardan çıxış edib. Bildirib ki, əməlində ulu öndər Heydər Əliyev tərəfindən dəqiqliklə hazırlanan müstəqil dövlətin inkişaf kursu dayanan, bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın sürətlə inkişaf edən ən uğurlu müstəqil dövlətinə çevrilib. Təkcə son bir ilə nəzər salsaq istənilən müstəqil dövlətin həsəd apara biləcəyi zirvələr fəth edildiyinin, sözün həqiqi mənasında nəhəng irəliləyişin əldə edildiyinin şahidi olarıq.
Hesabat ili ərzində YAP Qazax rayon təşkilatı Gənclər Birliyi də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Təşkilat fəaliyyətini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun qurmuşdur. Daim ulu öndər Heydər Əliyev ideyalarına bağlılığı, cənab Prezident, partiyamızın sədri İlham Əliyevin praqmatik siyasi xəttinə dəstəyi ilə seçilən partiyamızın Gənclər Birliyi ötən dövrdə də ənənəsinə sadiq qalmışdır. Fəaliyyətini Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ictimai-siyasi fəaliyyəti ilə bağlayan rayon gəncliyi bu istiqamətdə qətiyyətli yollar keçərək, bugünkü günümüzdə öz mövqeyi ilə seçilir. Qeyd edib ki, fevral ayının 1-də Prezident İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüş keçirdi. Ölkə başçısı həmin görüşdə Azərbaycan gəncliyinə böyük önəm verdiyini bir daha qeyd etmişdir. Həmin görüşdə prezidentimiz demişdir: "Gənclər əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq”.
Görülən işlər barədə məlumat verən V.İsmayılov qeyd edib ki, birlik YAP Qazax rayon təşkilatı ilə birgə il ərzində Yeni Azərbaycan Partiyasının yaranması, rayon təşkilatının yaranması, ulu öndərin anadan olması, Qurtuluş Günü və digər bayram günləri ilə əlaqədar mini futbol, güləş, şahmat və bilik yarışları keçirmiş, qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Bundan əlavə, 23 dekabr 2014-cü il - Bələdiyyə seçkilərində, 1 noyabr 2015-ci il – Parlament seçkilərində, 26 sentyabr 2016-cı il - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi seçki kampaniyası ərəfəsində Yeni Azərbaycan Partiyasının gənc üzvləri partiya rəhbərliyinin verdiyi bütün tapşırıqları yerinə yetirərək, həm müşahidəçi, həm namizədin təbliğatçısı, həm də seçki qərargahının üzvü kimi seçkilərdə fəal iştirak etmişlər. Bildirib ki, ötən ilin ən əlamətdar hadisələrindən biri də 11 aprel 2018-ci ildə, yəni tam bir il öncə keçirilən prezident seçkisi olmuşdur. Qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat təşviqatı ilə bağlı Qazax rayon mərkəzi stadionunda 22 mart 2018-ci ildə keçirilən tədbirdə 30 mindən artıq rayon sakini iştirak edərək Qazax əhalisinin prezidentimizin yanında olduğunu bir daha sübut etdilər. Daha sonra partiyamızın sədri cənab İlham Əliyevin seçicilərin 86,03 %-nin səsini toplayaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi rayonumuzda toy-bayram kimi qeyd olundu. Heydər Əliyev prospektindən başlayan zəfər yürüşü ulu öndərin adını daşıyan parkda konsert proqramı və atəşfəşanlıqla davam etdi. Bu tədbirlərdə də rayon gəncləri dövlət başçısını hər zaman dəstəklədiklərini nümayiş etdirdilər.
Çıxışının sonunda V.İsmayılov bildirib ki, respublikamızda olduğu kimi, Qazaxda da gənclərə olan diqqət və qayğı çox yüksək səviyyədədir. Həm Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, həm də YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov tərəfindən gənclərə böyük dəstək göstərildiyini bildirib. Gənclərə göstərilən bu diqqət və qayğıya görə başda Prezident İlham Əliyev olmaqla rayon rəhbərliyinə bütün gənclər adından öz təşəkkürünü bildirib.
Gənclərdən Qazax Sement Zavodunda mühəndis vəzifəsində çalışan Zaur Əliyev çıxış edərək bildirib ki, bugünkü müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri də, heç şübhəsiz Azərbaycan gəncliyidir. Azərbaycan gəncliyi hər zaman dövlətimizin, millətimizin qürur mənbəyi olmuşdur. O, qeyd edib ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri vardır. Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək deyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”. Dövlətimizin başçısı gənclərlə bağlı siyasətində çoxsaylı yeniliklərin olduğunu açıqlamaqla yanaşı, gəncliyin qarşısında üç mühüm vəzifənin durduğunu qeyd etmişdir: Peşəkarlığı və intellektual səviyyəni artırmaq, torpağa, yurda bağlılığı və ən nəhayət yüksək insani keyfiyyətlərin formalaşdırılmasıdır. Gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Ən vacib məsələ isə digər sahələr kimi gənclər siyasətində də dövlətin peşəkar, sistemli yanaşması müşahidə olunur. Çox sevindirici haldır ki, bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar: Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Bu baxımdan, YAP sıralarında birləşən gənclər də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. O, çıxışı zamanı vurğulayıb ki, Azərbaycan gəncliyi kifayət qədər vətənpərvərdir. Biz bunun ən yaxşı nümunəsini Aprel döyüşlərində gördük. Azərbaycan gəncləri bir yumruq kimi Ali Baş Komandanın əmri ilə birləşməyə və düşməni məhv etməyə hazır olduqlarını ən yüksək səviyyədə göstərdi. Biz müharibə şəraitində yaşayırıq. Buna görə daim döyüş ruhumuz, Vətənə bağlılığımız, tariximizə dəyər verməyimiz ən yüksək səviyyədə olmalıdır.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin II kurs tələbəsi Turanə Qasımova çıxışında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsini bir gənc olaraq yüksək qiymətləndirdiyini bildirib. Bütün sahələrdə gənclərin önə çəkilməsini minnətdarlıq hissi ilə qarşılayan gənc tələbə bu gün Azərbaycan gənclərinin ölkə başçısı İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəklədiklərini, yürütdüyü daxili və xarici siyasətə inandıqlarını, eyni zamanda, ölkəmizin işıqlı gələcəyinin məhz onun çiyinlərində gördüklərini vurğulayıb. "YAP bu gün ətrafında cəmiyyətin bütün təbəqələrini, o cümlədən də biz gəncləri birləşdirir”, - deyən tələbə bu partiyanın üzvü olduğu üçün qürur hissi keçirdiyini də qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında böyük məsləhətçi Kənan Hüseynli çıxışında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti nəticəsində son 15 il ərzində ölkəmizdə həyata keçirilən islahatların davamlı xarakter daşıdığını bildirib. Qeyd edib ki, 2019-cu ilin əvvəlindən başlayaraq respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Aparılan tədbirlər nəticəsində təkcə ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb. Bu isə minimum əməkhaqqının, minimum pensiyanın, sosial müavinətlərin, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlərin, o cümlədən tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasına şərait yaratmışdır. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmır və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən və onların önə çəkilməsindən ibarətdir.
Diqqətə çatdırıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən gənclər arasında məşğulluğun və savadlılığın artırılması kimi mühüm əhəmiyyətli problemlərə həsr olunmuş beynəlxalq simpozium və konfranslar da ölkə gəncliyinin daha gözəl sabahı üçün nəzərdə tutulan tədbirlərdir. Bundan əlavə, gənclərə gələcəkdə iş həyatlarına daha təcrübəli başlamaqları üçünAzərbaycan brendi olan "ASAN xidmət”də, yerli və beynəlxalq tədbirlərdə könüllü fəaliyyət göstərmələri üçün şərait yaradılıb. Qeyd edib ki, heç şübhəsiz ayrılan bu diqqət, xüsusən də Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti gənclərin partiyaya axınının sürətlənməsində xüsusi əhəmiyyət kəsb edir. "Biz YAP gəncləri də Prezident İlham Əliyevin siyasi xəttini dəstəkləyirik və dəstəkləyəcəyik”, - deyən gənc bütün həmyaşıdlarını bu amal uğrunda birləşməyə çağırıb.
Bakı Dövlət Universiteti Qazax filialının II kurs tələbəsi Fəridə İsgəndərova da konfransda çıxış edib, gənc olaraq fikirlərini çatdırıb. Qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasının gənc üzvi kimi ölkəmizdə elm, təhsil və gənclik sahəsində aparılan tədbirlər və yaradılan şəffaflıq məni çox sevindirir. Hər birimizə məlumdur ki, biz gənclər hər zaman ulu öndər Heydər Əliyev və ölkə prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olmuşuq. Bunun bariz nümunəsi kimi ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmuş, ümummilli lider tərəfindən 1997-ci ildə 2 fevral tarixinin Gənclər Günü kimi qeyd olunması üçün sərəncam qəbul olunmuşdur. Bu gün də ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı, ölkə prezidenti İlham Əliyev tərəfindən biz gənclərin dünyagörüşlü, elmli, savadlı kadr kimi inkişafı daim diqqət mərkəzində olmuş və bu sahədə uğurlu adımlar atılmışdır. 2005-ci ildə ölkə prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiq edilməsi, 2007-ci ildə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam verilməsi, həmçinin, biz gənclərin qabiliyyətini, bacarığını üzə çıxarmaq və qiymətləndirmək naminə 19 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında sərəncam verilməsi bir daha biz gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək bildirib ki, bu gün ötən dövrdə görülən işlərə nəzər salsaq görərik ki, YAP təsis olunduğu ilk gündən gənclərə böyük üstünlük verib. Gündən-günə öz sıralarını gənclərlə genişləndirən partiya bütün tədbirlərdə, təbliğat işlərində gəncləri hər zaman önə çəkir. H.Pənahov bildirib ki, bu gün ölkəmizdə gənclərin öncül yerlərdə dayanması, bütün sahələrdə gənclərə önəm verilməsi bir daha sübut edir ki, ölkə başçısı Azərbaycanın parlaq gələcəyinin məhz gənclərin əllərində olduğunu bildirir və bu yolda onlara hər zaman dəstək olur. Ölkə başçısı tərəfindən hər cür qayğı ilə əhatə olunan gənclərin rayon rəhbərliyi tərəfindən də daim diqqətdə saxlandıqlarını vurğulayıb. Gənclərə verilən böyük dəyərə görə ölkə başçısına və rayon rəhbərliyinə YAP Qazax rayon təşkilatının çoxsaylı gəncləri adından minnətdarlığını çatdırıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qeyd edib ki, qısa müddət də olsa tarixi keçmişə dönüb baxsaq görərik ki, YAP yarandığı gündən bizlərə çox şey bəxş etdi. YAP Azərbaycana, xalqa sağlam gənclik, təlim-tərbiyə, yüksələn inkişaf, bir sözlə, çox şey verdi. Bu gün kimliyindən, yaşından asılı olmayaraq hər bir ölkə vətəndaşı dünənin, bu günün və gələcəyin partiyası olan YAP-la fəx edir, qürur hissi duyur.
İcra başçısı qeyd edib ki, bu gün Azərbaycanın inkişafı YAP-ın xətti ilə reallaşır. Ölkədə qazanılan hər bir uğur və nailiyyətin arxasında xalqın öz iqtidar partiyasına olan inamı dayanır. "Bu gün siz gənclər birmənalı şəkildə bilməlisiniz ki, dövlətin siyasəti gənclərin gələcəyinə, sağlam fərd kimi yetişməyinizə, əsl vətəndaş və şəxsiyyət kimi formalaşmağınıza hesablanıb”, - deyən rayon rəhbəri bunun üçün ölkə başçısı tərəfindən hər cür diqqət və qayğı göstərildiyini bildirib. Gənclərə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyevin, şöbənin baş məsləhətçisi Həmid Nəsibovun, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direkoru Fərid Cəfərovun iştirakı ilə respublikamızda ilk dəfə olaraq Qazax rayonunda gənclərlə keçirilən görüş bu qayğının bariz nümunəsidir. 2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin (GİKM) fəaliyyətindən söz açan rayon rəhbəri bu mərkəzin gənclərə geniş imkanlar açacağını bildirib. Qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən söyləmişəm ki, mən siz gənclərə böyük etimad göstərirəm. Çünki bilirəm ki, Azərbaycan gəncləri yüksək potensiala malikdir. Ən əsası da bu ölkədə güclü Azərbaycan dövləti naminə ölkə başçısını dəstəkləyən gənclər ordusu yetişir.
Sonda konfrans münasibətilə gəncləri bir daha təbrik edən rayon rəhbəri onlara gələcək işlərində uğurlar arzulayıb.
Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək qeyd edib ki, bugünkü konfransın məhz 11 aprel tarixində keçirilməsi heç də təsadüfi deyil. Necə ki, 1 il öncə 11 aprel tarixində keçirilən Prezident seçkilərində gənclər olaraq öz dəstəyinizi nümayiş etdirdiniz, eləcə də bu gün bir daha göstərirsiniz. Siz gənclər bir il öncə təkcə ölkə başçısının seçilməsi üçün deyil, eyni zamanda, Azərbaycanın parlaq gələcəyinə, ölkədəki sülhə, əmin-amanlığa səs verdiniz. P.Kərimzadə qeyd edib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə ölkədə böyük bir dönüş yarandı. Azərbaycan öz müstəqilliyinə qovuşdu. 2003-cü ildə ölkə başçısı İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqı bir daha əmin oldu ki, ölkənin müstəqilliyi əbədidir, dönməzdir. Xüsusilə də bu gün hər bir vətəndaş ölkə başçısının söylədiyi "Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” cümləsinin real əksini görülən işlərdə, həyata keçirilən layihələrdə hər gün hiss edir və görür. Bu gün Azərbaycan sözdə deyil, əməldə uğurlu siyasət yerinə yetirir. Son aylar ölkə başçısının imzaladığı çoxsaylı sərəncam və fərmanlar, hər zaman ölkə vətəndaşının yanında olması bunu söyləməyə əsas verir. Bildirib ki, bu gün sevindirici haldır ki, ölkə rəhbərinin uğurla yürütdüyü siyasət Qazaxda da olduğu kimi icra olunur. Bunu son illər rayonda olan abu-havadan, aparılan quruculuq işlərindən, qazanılan uğur və nailiyyətlərdən də görmək olur.
P.Kərimzadə qeyd edib ki, bu gün konfransda səslənən fikirlərdən bir daha aydın oldu ki, ölkə başçısının dövlət siyasəti siz gənclər tərəfindən gələcəkdə də yüksək səviyyədə dəstəklənəcək. Çünki ölkə rəhbəri Azərbaycanın inkişafı deyərkən siz gənclərin gələcəyini düşünür.
Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək bildirib ki, Qazaxa gələn zaman hər dəfə bir yeniliyin, yüksək inkişafın şahidi oluruq. Ən əsası da diqqətçəkən məqamlardan biri də odur ki, ölkə başçısının gənclərlə bağlı siyasəti, onlara olan diqqət və qayğısı bütün bölgələrimizdə, eləcə də Qazaxda yüksək səviyyədə icra olunur. Bu gün biz gənclər üçün geniş imkanlar yaradılıb. Necə ki, ölkə rəhbəri biz gənclərə böyük ümidlər bəsləyir, eləcə də bizlər çalışmalıyıq ki, bizdən sonra gələn gəncliyə nümunə olaq, öz töhfəmizi verək. "YAP gəncləri hər zaman fəaldırlar”, - deyən N.Həmzəyev gəncləri bundan sonra da ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyə, hər zaman həmrəylik nümayiş etdirməyə səsləyib, bu yolda hər bir gəncə uğur arzulayıb.
Sonra Gənclər Birliyinin fəaliyyəti və şura üzvlərinin tərkibi səsə qoyularaq qəbul olunub. Birliyin sədrinin seçilməsi üçün komissiya yaradılıb və üzvlər seçilib.
Daha sonra birliyin sədri vəzifəsinə gənclərdən Pirverdiyev Müşfiq Müqabil oğlunun və Hüseynli Kənan Elxan oğlunun namizədlikləri irəli sürülüb. 140 nəfərin iştirak etdiyi gizli səsvermədə Kənan Hüseynli 74 səs sayı ilə Gənclər Birliyinin sədri seçilib. Gənc birlik sədri ona göstərilən etimada görə minnətdarlığını bildirib və bundan sonra dövlətlə gənclər arasında bir körpü rolunu oynayacağını, ən əsası da ona olan etimadı layiqincə doğruldacağını qeyd edib.
Sonda sədrin müavinləri və idarə heyətinin tərkibi səsvermə yolu ilə seçilib. Gənclərdən Müşfiq Pirverdiyev və Fəridə İsgəndərova birlik sədrinin müavinləri seçiliblər. Həmçinin, Bakı şəhərində keçiriləcək Respublika konfransında iştirak edəcək 3 nəfər nümayəndə də seçilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransa yekun vuraraq gəncləri bir daha təbrik edib, yeni seçilən sədr və müavinlərə, idarə heyətinin üzvlərinə gələcək işlərində uğurlar arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş